| Xəbər 6835 dəfə oxunub
"Əli və Nino" beynəlxalq festivalda

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyilə çəkilmiş “Əli və Nino” filmi XXII Sofiya Beynəlxalq Film Festivalında nümayiş olunub. 
Cia.az-ın “Report”a istinadən xəbərinə görə, tədbirdə Bolqarıstanda akkreditə olunan diplomatik korpusların nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Filmin nümayişi Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sofiyanın Milli Mədəniyyət Sarayında baş tutub. 
Səfir Nərgiz Qurbanova mərasimdə çıxışı zamanı bildirib ki, 2018-ci il Azərbaycan üçün tarixi və əlamətdar bir ildir: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik və kinematoqrafiyamızın 120 illik yubileyləri qeyd olunur". 
Daha sonra xanım diplomat müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətinə nəzər salıb və Azərbaycan Kinematoqrafiyasının keçdiyi inkişaf yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. 

N.Qurbanova vurğulayıb ki, “Əli və Nino” filminin süjet xətti azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi, hər iki gəncin aralarındakı dini və etnik fərqə baxmayaraq, dövrün çətinliklərinə sinə gərərək ailə qurması və onların müstəqil Azərbaycanın müdafiəsi uğrunda mübarizəsindən bəhs edir. 

Film maraqla qarşılanıb.