| Xəbər 3927 dəfə oxunub
Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşəcək.

Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edəcək. İspaniyadakı qolsuz bərabərlikdən sonra cavab görüşünün nəticəsi böyük önəm kəsb edir. “Qırmızı şeytanlar” qarşılaşmaya ciddi itkilərlə çıxa bilər. Çünki Deyli Blind, Fil Cons, Pol Poqba, Ander Errera, Antoni Marsial və Markos Roxo kimi futbolçular zədədən əziyyət çəkirlər. Baş məşqçi Joze Mourinyonun adıçəkilən oyunçuların xidmətindən məhrum qalması istisna edilmir. “Sevilya”da heyətlə bağlı ciddi problem olmasa da, əndəlüs klubunun son vaxtlar əldə etdiyi nəticələr o qədər də ürəkaçan deyil. Əvəzində “mankunianlar” yaxşı forma yığıblar və qələbə seriyasını doğma azarkeşləri önündə davam etdirmək niyyətindədilər.

“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağa çalışacaq. Ancaq Ukrayna təmsilçisinin 2018-ci ildə keçirdiyi 5 rəsmi qarşılaşmanın hamısında qələbə qazandığını da vurğulamaq lazımdır. İstənilən halda A seriyasının son turlarında “Napoli” və “Torino”nu məğlub edən “canavarlar” cütlüyün favoritidir. 1:0 hesablı qələbə də italyanlara bəs edir. Ancaq "Şaxtyor"un kifayət qədər avrokubok təcrübəsi olduğunu da unutmaq olmaz.

Çempionlar Liqası

 

1/8 final (cavab oyunları)

 

13 mart

 

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)

 

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

 

Roma, “Olimpiya” stadionu

 

İlk oyun - 1:2

 

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)

 

Baş hakim: Danni Makkelye (Hollandiya)

 

Mançester, “Old Trafford” stadionu

 

İlk oyun – 0:0