|
Bayıl yamacında sürüşmə təhlükəsi qalır

Bəzi sakinlər isə evlərinə qayıtmaq istəyirlər, səbəb...

Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı köçürülən 98 ailəyə Nazirlər Kabineti müvafiq sərəncamı ilə 11 ay ərzində kirayə pulunun ödənilməsi məqsədilə Səbayel Rayon İcra Hakimiyyətinə vəsait ayırıb. Ötən saylarımızda da xəbər vermişdik ki, sakinlərdən bəziləri onlara verilən kirayə pulunun miqdarından narazıdırlar. Verilən məbləğlə razılaşmayanlar əsasən ailə üzvlərinin sayı çox olanlardır ki, onları da narazı edən səbəb Bayıl ərazisində 300 manata ikiotaqlı ev tapa bilməmələridir.

Səbayel Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov modern.az saytına bildirib ki, sürüşmə nəticəsində evlərinə ziyan dəyən 98 ailənin hamısına kirayə pulu ödənilir: “11 ay ərzində aylıq kirayə pulları sakinlərin hesablarına köçürüləcək. Daha öncə açıqladığımız kimi, ailə tərkibindən asılı olaraq kirayə haqları dəyişir. Nazirlər Kabinetinin normativlərinə əsasən, ailə tərkibi 1-5 nəfər olanlara 200 manat, 6-7 nəfər olanlara 250 manat, 7 nəfərdən çox olanlara isə 300 manat kirayə haqqı müəyyən edilib.Vətəndaşlar aybaay kirayə pullarını kart vasitəsilə ala biləcəklər”.

İ.Kərimov bəzilərinin Bayıldakı evinə qayıtmaq iddialarını da cavablandırıb: “Sürüşmə ərazisində post qoyulub, heç kim əraziyə buraxılmır. Vətəndaşların evdə nələri qalıbsa, onu qoruyurlar. Ərazi yaşayış üçün çox təhlükəlidir. Ona görə kiminsə orada yaşamasına icazə verilə bilməz”.

Sakin Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, hələ də ərazidə verilən məbləğlə razılaşmayıb, evini tərk etməyənlər var: “Bir qisim sakinlər məbləğlə razılaşmayıb, pulu almayıblar. Eyni zamanda, ərazidə evlər də var ki, orada iki-üç ailə yaşayıb. Verilən pul az olduğu üçün ailənin biri haradasa ev tutub məskunlaşıb, digərləri isə axşamları Bayıldakı evinə gəlib, odun sobasını qalayıb orada gecələyir. Şəxsən mənim atamgil əmimin evində məskunlaşıb. Çünki kirayə pulu az olduğu üçün bu ərazidə o qiymətə ev tapa bilmədik. Kommunal xətlərə gəlincə isə bəzi evlərə yalnız su verilir. Böyük əksəriyyətində isə heç su da gəlmir. Hazırda müvafiq qurumların açıqlamalarına görə, ərazidə sürüşmə yerində heç bir aktivlik yoxdur. Ona görə də camaatın əsas tələbi odur ki, heç olmasa elektrik və ya təbii qaz verilişini bərpa etsinlər ki, insanlar öz evlərində məskunlaşa bilsinlər. Faktiki olaraq orada elə bir təhlükə yoxdur. Polis postları qurulan yerdən aşağıda tikilən evlərin hamısı daş sütunların üzərindədir. Evləri ölçən şəxslər də həmin mənzillərə baxıb deyirdilər ki, bura sürüşən deyil. Yəni aşağı məhəllənin sürüşmə sahəsinə elə bir aidiyyəti yoxdur. Sadəcə deyirlər ki, yuxarı sürüşsə, aşağıdakı evlər də torpaq altında qala bilər. Nəticədə camaatı evindən köçürüb. Düzdür, aşağı məhəllədə çox adam evini tərk etməyib. Ancaq kommunal xətlər kəsildiyi üçün onların da vəziyyəti acınacaqlıdır. Axşamları qohum evində keçirirlər, gündüz isə bütün günü məhəllədədirlər”.

Artıq yaz fəsli gəlir və getdikcə yağmur, öz yerini günəşli günlərə verəcək. Bəs belə olan halda Bayılda sürüşmə təhlükəsi aradan qalxacaqmı?

“Yeni Müsavat”a danışan 1971-1986-cı illərdə Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin I müavini vəzifəsində işləmiş Əzim Məsimov bildirib ki, əgər ərazidə sürüşməyə səbəb olan suyun mənbəyi tapılıbsa, problem həll olunmuş sayılır: “Suyun mənbəyi tapılmayıbsa və axın davam edirsə, o zaman təhlükə hələ də qalmaqdadır. Su təsərrüfatı ilə məşğul olan qurumlar ərazidə iş aparmalı, suyun mənbəyini tapmalı idilər. Bunun mənbəyi Badamdardan gələn kanalizasiya suyu, yaxınlıqda olan su rezervuarları ola bilər. Bütün bunların hamısını bir-bir yoxlamaq lazımdır ki, su axını haradan gəlir. Havaların isinməsinin məsələyə heç bir aidiyyəti yoxdur. Sürüşmə olanda, havaya baxmır. Heç ona qalsa bu il Azərbaycanda elə də güclü yağış yağmayıb. Sürüşmə ərəfəsində də yağış yağmamışdı. Ancaq torpaq günbəgün aralanırdı. Deməli, məsələ suyun mənbəyindədir. Mütəxəssislər hərəkətə keçib, ərazidəki yerləri bir-biri nəzərdən keçirməlidirlər. Sürüşmə olarsa aşağıdakı məhəllə də torpaq altında qala bilər. Yəni o ərazi də əlbəttə ki, təhlükədədir. Orada sürüşməyə səbəb olan su, bir ilin və ya bir ayın işi deyil. Qayalara su illərdir ki, yığılıb və bu cür hadisə baş verib. Su haradansa özünə yol tapıb, çıxmalı idi. İndi suyun oçıxdığı yer həmin ərazidir. Buna müxtəlif tikintilər də səbəb ola bilər. ”Alov qüllələri"nin tikilməsindən sonra hesab edirəm ki, ərazidə suyun axını öz istiqamətini dəyişdi. Bütün bunlar sürüşməyə səbəb olan faktorlardır. Mütəxəssislər dərindən düşünməli, ciddi araşdırma aparmalıdırlar. Bundan öncəki prosesləri də izləmək lazımdır və hadisə nədən qaynaqlanırsa ilk növbədə onu tapmaq lazımdır. Bu tapılmayıbsa, indinin özündə də həmin ərazidə sürüşmə təhlükəsi var olaraq qalır".