| Xəbər 5981 dəfə oxunub
Azərbaycan Ordusu Ermənistanı həyəcanlandırdı

Martın 10-da Azərbaycanın işğal altındakı ərazilərindəki Ermənistan ordusunun komandir heyətinin toplantısı keçirilib.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Erməni mənbələri toplantını “Dağlıq Qarabağın müdafiə naziri general-leytenant Levon Mnatsakanyanın işgüzar müşavirəsi” kimi təqdim edib. Bununla da belə rəy yaradılmasına çalışılıb ki, guya toplantının Ermənistan ordusuna aidiyyatı yoxdur.

Ancaq hər kəsə bəllidir ki, çox kiçik istisnalarla Azərbaycan ərazilərində yerləşdirilmiş işğalçı ordunun həm komandir, həm də əsgər heyəti Ermənistan vətəndaşlarından ibarətdir, elə vaxtaşırı məhv edilən hərbçilərin dəfn olunmaq üçün Ermənistana aparılması da bunu təsdiqləyir. Məlumatda o da qeyd olunub ki, fövqəladə toplantıda “nazir”in müavinləri, qərargahların bölmə və xidməti rəsiləri, hərbi hissələrin və birləşmələrin komandirləri iştirak edib. Toplantıda tapşırıqların icra vəziyyəti müzakirə olunub, həmçinin qarşıya qoyulmuş vəzifələrdən danışılıb, erməni mediası yazıb.

Ancaq heç şübhəsiz ki, Qarabağdakı ordu komandirlərinin təcili toplanması Azərbaycan Silahlı Qüvvələrinin martın 12-dən 17-dək genişmiqyaslı hərbi təlimlərə başlayacağı barədə bir gün öncə yayılmış məlumatla əlaqdardır. Görünür, ordumuzun 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyasının cəlb olunacağı irimiqyaslı təlimlər xəbəri düşməni həyəcanlandırdığı üçün hərəkətə keçib.