|
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3 mini keçib, şəhərin mərkəzinə 7 km qalıb

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Afrində keçirdiyi "Zeytun budağı" adlı antiterror əməliyyatı nəticəsində 3 055 terrorçu zərərsizləşdirilib.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, 48 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 30 55 terrorçusu məhv edilib, havadan və qurudan endirilən zərbələr nəticəsində terrorçuların yüzlərlə sığınacağı, anbarı və hədəfi dağıdılıb.

Məlumatda Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin Afrinin mərkəzinə daxil olmasına 7 kilometr qaldığı da vurğulanıb.

Əməliyyat nəticəsində 121 kənd, o cümlədən 30 əsas strateji nöqtə terrorçulardan təmizlənib, ümumilikdə, 160 məntəqə Türkiyə hərbçiləri və Azad Suriya Ordusu döyüşçülərinin nəzarəti altına keçib.