|
Hökumət Avropa Məhkəməsinin cərimə qərarlarının icrasını dayandırıb

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan gedən şikayətlərlə bağlı çıxardığı qərarların icrasında problemlər yaranıb. Ötən ilin avqust ayından etibarən AİHM-in bəzi şikayətlər üzrə tətbiq etdiyi kompensasiyaların verilməsində fasilə yaranıb. Xəbəri contact.az saytı yayıb.

Bildirilir ki, bəzi şəxslərə hissə-hissə kompensasiyaların bir hissəsi ödənilib. Lakin son 6 ayda həmin şəxslərə qalıq məbləğdən heç nə verilməyib. Bu da bir sıra müzakirələr yaradıb. Ötən ilin sonlarında dövlət büdcəsinin təsdiqi ilə bağlı kompensasiyaların verilməsinin müvəqqəti dayandırıldığı deyilsə də, artıq büdcənin təsdiqindən iki ay ötməsinə baxmayaraq, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bütün bunların Azərbaycanla Avropa Şurası arasında qərarları icra etməmə səbəbi ilə ciddi problemlər yarada biləcəyi qeyd olunur. Gedən müzakirələrin fonunda Azərbaycan hökumətinin gələn ay keçiriləcək prezident seçkisinə qədər kompensasiyaları ödəyəcəyi də bildirilir.

Avropa Məhkəməsində çoxsaylı işlər qazanan vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a açıqlamasında fevral ayında bəzi mülkü işlər üzrə kompensasiyaların ödənildiyini bildirdi: “Fevral ayında ödənilən məbləğlər o qədər də yüksək deyildi. 4 min avro idi. 2016-cı ildən etibarən çıxarılmış qərarlar üzrə ödənişlər hələ də başa çatdırılmayıb. 2016-17-ci illər üzrə çıxarılmış qərarlar üzrə bütün ödənişlər dayandırılıb. Həmin məbləğlərin bir hissəsi qismən ödənilib. Hökumətin nə üçün belə addım atdığını deyə bilmərəm. Kompensasiyaların məbləği o qədər də böyük deyil. Təxminən bir milyon manata yaxın məbləğdir. Bunu ödəmək hökumət üçün heç bir çətinlik yaratmır. Ödəmələrin aparılmaması düşünürəm ki, dövlətin imicinə zərər vurur. Siyasi məhbuslar və digər bu kimi məsələlərlə bağlı beynəlxalq qurumların qərarları icra olunmur, heç olmasa, kompensasiya qərarı icra olunmalı idi. Ümidlər var idi ki, bu il ödənişlər başlayacaq. Nə vaxt bunun olacağını heç kim bilmir. Deyirdilər ki, fevralın əvvəlləri və ya ortalarında olacaq, amma göründüyü kimi, ödənilmədi. Dəqiq tarixi isə heç kim bilmir.

Buna nəyin səbəb olduğu barədə də nəsə deyə bilmərəm. Seçkilərə qədər bu ödənişlərin olub-olmayacağını da deyə bilmərəm. Hesab edirəm ki, ilk növbədə, dövlət öz imicini qorumalıdır. Hamı bilir ki, bizim dövlət kasıb deyil. Bildiyimiz kimi, Albaniya kasıb bir ölkədir və Azərbaycanla yanaşı tutula bilməz. Bu ölkədə də Avropa Məhkəməsinə müraciət edən ərizəçilər var və onların kompensasiyaları ödənilir. Məhkəmə qərarlarını icra etmək dövlətin səviyyəsini, məsuliyyətini göstərir. Ümid edirəm ki, yaxın zamanlarda dövlət qurumlarımız bu ödənişləri etməyə başlayacaqlar. Çünki Avropa Məhkəməsində yeni qərarların qəbulu gözlənilir. Onlar da bu məbləğlərin üstünə gələcək, toplanacaq. Kompensasiyaların ödənilməməsi faizin hesablanması ilə nəticələnir. Dövlətin faizə oturması nə əhali, nə də ərizəçilər qarşısında yaxşı hal deyil. Ümidliyəm ki, bu amillər nəzərə alınacaq və məbləğlər veriləcək. Özü də əvvəlkilər kimi qismən deyil, tamamilə bağlanacaq”.

Vəkil kompensasiyaların verilməməsinin uzun müddət davam edəcəyi halda nələrin baş verə biləcəyi ehtimallarından da söz açdı: “Ərizəçilərin nümayəndələri məcburdur ki, kompensasiyaların verilməməsi ilə bağlı buna nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinə şikayət etsinlər. Nazirlər Komitəsi hələ ki ciddi bir reaksiya göstərmir, amma bunlar çox toplandığı halda yəqin ki, hər hansı bir reaksiya veriləcək. Bu reaksiyanın verilməsinin özü də yaxşı hal deyil. İlqar Məmmədovun işində olduğu kimi ciddi situasiya yarana bilər. Bu məsələni hökumət o dərəcəyə çatdırmamalıdır. Nümayəndələr Avropaya yenidən şikayət etməyə borcludurlar. Ərizəçilərin hüquqlarını müdafiə etmişik və bunun nəticəsində kompensasiyalar təyin olunub, bunlar ödənilmirsə, biz icraçılığı da davam etdirməliyik. Ona görə biz məcburuq ki, Nazirlər Komitəsinə mütəmadi olaraq məlumatlar göndərək, bu məlumatlar da kompensasiyaların icra olunub və ya olunmaması ilə bağlı olur. Belə məlumatlar mütəmadi olaraq gedir və Nazirlər Komitəsinin saytında yerləşdirilir. Neqativ məlumatların toplanması əvvəl-axır sərt reaksiyalara səbəb olacaq. Təəssüf ki, Azərbaycanda kompensasiyaların ödənilməsinə nəzarət edən, məsuliyyət daşıyan aidiyyəti qurum yoxdur. Sadəcə, Avropa Məhkəməsində Azərbaycan nümayəndəliyi var. Biz mütəmadi olaraq, onlarla əlaqə saxlayırıq, dəqiqləşdirmələr aparırıq. Xüsusi bir qurumun olmaması bəzi addımların atılmasının qarşısını alır. İndi eşitdiyimə görə, belə bir praktika başlayıb ki, icra olunmayan qərarlarla bağlı nümayəndələr icra şöbələrini məhkəməyə verirlər. Məhkəmələr qəbul edilən qərarların icra edilməməsini qanunsuz sayırlar, lakin kompensasiya tətbiq etmirlər. Kompensasiyaların təyin olunmamasından ərizəçilər yuxarı instansiyalara artıq şikayətlər verirlər. Bütün instansiyaları keçəndən sonra Avropa Məhkəməsinə müraciətlər olunacaq. O zaman məlum olacaq, Avropa Məhkəməsi o müraciətlərə hansı münasibəti sərgiləyəcək. Çünki indiyə qədər bu sahədə heç bir təcrübə yoxdur. Son iki ilə qədər hökumət o kompensasiyaları tam vaxtında ödəyirdi. Faizə də ehtiyac qalmırdı. İndi yeni situasiya yaranıb, bu istiqamətdə düşünülüb, yeni addımlar atılır”.