|
Respublika Narkoloji Dispanseri yanır

Bakıda güclü yanğın baş verib.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur. 

Bildirilir ki, yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə hələlik binaya daxil olmaq imkansızdır. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.

***

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.