|
Beynəlxalq Bankın filial müdiri məhkəmə zalından həbs edildi

"Azəbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxslərinin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən bank əməkdaşlarının məhkəməsi davam etdirilib.

Onlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Şamaxı" filialının müdir müavini olmuş Əlisultan Məmmədovdur. Bankın daha 3 əməkdaşı - Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadov da təqsirləndirilən şəxslərdir.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə Əlisultan Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Bankın digər əməkdaşları Ramin Səməndərov və Kifayət Səmədovaya isə şərti cəza verilib.


Bildirək ki, dövlət ittihamçısı Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Məhkəmə iclası fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilirdilər. Onların barəsində həbs-qətimkan tədbiri seçilməmişdi.