| Xəbər 7986 dəfə oxunub
Parıltılı dəriyə sahib olmaq üçün nə etməli?

Xatırlayırsınızsa, bir zamanlar yağlı dəri qüsur hesab olunurdu. Tərləyəndə üzdə yaranan parıltını silmək üçün dərhal salfet axtarır, yaxud bu kiçik problemi mat kirşan vasitəsilə aradan qaldırırdıq.

Bu gün hər şey əksinədir. Makiyaj ustaları üzdə təbii parıltı əldə etmək üçün dəridən-qabıqdan çıxaraq müxtəlif məhsullar təklif edir.

Moda həftələrində də dizaynerlər podiuma çıxan qızların dərisinin nəmli görünməsi üçün hər vəchlə çalışıblar. Lakin onun düzgün həyata keçirilməsinin bir neçə qaydası var.

Dərini parıltılı göstərməyin yolları:

1. Əsas faktor düzgün qidalanma və yuxu rejimi, o cümlədən, dəriyə mükəmməl qulluqdur. Dəri tipinə uyğun keyfiyyətli məhsullar seçməyi unutmayın. Onların sayəsində dəri daim sağlam və parlaq görünəcək.

2. Dəri tipini nəzərə alıb, ona uyğun maska çəkin. Məsələn, yağlı dəriyə sahib olanlara gil maskası məsləhət görülür. Gil maskası dərini ölü hüceyrələrdən təmizləyib ona təravət bəxş edəcək. Quru dəriyə sahib olanlara isə nəmləndirici banan maskaları tövsiyə olunur.

3. Çoxlu su için. Su çatışmazlığı özünü dəridə dərhal göstərir. Dəri quruyur və qırışmağa başlayır.

4. Hər səhər nəmləndirici kremlə dərini masaj edin. Qan dövranını artırmaq üçün dairəvi hərəkətlərlə kremi dəriyə yaxşıca hopdurun. Bu zaman dəriniz sizə minnətdar olacaq!

5. Mümkün qədər makiyajdan az istifadə etməyə çalışın. Üstəlik, təbii makiyaj bu il çox dəbdədir. Bu tendensiya sizə dərinin əsl gözəlliyini nümayiş etdirmək və onu ağır makiyajla boğmamaq üçün əla fürsətdir. Odur ki, dərini kosmetik məhsulların hücumuna məruz qoymayın.

6. Şəffaf tekstura seçin və dərinin tələbatını nəzərə alın. Əgər dərinin dəyişkən tonu sizi narahat edirsə, makiyaj üçün yüngül və sulu tonal kremlər seçin. Bu cür məhsullar dəriyə zərər vermədən qüsurları ehmalca örtür.

7. Dəriyə təbii parıltı vermək üçün həddi aşmaq lazım deyil. Burada balansı qorumaq çox əhəmiyyətlidir. Əgər günortadan sonra sizin dəriniz yağlı görünürsə, o halda gözün kənarlarına, burun sümüyünə az miqdarda olmaq şərti ilə toz halında satılan şəffaf kirşan çəkin. Kirşan dərinin yağlılığını azaldaraq parıltını səliqəyə salacaq. Beləcə, üzünüz gün ərzində nur saçacaq.

8. Əgər təbiət sizi sağlam və gözəl dəri ilə mükafatlandırıbsa, o zaman heç nə çəkməyin. Onsuz da, ideal dəri gözəlliyinizi vurğulayır. Lakin ona qulluq barədə unutmayın. Gündəlik makiyaj üçün dodaqlara neytral tonlarda balzam və tuş çəkmək kifayətdir. Bu, ən müasir, sürətli və ən ucuz gözəllik trendidir.

Publika.az