|
Məşhur həkimdən ŞOK AÇIQLAMA:

Bildiyimiz şirin dadı verən təbii karbonhidratlar adi şəkərdən tutmuş düyüyə qədər bir çox qida maddəsində vardır. Biz bunlara bir yerdə şəkərlər deyirik. Ən sadə şəkər molekulu qlükozdur.

Təbii halda praktik olaraq rast gəlinmir. Tək zəncir karbonhidratdır. İki qlükoz molekulu birləşərək, saxaroz molekulunu əmələ gətirir. Yəni şəkər, qənd deyə bildiyimiz molekulu. Təbii halda ən çox şəkər qamışında, çuğundurda, yerkökündə mövcuddur.

Saxarozun şirinliyi standart olaraq qəbul edilir. Ona 100 xal veririk.

Tək qlükoz molekulunun şirinliyi 70 xal ətrafındadır. Yəni iki qlükoz molekulundan əmələ gələn saxaroz tək qlükoz molekulundan daha şirindir (100 xal). Amma saxaroza daha çox qlükoz molekulu qoşduqca şirinlik azalır. Məsələn, çörəkdə, düyüdə və s. mürəkkəb karbonhidratlarda qlükoz molekulu saxarozdan daha çoxdur və dolayısıyla şirinliyi də saxarozdan daha azdır.

Təbiətdə iki şəkər növü daha vardır. Biri süddə rast gəlinən laktozdur və şirinliyi 34 ətrafındadır. Amma bir də fruktoz molekulu vardır. Tək başına bir fruktoz molekulu təbiətdə rast gəlinmir. Bir fruktoz molekuluna bir dənə qlükoz birləşərək, bildiyimiz bütün meyvələrdə var olan meyvə şəkəri əmələ gəlir.

Fruktoz dünyada ən şirin molekuldur. Ona 140 xal veririk.

Qlükoz və laktoz bədəndə istənilən hüceyrə tərəfindən eyni mexanizmlə işlədilir. Biz buna Krebs dairəsi deyirik. Axırda karbon qazı, su və enerji alınır. Fruktoz isə unikal quruluşundan dolayı ancaq qaraciyər hüceyrələrində işlədilir. Daha doğrusu, birtəhər yola verilir. Çünki qaraciyərdə fruktozu parçalayan mexanizmlə bildiyiniz spirti, yəni etanolu parçalayan mexanizm praktik olaraq eyni şeydir.

Faktiki olaraq bədən üçün meyvə şəkəri və spirt eyni şeydir. Alkohol məst etsə də, fruktoz kefləndirmir. Fruktoz kefləndirməyən spirtdir.

Meyvələrin əksəriyyəti həzm edilməyən liflərlə birlikdə gəlir. Bu liflər eynilə süngər kimi fruktozu özünə hopdurur və tərkibindəki fruktozu yavaş-yavaş həzmə buraxır. Məsələn, almanın, üzümün qabığı çox gözəl lifdir. Həzm edilmir. Amma özünə fruktozu hopduraraq bədənə yavaş-yavaş verdiyi üçün liflər əvəzedilməz faydaya malikdirlər.

Siz meyvənin sıxaraq şirəsini çıxarırsınız. Ərinmədən zibilə tulladığınız o püre şəklindəki qalıq isə haqqında danışdığımız liflərdir.

Meyvənin şirəsini çəkərək onu faydalı, sizin orqanizminizi qoruyan liflərdən təmizləyib tərkibindəki fruktoz miqdarını artırırsınız.

Təkbaşına iki alma, bir banan, 1/4 balqabaqla doyacağınız halda, onların şirəsini çəkərək iki alma yerinə 5-ini, bir banan yerinə ikisini, 1/4 balqabaq yerinə artıq yarısını tükətmiş olursunuz.

Çox miqdarda meyvə yemək zərərlidir. Meyvə şirələrinin hamısı, evdə sıxılanı belə, zərərlidir. Az miqdarda, başqa yeməklərdən ayrı, xüsusilə şirinliyi az olan meyvələri yemək faydalıdır.

Meyvənin tərkibindəki bəzi maddələr hədsiz faydalıdır. Məsələn, portağalın tərkibindəki C vitamini sizi soyuqdəymədən qoruyur. Narın tərkibindəki polifenollar xərçəngdən qoruyur. Amma portağalın da, narın da suyunu sıxıb içməklə faydadan çox zərər alırsınız.

Doğrusu, nar suyu yenə də faydalı ola bilər. Yetər ki, ancaq 150 qram içəsiniz. Gündə bir dəfə, həftədə 5 gün.

Xroniki meyvə şirəsi içməklə gündəlik spirt içmək eyni təsirə malikdir.

Bizdən deməsi, yaxşısını özünüz bilərsiniz.

Vasif İsmayıl, uroloq, tibb üzrə fəlsəfə doktoru

Ailem.az