|
Bakıda iki məşhur şirkət arasında qalmaqal-

Bakıda iki məşhur şirkət arasında qalmaq yaşanıb. Şirkət direktorları bir-birini dələduzluqda ittiham edərək hüquq-mühafizə orqanlarına müraciət ediblər. Şirkətlər arasında məhkəmə çəkişmələri də var.

“AED” MMC-nin direktoru Dövran Abbasov dələduzluğa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

Əldə etdiyimiz məlumata görə direktor "Tutto Bello" MMC-nin direktoru Anar Məmmədovdan şikayətçidir.

Dövran Abbasov müraciətində göstərib ki, Anar Məmmədov onun 153 min manatını ələ keçirib.

"Tutto Bello" MMC-nin direktoru Anar Məmmədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, qeyd edilən ittihamlar əsassızdır.

Onun sözlərinə görə rəhbərlik etdiyi MMC özü zərərçəkmişdir və buna görə də hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hadisənin təfərrüatları barədə ətraflı danışmaq istəməyən Anar Məmmədov hazırda istintaq tədbirlərinin davam etdiyini deyib.

“AED” MMC-dən mövzu ilə bağlı açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, “AED” MMC Azərbaycanda fəaliyyət göstərən məşhur şirkətlərdən biridir.

Şirkət Bakıda “Heydər Əliyev Mərkəzi”nin, “28 Mall” ticarət mərkəzinin, “Baku Business Center”, “JW Marriott Absheron Baku” kimi böyük layihələrin dizayn, logistika və planlaşdırma işlərinin həyata keçirilməsində iştirak edib.

"Tutto Bello" MMC isə ölkədə müxtəlif dizayn, tikinti və təmir işlərinin, parkların yaradılması kimi böyük layihələri həyata keçirir.

Şirkət bu günə qədər “Rixos Quba”, “Dədə Qorqud Parkı”, “Qış Parkı”, Bulvardakı “Mini Venice”, “Jumeirah Bilgah Beach Hotel” və daha bir çox layihələrin icrasında iştirak edib.