| Xəbər 2663 dəfə oxunub
"Dördüncü yer məni qane etməyəcək" - De Byazi

"Albaniya yığmasındakı şərtlərlə heç kim Avropa çempionatına yollanacağımızı xəyal edə bilməzdi. Azərbaycan millisi ilə beynəlxalq yarışlara yeni zehniyyət və fərqli bir yanaşma qurmağa çalışıram".

Qol.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

O, daha sonra bildirib: "Burada yaxşı iş qurmaq üçün əla strukturlar var. Bazanı genişləndirməyə, gənclərin texniki və taktiki böyüməsinə yönəlmiş iş proqramı təklif edən təlim mərkəzləri təşkil etməyə çalışmalıyıq”.

De Byazi millimizin DÇ-2022-nin seçmə mərhələsindəki şanslarını da dəyərləndirib: “Qrupumuza beşinci səbətdən qoşulmuşuq. Amma dördüncü yer məni qane etməyəcək. Gücsüz olduğumuzla bağlı proqnozları alt-üst etməyə çalışmalıyıq. Bütün imkanlarımızla oynamaq əzminə və zəkasına sahib komanda olduğumuzu göstərmək istəyinə inanıram”.

İtaliyalı mütəxssis Azərbaycanda A seriyasına olan maraqdan da danışıb: "Futbolumuz Azərbaycanda çox populyardır. Çoxu komandalarımıza azarkeşlik edir. Tanıdığım insanlar arasında “Yuventus”, “Milan”, “İnter” və “Roma” azarkeşləri var”.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.