| Xəbər 2841 dəfə oxunub
Azay Quliyev hərbçilərin maaşından danışdı, Ziyafət Əsgərov “müzakirələr gedir” dedi

Milli Məclisin plenar iclasında çıxış edən deputat Azay Quliyev əvvəlki dönəmlərdə döyüş bölgəsində qulluq edən hərbi qulluqçulara ikiqat pul verildiyini, ancaq yaranmış yeni situasiya ilə əlaqədar ödənişlərin fərqli şəkildə həyata keçirilməsindən bəhs etdi. Deputat bildirdi ki, geniş müzakirə obyektinə çevrilən bu məsələyə baxılmalıdır. “Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra vəziyyət radikal olaraq dəyişib. Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi açıqlamalar verib. Tam dəqiqləşmələrdən sonra yəqin ki, bu ödənişlər olacaq. Mən də hesab edirəm ki, ödənişlər olmalıdır. Hərbçilərimiz çətin relyefdə və sərt iqlim şəraitində xidmətlərini davam etdirirlər. Yaxşı olar ki, Milli Məclis məsələyə münasibət bildirsin”.

Sədr Sahibə Qafarova “hazırda Qarabağ döyüş bölgəsi deyil”, -deyə, bildirdi.

Komitə sədri Ziyafət Əsgərov isə problemlə bağlı danışarkən dedi ki, hazırda komitə ilə müvafiq dövlət qurumları arasında müzakirələr gedir, razılaşmalar aparılır: “Bu layihə hazır olduqdan sonra Milli Məclisin müzakirəsinə çıxarılacaq”.