|
“Uşaqlığım Şuşada keçib, amma ora aidiyyəti olmayan müğənniləri apardılar”

Prezidentə müraciət etdiyim üçün mənə irad tutdular ki, prezident fəxri ad işinə baxmır. Sən niyə prezidentə müraciət etmisən? Mən nə demişəm ki? İstəyirəm ki, imkan olsa prezidentimiz məni 10 dəqiqəlik qəbul eləsin. Mən də Heydər Əliyevlə bağlı xatirələrimi bölüşüm. Ölkəmizin prezidentinə müraciət edəndə nə olur ki? Bizim prezidentimizdir. İradlara görə mən də yaxın günlərdə Mədəniyyət nazirinin özünə müraciət edəcəm, məktub da yazacam”.

Bu sözləri bir müddət öncə fəxri ad almaq üçün prezident İlham Əliyevə sosial şəbəkə vasitəsilə müraciət edən müğənni Tacir Şahmalıoğlu deyib.

Musavat.com-un əməkdaşının suallarına cavab verən müğənni Şuşaya aparılan sənət adamları sırasında olmamasından gileylənib:

“Mən ağdamlıyam. Amma Şuşaya dəvət olunmadım. Şuşaya dəxli olmayan, Şuşanı tanımayan adamları apardılar. Halbuki mənim uşaqlığım, gəncliyim Şuşada keçib. Mən Qarabağı qarış-qarış gəzmişəm. Biz günorta yeməyi yemək üçün Şuşaya gedirdik. Ora elə insanları apardılar ki, Şuşa onların umrunda deyil. Ora gedənlər Şuşanın, dilbər guşələrinin nə olduğunu bilmirlər. Şuşaya həsrət qalanlar kənarda qaldı, ayrı adamları apardılar. Bu qədər ədalətsizlik olmaz”.

- Şuşaya daxil olan zaman hansı mahnını ifa edəcəyiniz barədə düşünmüsünüz?

- Cıdır düzündə bir daş var. Atam həmişə məni orda otuzdurub mahnı oxudardı. Bizim bədii rəhbərimiz Murad Rzayev də həmişə bizi Şuşaya aparırdı. Cıdır düzündə bir tunel var, dediyim qaya da ordadır. Arzum odur ki, yenidən onun üstə çıxıb mahnı oxuyum.

- 44 günlük müharibə dövründə qələbə xəbərlərini eşitdikcə hansı hissləri keçirirdiniz?

- Füzuli, Şuşa, Ağdam, bütün Qarabağ mənim üçün doğmadır. Qələbə xəbərləri gələn zaman sevincimin həddi-hüdudu olmurdu. Torpaqlarımız qaytarıldıqca uşaq kimi ağladım. 30 il dilimizdə Qarabağ adı yara bağlamışdı. Hisslərimi dillə ifadə edə bilmirəm. Allaha qurban olum, Ali Baş Komandanımızın canı sağ olsun, torpaqlarımızı qaytardı. 30 illik həsrət bitdi. Mən də Ağdama, Şuşaya gedəcəyim günləri gözləyirəm. Biz kimlərinsə köməyi ilə gedə bilməsək də, tezliklə avtomobilimizə minib, istədiyimiz vaxt doğma torpaqlarımza gedəcəyik.

- Artıq 1 il olacaq ki, ölkəmizdə toyların keçirilməsinə qadağa qoyulub. Pandemiya dövründə maddi sıxıntılar yaşadınızmı?

- Əlbəttə, yaşadım. Müğənninin gəlir yeri toydur. Amma mən əvvəldən kənara pul atmışam. Onu xərclədik. Biz millət olaraq yaxşı yaşamışıq həmişə. Pis günün ömrü az olar. Şükür xəstəliyə yoluxanların da sayı azalır. İnşallah tezliklə həyat normala dönər, toylar başlayar. Mən buna inanıram.