|
"Sərt katantin rejimində yumşalmalara getmək olar, amma..."- TƏBİB rəsmisi

"Artıq hər kəsə məlumdur ki, həm ölkəmizdə, həm də dünyada pandemiya ilə mübarizədə, yoluxma saylarının azaldılmasında ən effektiv üsul sərt karantin rejimidir. Xatırlayırsınızsa, sərtləşmədən öncə gündəlik yoluxma sayımız 4500-ü keçirdi, aktiv xəstə sayı isə 60 mindən artıq idi. Hazırda isə aktiv xəstə sayı 6 dəfə azalaraq 10 minə qədər enib. Düşünürəm ki, növbəti addımda müəyyən mərhələləli yumşalmalar nəzərə alına bilər".

Bunu Musavat.com-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib.

TƏBİB nümayəndəsi yoluxma ilə bağlı son durumu dəyərləndirib:"Sevindirici haldır ki, ölkədəki epidemioloji vəziyyətdə müsbət tendensiya müşahidə olunur, lakin dünya ölkələrinin statistik göstəricilərinə baxsaq əgər, yüksək sayda yoluxma aktivliyi, bizi də tam arxayın olmağa imkan vermir.

Ölkəmizdə 'kollektiv immunitet"in yaranıb-yaranmamasına məsələsinə gəlincə, bunu əlimizdə bir rəqəm, dəlil olmadan demək çətindir, nəzərə alsaq ki, "kollektiv immunitet" üçün əhalinin ən azı 60%-dən çox hissəsi virusa yoluxmalıdır. Ölkəmizdə yoluxma sayının bu rəqəmə çatması çox da inandırıcı gəlmir. Elə məhz bu səbəbdən, karantin rejimi yumşaldılarsa, bu yoluxma sayında öz təsirini göstərəcəkdir".