| Xəbər 2066 dəfə oxunub
Hökumətdən Vətən müharibəsində xəsarət almış hərbçilərin tibbi-sosial ekspertizası ilə bağlı QƏRAR

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə” qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılıb.

Qərara əsasən, Azərbaycan Respublikasının səhiyyə naziri Komissiyanın sədri təyin edilib.

Komissiyanın üzvləri: Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.

Komissiyaya 2020-ci il 27 sentyabr tarixindən başlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görmək, bu qərardan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə nazirlikləri və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.