2021-ci ilin Prezident İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır.

Öz yaradıcılığı ilə bütün dünyada şöhrət qazanan, poetik aləmin dühası hesab edilən Nizami Gəncəviyə dövlət səviyyəsində verilən dəyər, onun çoxşaxəli irsinə təkrarən işıq salınması üçün də yeni fürsətdir. Nizaminin əsərlərindəki milli köklərə bağlılıq ideyası, dövlətçilik ənənələri, ədalət prinsipi, nəsihətləri, poemalarının hər birinin sujetindəki mənəvi dəyərlər indiki zaman üçün də öz aktuallığını qoruyub saxlayır.

Orta əsrlər Şərqinin yetişdirdiyi ən böyük şairlərdən olan Nizami Gəncəvinin yaradıcılığına aid hər bir nümunə özlüyündə böyük bir tarixi dövrün çatışmazlığını ortaya çıxaran təhlildən ibarətdir. Sirr deyil ki, onun poemaları ədəbi tarixə yeni nəfəs gətirib. Bu səbəbdən ulu öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə "Xəmsə"nin yenidən bərpasına başlanılıb. Hesab edirəm ki, bu ilin "Nizami ili" elan edilməsi yeni tarixi qələbəmizin fonunda təkcə bədii deyil, həm də siyasi cəhətdən önəm daşıyır. Onun ədəbi irsini öyrənənlər istər Nizaminin coğrafi məkan olaraq Azərbaycanda doğulub, Gəncədə yaşayıb-yaratması baxımından, istərsə də şairin ədəbi dildə fars dilinə müraciət etməsinə baxmayaraq Azərbaycan türkü və şairi kimi araşdırılmasına, yenidən təbliğinə də fürsət verəcək. Bu nüans, Nizamini özününkiləşdirmək istəyən və hər vəchlə Azərbaycanla əlaqəsini inkar edənlərə qarşı da ən yaxşı ədəbi silahdır.

Qeyd etdiyim kimi, klassikin əsərlərində təbliğ edilən ideyalar bu gün də öz aktuallığını qoruyur və bu gün yaşanan hadisələrə sanki bir güzgü salır. Misal üçün, İsgəndərnamə poeması onun ideal,ədalətli və bərabər cəmiyyət konsepsiyasında insan haqları ideyasının təcəssümüdür. O, sonuncu poemasında yaradıcılığı boyu əsas götürdüyü ədalətli, humanist, peşəkar hökmdar obrazını nəhayət, İsgəndərin timsalında zirvəyə çıxara bildi. Şair hesab edirdi ki, yalnız yüksək insani keyfiyyətlərə malik olan şəxs dövlət idarə edə bilər. Bu baxımdan əsərin aktuallığının müasir dövr və şəxslər üzərində təzahürünü görmüş oluruq.

Məsləhətə möhtacdır ədalət hər bir zaman,

Xalqa zülmün amansız cəzasından dad, aman.

Can yandırsan orduna, məmləkətə, yurduna,

Arxalana bilərsən öz xalqına, orduna.

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

Ədalət səadətlə abad eylər ölkəni.

Nizaminin əxlaq və əxlaq tərbiyəsi ilə bağlı dəyərli fikir və ideyaları, hikmətli sözləri bütün dövrlərdə isanların mənəvi tərbiyəsində önəmli rol oynayıb. Hətta I.V.Höte dahi şairin əsərlərindəki bu cəhəti yüksək qiymətləndirərək yazırdı ki, Nizaminin əxlaqi məsələlərə həsr edilmiş əsərlərində bədii bir səmimilik var. Onun yaradıcılığında əxlaqi görüşlərlə paralel olaraq estetik tərbiyə ideyası da irəli sürülüb. Nizamiyə görə insanın zahiri, hərkətləri, sözü və əxlaqı da gözəl olmalıdır.

Eyni zamanda, onun üçün söz həm də sufi ənənələrinə uyğun olaraq peyğəmbərin sözüdür, çünki sufi üçün poeziya - peyğəmbərin dini ibadəti deməkdir. Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağıolub desək yanılmarıq. Şair bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin sufizmdən yaradıcı şəkildə bəhrələnib.

Şərq intibahı zirvəsi sayılan Nizami Gəncəvini müasir dövr dili ilə həm də tolerant adlandıra bilərik. Çünki onun üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi tamamilə rədd edən şairin əərlərində bunu açıq şəkildə görmək olur. Onun qəhrəmanları içərisində türk, fars, hindli, ərəb, çinli, zənci, yunan və s. xalqların nümayəndələrinə də rast gəlirik. Humanizm prinsipini əsas götürən şair müxtəlif dinlərə mənsub bu obrazların heç birinin milliyəti yaxud dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Həmişə dünyada yaxşılıq axtar,

 

Yaxşı ad almaqla əbədiyyət var.

Yaxşı ad almışla yaxşı ol müdam,

Yoxsa axır özün olarsan bədnam.

Nizami Gəncəvi həm də vətənpərvər şəxs idi. O, təsvir etdiyi bütün hadisələri vətəni Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Onun vətən məhəbbəti yaradıcılığında doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir. Nizami yaradıcılığındakı şər qüvvələr, nankor qonşular,zülmkar, xəyanətkar obrazlara nəzər saldıqda düşünürsən ki, sanki dahi şəxsiyyət bütün bu obrazları bugünkü Azərbaycanı düşünərək yazıb. Yaradıcılığındaki hər bir numunə - istər poemalar, istərsə qəzəlləri və divanı əsrlər keçsə də öz mahiyyəti itirməyərək aktual qalıb.

Dünyanın işini yaxşı düşün sən,

Nə əksən onu da sən biçəcəksən.

Yaxşı iş də görsən, pis iş də, inan,

Unutmaz onları bu qoca dövran.

Bildiyiniz kimi, Prezident İlham Əliyev hər zaman ədəbiyyat və mədəniyyət nümayəndlərinə xüsusi qayğı ilə yanaşmış, onların həyat və yaradıcılıqlarının öyrənilib gələcək nəsillərə ötürülməsi üçün müvafiq bütün tapşırıqlarını vermişdir. Dövlət başçısının ədəbiyyatımıza və mədəniyyətimizə böyük məhəbbəti, hörmət və sevgisi bütövlükdə, Azərbaycan xalqına və milli dövlətçiliyimizə sonsuz sevgisindən qaynaqlanır. Cənab Prezidentin bu istiqamətdə verdiyi sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər bunun bariz nümunəsidir. M.F.Axundovun, Xurşidbanu Natəvanın, Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, M.Ə.Sabirin, Hüseyn Cavidin, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Almas Yıldırımın, Mikayıl Müşfiqin və başqa görkəmli şəxsiyyətlərin möhtəşəm yubiley tədbirləri bu istiqamətdə atılan addımlardır.

Onun diqqətinin nəticəsidir ki, hələ 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Nəsimi ili" elan edilmişdi. Şübhəsiz ki, 2021-ci ilin "Nizami ili" elan edilməsi isə yaradıcılığı bütün dövr ədəbiyyat tarixinə işıq salan Nizami Gəncəvi dühasının irsinin öyrənilməi və təbliği üçün yeni imkanlar açaq.

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri