| Xəbər 1237 dəfə oxunub
Məşhurlar Şuşanın mədəniyyət paytaxtı elan olunmasından danışdılar

Məlum olduğu kimi, Prezident İlham Əliyev Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edib. Prezident həmçinin tezliklə müqəddəs Şuşada “Vaqif poeziya günləri”, “Xarı bülbül” festivalının  keçiriləcəyinin anonsunu da verib.

Məsələ ilə bağlı xalq artisti, ustad xanəndə Mənsum İbrahimov “Yeni Müsavat”a danışıb. Mənsum İbrahimov bunları deyib: “Prezidentimizin bu qərarı hər birimizin ürəyindən xəbər verən bir qərar oldu. Məlum olduğu kimi, Şuşa hər zaman Azərbaycanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərib. Beləliklə, Şuşanın mədəniyyət paytaxtı elan olunması həm də dünyaya bir mesajdır ki, Şuşa tarixən Azərbaycanın dədə-baba torpağı olub. Bununla da həm də Şuşanın əvvəlki şöhrəti özünə qayıdacaq.

 

Mənsum İbrahimov: “Ən böyük arzum budur ki, ”Leyli və Məcnun" əsərini Şuşada səhnədə ifa edim"

Bildiyiniz kimi, artıq ”Vaqif poeziya günləri" və “Xarı bülbül” festivallarının keçirilməsinin anonsu verilib. Düşünürəm ki, bunun ardı olaraq orada beynəlxalq muğam festivalları, böyük yubiley tədbirləri keçiriləcək. Məlum olduğu kimi, “Leyli və Məcnun” əsəri ilk dəfə Üzeyrin vaxtında Şuşada səhnələşdirilmişdi.  Ən böyük arzum budur ki, “Leyli və Məcnun” əsərini Şuşada səhnədə ifa edim. Buna qədər arzum idi ki, Ağdam məscidinə gedib azan verim, orada hansısa səhnədə konsertdə iştirak edim və bu arzuma  çatdım. İnşallah, tezliklə digər arzum da yerinə yetər və sənət dostlarımla birgə “Leyli və Məcnun”u Şuşada ifa edərik.

Xatırlayıram ki, 2018-ci ildə Quzanlıda Muğam Mərkəzinin açılışında Prezidentimiz qeyd etmişdi ki, tezliklə bu cür muğam ocağı Ağdamın mərkəzində açılacaq. Gün həmin gündür. Bu il Qarabağda quruculuq, qayıdış ildir. İnşallah ki, Şuşa əvvəlki şöhrətinə geri dönəcək, turistik, mədəniyyət mərkəzinə çevriləcək, dünyanın dörd bir yanından insanlar gələcək, biz də  mədəniyyət xadimləri ilə birlikdə böyük tədbirlər keçirəcəyik".

Mübariz Tağıyev: "Şuşa hər zaman Azərbaycan mədəniyyətinin mərkəzi olub"

Xalq artisti Mübariz Tağıyev: "Şuşanın mədəniyyət paytaxtı elan olunması çox gözəl qərardır. Şuşa hər zaman Azərbaycan mədəniyyətinin mərkəzi olub. Vətən müharibəsi başlayanda ən böyük arzumuzdan biri də Şuşanın tezliklə azad olunması, orada yenidən mədəniyyətin canlanması ilə bağlı idi. Şükürlər olsun ki, Prezidentimiz bu qərarı verdi. Bu qərarda həm də dərin məqsədlər var. Təsəvvür edin, 30 il ərzində çəkdiyimiz əzab-əziyyətlər 44 gün ərzində fantasktik şəkildə sona çatdı və Şuşanın işğaldan azad olunması bu qələbənin ən yüksək nöqtəsi oldu.  Bu gözəl diyarı, cənnət məkanı bir-iki sözlə ifadə etmək mümkün deyil. Mən Şuşada olmuşam.  Orada keçirdiyimiz konsertlər bu gün gözümün önünə gəlir. Konsertdə minlərlə adam iştirak edirdi. O konsertdə olanlar həmin günü heç vaxt yaddan çıxarda bilməzlər. Yenidən Şuşada konsertlər, tədbirlər keçirəcəyik. Azərbaycan mədəniyyəti hər zaman zirvələrdə olub, bundan sonra da olacaq. Gözəl gənc nəsil gəlir, eyni zamanda bizlər də öz töhfələrimizi verəcəyik".

Xalq artisti Niyaməddin Musayev də Şuşanın mədəniyyət paytaxtı elan olunmasını böyük sevinclə qarşıladığını bildirdi: "Vətən müharibəsində qazandığımız qələbə xalqın qürurunu özünə qaytardı, torpaqlarımız işğaldan azad olundu.

Bəli, Şuşa Azərbaycan mədəniyyətinin özəyi, paytaxtı, simvoludur. Ona görə də orada tədbirlərin keçirilməsi çox gözəl addımdır. Hər kəsin borcudur ki, ora gedib iştirak etsin, İsa bulağına baş əysin. Bilirəm ki, keçirilən tədbirlərə dünyanın bir çox ölkələrindən incəsənət adamları da dəvət olunacaq. Əlbəttə, bu, çox sevindirici haldır".

Firəngiz Mütəllibova: “Həmişə mənə elə gəlirdi ki, Şuşa Qarabağda tənha, boynu bükük qalıb”

Xalq artisti, əslən Şuşadan olan aktrisa Firəngiz Mütəllibova isə bildirib: "Prezidentin Şuşa ilə bağlı qərarına çox sevindim. Həmişə mənə elə gəlirdi ki, Şuşa Qarabağda tənha, boynu bükük qalıb. Elə bilirdim ki, orada körpə uşaq qoyub gəlmişəm. Prezident Şuşanı mədəniyyət paytaxtı elan edəndə elə bildim ki, Şuşa illərdir gözlədiyi o dəyərə, qiymətə layiq olub. Xatırlayıram ki, həmişə mayın 10-da Cıdır düzündə bayram keçirilərdi. Biz də məktəbli olaraq səliqəli geyinər, tədbirlərdə iştirak edərdik. Hər may ayı gələndə Cıdır düzündəki o bayramları xatırlayırdım.

Risk qrupuna aid olduğum üçün pandemiya səbəbindən evdən çölə çıxa blmirəm. Buna görə də sənətkarlarla birgə Şuşaya gedə bilmədim. Amma ora təkcə gedib, o xatirələrimlə, təəssüratlarımla baş-başa qalmaq istəyirəm. Həmin zaman bilmirəm hansı anları yaşayacam, bilmirəm dizin-dizin sürünəcəm, bilmirəm iməkləyib o küçələri gəzəcəm, necə olacam, qışqıracammı və sairə. Bizə bu sevinci yaşatdığı üçün Prezidentimizə, Ordumuza, Şəhidlərimizə minnətdarıq".