| Xəbər 1680 dəfə oxunub
Fərhad Bədəlbəyli: “Şuşanı turistik şəhərə çevirmək lazımdır”

"Şuşa işğalda olanda biz psixoloji cəhətdən şikəst idik”

Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən Şuşa ilə bağlı mühüm açıqlama verib. O bildirib:

“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”.

Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edən dövlətimizin başçısı deyib:

 “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Məsələ ilə bağlı əslən Şuşadan olan Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli “Yeni Müsavat”a danışıb. Fərhad Bədəlbəyli Prezidentin bu qərarının tarixi qərar olduğunu bildirib:

“Hesab edirəm ki, bu, tarixi bir qərardır. Buna görə cənab Prezidentə dərin minnətdarlığımı bildirmək istərdim.

Bu gün hər bir azərbaycanlı şuşalıdır. Şuşa azad olunanda cənab Prezident dedi ki, “Şuşa, biz səni dirçəldəcəyik”. Doğrudan da bu proses artıq gedir. “Qarabağ” Dirçəliş Fondu yaradılıb. Orada Şuşa əlbəttə ən mühüm yer alıb. Şuşa necə olacaq, biz onu necə görəcəyik? Düşünürəm ki, hər bir azərbaycanlı bu barədə öz fikrini deməlidir. Hansısa bir müsabiqə elan etmək lazımdır ki, şagirdlər, tələbələr, adi insanlar öz fikrini desinlər".

Fərhad Bədəlbəyli qeyd etdi ki, Şuşanı öncə turistik şəhərə çevirmək lazımdır:

“Şuşada gözəl mədəniyyət ocaqları, muzeylər var idi. Hətta gözəl musiqi alətlər istehsal edən fabrik var idi. Bütün bunları bərpa etmək lazımdır.

Əlbəttə ki, Şuşa turist şəhəri olmalıdır. Eyni zamanda Şuşa öz qədimliyini saxlamalıdır. Mən Şuşaya gedəndə orada tikilən “Xruşovkalar”ı görəndə həmişə dilxor olurdum ki, Şuşanı korlayırlar. Şuşada qədim ab-havanı saxlamaq - əsas məsələ budur".

Fərhad Bədəlbəyli Şuşada gələcəkdə keçiriləcək festivallardan da söz açıb:

“Festivallarla əlaqədar deyə bilərəm ki, 1989-cu ildə mənim dostum Polad Bülbüloğlu festival təşkil etmişdi. Bildiyiniz kimi, 1989-cu illər çox çətin zamanlar idi. Ərzaq qıtlığı yaşanırdı, çox şeylər çatışmırdı, ermənilərlə yenicə müharibə başlayırdı. Amma o şəraitdə Polad Bülbüloğlu həmin festivalı keçirdi və 300-dən çox,  Amerikadan tutmuş Çindən belə  xarici qonaqlar gəlmişdi. Deyərdim ki, festival ən yüksək səviyyədə keçdi. Lakin sonra müharibə başladı. Polad Bülbüloğlu o zaman deyirdi ki, ”həmin festivalı bir də Şuşa azad olunduqdan sonra təşkil edəcəyik".

Şuşanın baş planı hazır olmayınca heç kəsə torpaq verilməsin!..”

Ötən gün cənab Prezident keçirdiyi videokonfransda bu haqda söz açdı və bildirdi ki, yenidən festival keçirmək lazımdır. Əlbəttə ki, vaxt azdır və biz fikirləşməliyik ki, festival dəqiq necə olmalıdır. Bildiyiniz kimi, mən Qəbələ Beynəlxalq Musiqi Festivalının rəhbəriyəm. Qəbələdə tamam başqa şərait var. Məsələn, Qəbələdə 5 ulduzlu hotellər, konsert salonları var. Yəni, orada festival keçirmək daha asandır. İnanıram ki, bizim inşaatçılarımız bu qısa vaxtda bu məsələni həll edəcəklər. Lakin bildyiniz kimi, Füzulidən Şuşaya gedilən yol çox çətindir, dağlıq, meşəlikdir. Amma əgər cənab Prezident tapşırıq veribsə, biz mütləq bu tapşırığı yerinə yetirməliyik.

İnşallah, Şuşada mütləq “Vaqifin poeziya günləri”, “Xarı bülbül” festivallarını keçirəcəyik. İstərdim ki, birinci festivalın keçirilməsini nəzərə alsınlar və Polad Bülbüloğlundan da istifadə etsinlər, baxmayaraq ki, o, hazırda Rusiyada səfirdir. O festivalın müəllfi məhz Polad Bülbüloğlu idi".

Fərhad Bədəlbəyli Şuşa ilə bağlı keçmiş xatirələrindən də söz açıb:

“1982-ci ildə Polad Bülbüloğlu ilə birlikdə Şuşada Vaqifin məqbərəsinin açılışında iştirak etmişdik. Cənab Prezident o gün bu barədə də yada saldı. Qarlı Şuşada ən gözəl günlərim idi. Atam, mən, Polad Bülbüloğlu, Qəmər Almaszadə, Mirzə İbrahimov Şuşaya getmişdik. Böyük insanlarla birlikdə Heydər Əliyevə qulaq asırdıq. Mərhum ulu öndər Vaqif haqqında çox gözəl çıxış etdi. Hətta həmin gün maraqlı hadisə baş vermişdi. Prezidentin maşını qarda ilişmişdi. Biz hamımız, Polad Bülbüloğlu, mən, cangüdənlər maşınları qardan çıxardırdıq, gülürdük, xoşbəxt idik... İndi də xoşbəxtəm ki, Şuşa azaddır və mən açıq ürəklə Şuşaya gedə bilərəm.

При въезде в Шушу установлено название города «ŞUŞA» латинскими буквами -  ВИДЕО

2007-ci ildə biz Polad Bülbüloğlu ilə Şuşaya getmişdik. Xalq diplomatiyası sayəsində ermənilər Bakıya, biz isə Şuşaya getmişdik. Amma bu səfərimiz çox uğursuz keçmişdi. Orada Bülbülün evində olduq və özümü saxlaya bilmədim, kövrəldim. Çünki mənə çox təsir etdi, dağılan ev, dağılan tifaq, Bülbülün vəhşiliklə dağıdılmış heykəli...

Amma indi Şuşaya ev sahibi kimi gedirəm. Bu, çox vacibdir. Şuşa işğalda olanda biz psixoloji cəhətdən şikəst idik. Bu kompleks bizdə 30 il yaşadı, bizi qocaltdı. Mənim sənət dostlarım, böyük bəstəkarlarımız Süleyman Ələsgərov, Vasiq Adıgözəlov yanaraq, Şuşanı görmədən dünyadan köçdülər. İnanıram ki, Şuşanı azad görə bilməyən insanlarımızın, Niyazinin, atamın ruhu indi şaddır".