|
"Vilyarreal" "Qarabağ"la oyun öncəsi heç-heçə etdi

"Vilyarreal" klubu İspaniya La Liqasının XII turunda "Elçe"ni qəbul edib. "Report"un məlumatına görə, "Estadio de la Keramika" stadionunda təşkil olunmuş qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra "Vilyarreal" 12 oyundan 21 xalla 3-cü, "Elçe" 10 matçdan 14 xalla 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, "Vilyarreal" növbəti oyununu dekabrın 10-da keçirəcək. Həmin gün Avropa Liqasının I qrupunun VI tur matçına təsadüf edəcək görüşdə rəqib "Qarabağ" olacaq. "Estadio de la Keramika"da baş tutacaq matç saat 00:00-da başlanacaq. Son tur öncəsi "Vilyarreal" 13 xalla lider kimi 1/16 finala vəsiqəni təmin edib. "Qarabağ"ın isə 1 xalla axırıncı pillədə qalacağı dəqiqləşib.