|
Müharibədəki qələbənin dərin islahatlar üçün açdığı böyük fürsət –

Yanvardan Azərbaycan yeni idarəetmə və münasibətlər sisteminə keçir?

44 günlük Vətən Müharibəsi və ondan sonra keçən 20 günə yaxın müddətdə Azərbaycanda indiyədək olmayan milli birlik əldə edilib. Xalq və dövlət arasında, hakimiyyətlə müxalifət arasında mühüm anlaşma müşahidə olunmaqdadır. Bir çox ekspertlər bu dövrün ötən ildən Azərbaycanda başlanan kadr və siyasi islahatların dərinləşməsi, iqtisadi və məhkəmə islahatları ilə tamamlanmasına ehtiyac olduğu qənaətindədirlər.

Artıq bəzi mənbələr hakimiyyətin bu zərurəti görərək yaxınmüddətli dövrdə daha ciddi islahatlara gedəcəyini bildirirlər. Qeyd olunur ki, yanvardan Azərbaycan yeni idarəetmə və münasibətlər sisteminə keçir: İcra hakimiyyəti, media sektoru, güc strukturları ciddi islah olunacaq. Köhnə təfəkkürlü və stajlı icra başçıları, nazir və komitə sədrləri, yuxarı eşelon məmur kontingenti bu islahatların əsas hədəfi olacaq. Müxalifətlə münasibətlər sistemi tam yerinə otuzdurulacaq. Bu baxımdan, siyasi islahatların da paket variantları gözlənilir. O cümlədən növbədənkənar parlament seçkiləri. Hətta bəzi kulis söhbətlərinə görə, 2021-ci ildə referendum keçirilib, seçki sisteminin dəyişdirilməsi də müzakirə olunmaqdadır. Bununla da proporsional seçki sistemi tətbiq edilib, siyasi partiyaların ölkə həyatında rolu artırıla bilər. 2021-ci il həm də işğaldan azad edilmiş Qarabağ torpaqlarına qayıdış və böyük quruculuq fəaliyyətinə start veriləcək ildir.

Elşad Musayev: Tofiq Yaqublunun həbsini həddən artıq şişirib  siyasiləşdirmək tam yanlışdır

Elşad Musayev

Mümkün islahatlarla bağlı danışan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, ilk növbədə ölkədə sabitliyin qoruyub saxlanması zəruridir: “Kənardan təşkil edilə biləcək təxribatların reallaşmasına imkan verməməliyik. Geniş islahatların olacağı ilə bağlı çoxlu söhbətlər gəzir. Nəzərə alaq ki, dünyada, o cümlədən də, Azərbaycanda hələ də pandemiya ciddi problem olaraq qalır. Gələn ilin ilk yarısında referendum keçiriləcəyini, proporsional seçki sisteminin bərpa olunacağını inandırıcı görmürəm. Daha çox işğal altından azad olunmuş ərazilərimizlə bağlı tikinti quruculuq işlərinin aparılması, yeni infrastrukturların yaradılması, ordularımızın yeni dislokasiyaya uyğun yerləşdirilməsi və s. bu kimi işlərin görüləcəyini gözləmək olar”.

Partiya sədrinin sözlərinə görə, köhnə kadrların yenilərlə əvəzlənəcəyi hiss olur: “Yəni müəyyən yerdəyişmələr olacaq. Amma çoxlarının düşündüyü kimi yox. Odur ki, hələlik siyasi mənada fundamental islahatların olacağını düşünmürəm. Qarabağda isə geniş tikinti işlərini, kommunikasiya xətlərinin çəkilişini, məcburi köçkünlərimizin məskunlaşması üçün çoxşaxəli işlərin görüləcəyini söyləmək daha inandırıcı görünür”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli

"Respublikaçı Alternativ" (REAL) partiyasının icra katibi Natiq Cəfərli bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad olunması istiqamətində əldə etdiyi möhtəşəm qələbələr Azərbaycan üçün ciddi fürsətlər açır: “Uzun illərdir mövcud olan Qarabağ problemi böyük ölçüdə həllini tapdı. Azərbaycanın yüksələn xətlə inkişafı qarşısında duran böyük bir maneəni Azərbaycan Ordusu aradan qaldırdı. İndi diplomatik sahədə müxtəlif detallarla bağlı uzun sürən danışıqlar olacaq təbii ki. Vətən Müharibəsində əldə olunan qələbənin daha çox dvidentlərini toplamaq üçün bizim sistemli islahatlara ehtiyacımız var. Siyasi sistem də dəyişməlidir, islahatlar aparılmalı, iqtisadi sistemdə də, idarəetmədə də köklü dəyişikliklərə gedilməlidir. Ki, qələbənin Azərbaycanın yüksələn xətlə inkişafı üçün yaratdığı təməli inkişaf etdirmək mümkün olsun”.

Partiya yetkilisinin sözlərinə görə, işğal altından azad olunan torpaqların bərpası üçün on milyardlarla dollar vəsaitə ehtiyac olacaq: “Bu vəsaitlərin cəlb olunması üçün də iqtisadi və siyasi islahatlara gedilməsi zəruridir. Bu baxımdan, məhkəmə sisteminin dəyişməsi qarşıda duran ilk mühüm işlərdən biridir. Mənə elə gəlir ki, artıq iqtidar tərəf də daha rahat davranacaq. Çünki Prezidentin reytinqi kifayət qədər yüksəkdir. Bu baxımdan daha rahatlıqla islahatlara gedə biləcək. Mənim düşüncəmə görə, ilk olaraq Konstitusiya dəyişikliyi olmalıdır. Ciddi düşünülmüş şəkildə yeni Konstitusiya müzakirəyə açılmalı və qəbul edilməlidir. Burada yerli özünü idarəetmə orqanlarının yenidən təşkilindən tutmuş, idarəetmənin bütün digər problemləri həllini tapmalıdır. Məhkəmə hakimiyyətinin tam müstəqilliyini təmin edən müddəalar əlavə olunmalıdır. Eyni zamanda proporsional seçki sisteminə qayıdılması mütləqdir. Çünki bu, siyasi partiyaların institutlaşması, güclənməsi və nəhayət, Azərbaycanda siyasi rəqabətin yeni keyfiyyət müstəvisinə keçməsinə şərait yaradacaq. İndiyədək ölkədə siyasi rəqabət çox primitiv şəkildə, şəxslər, şəxsi tənqidlər üzərində qurulub.

İqtisadi sahədə islahatların aparılması, xarici investorlar üçün güvən yaradacaq sistem formalaşdırılmalıdır. Bu sistemin əsasında demokratik seçkilər yolu ilə seçilmiş parlament dayanmalıdır. Mənə elə gəlir ki, Qarabağdakı qələbə bizim üçün böyük fürsətlər açır. Bu fürsətləri doğru dəyərləndirə bilsək, Azərbaycanın sürətli inkişafı üçün çox mühüm təməllər formalaşdıra biləcəyik. Burada iqtidar-müxalifət münasibətləri daha fərqli müstəvidə inkişaf etməlidir. Əsas şərtlərdən biri budur ki, bütün islahatlar – iqtisadi, siyasi, məhkəmə, qanunverici islahatlar paralel şəkildə həyata keçirilsin, bir-birini tamamlasın”.