|
“Düşmən bizdən 5-6 dəfə artıq itki verib” -

Emin Həsənli: “Ermənilər məhv edilən muzdluları, terrorçuları qeydiyyata almır”

Sentyabrın 27-dən bu günə qədər Qarabağ müharibəsində erməni tərəf 2425 erməni əsgərinin öldüyünü təsdiq edib. Bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlardır.

Arsen Torosyan təxminən 250 cəsədin kimliyinin müəyyən edilmədiyini də açıqlayıb. Qeyd edək ki, Ermənistan hökuməti Qarabağ müharibəsindəki real itkilərini məqsədyönlü şəkildə gizlədir. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli Azərbaycan tərəfinin şəhidlərlə, şəhidlərin sayı ilə bağlı açıqlama veriləcəyini deyib: “Ermənistan ordusunun real itkiləri 15 min civarındadır. Amma bu rəqəm son deyil və daha artıqdır. Çünki onların mədəniyyətləri, tarixləri saxta olduğu kimi verdikləri məlumatlar da yalandır. Onların itkiləri 15 mindən yuxarıdır. Ermənistan ordusunda Azərbaycan ordusundan fərqli olaraq muzdlular, terrorçular, bir də Qarabağdan olanlar döyüşüb. Bunları itki kimi saya salmırlar, itki kimi saymırlar. Əvvəllər belə itkiləri suda boğulan, bədbəxt hadisə zamanı dünyasını dəyişən kimi qeydiyyata alırlar. İndi isə ümumiyyətlə, qeydə almırlar. Ermənistan tərəfindən yaralılar itkilərdən bir neçə dəfə artıqdır. Getdikcə bu məlumatları Azərbaycan tərəfi biləcək. Pilotsuz Uçan Aparatların (PUA) məhv etdiyi videoları izləsək təqribi mənzərə göz önündə olur. Düşmən gec-tez itkiləri açıqlamalı olacaq. 2-3 min nəfər terrorçular, bir o qədər Qarabağdan olanlar, 10 min nəfər də Ermənistan vətəndaşları olan hərbçilərdir ki, məhv ediliblər, bunu gizlədə bilməzlər. Yaralıların sayı da dəfələrlə artıqdır. Ermənistan məcbur olub 3 dəfə səfərbərlik elan edib. Qadınları belə yığıb ölümə göndərirdilər. Özləri də etiraf edir ki, müharibə bir qədər də davam etsəydi, Ermənistan ordusu adlı qüvvə qalmayacaqdı. Tam şəkildə məhv ediləcəkdilər. İndi darmadağın durumdadırlar.Düşmən tərəfi bizdən 5-6 dəfə artıq itki verib”.

Ali Baş Komandan İlham Əliyev çıxışında vurğulayıb ki, müharibə bitəndən sonra Azərbaycan tərəfi şəhidlərlə bağlı açıqlama verəcək. Laçın, Kəlbəcər də boşaldılandan sonra tam olaraq dəqiqləşdirmə aparılacaq. Bizim müharibə zamanı ağır yaralanan hərbiçilərimiz də var, Allah yaralılarımıza şəfa versin, şəhidlərimizə rəhmət eləsin. Ağır yaralılar var ki, onlar da şəhid olur. Bir müddət sonra tam dəqiqləşəcək ki, neçə yaralımız, nə qədər şəhidimiz var. İtkin düşmüşlər var. Biz Vətən müharibəsindən keçdik, müharibə şəhidsiz, yaralısız olmur. Dünyada elə bir müharibə yoxdur ki, itki olmasın. Hamı bunu anlayır. Azərbaycan dövləti vətəndaşlarının qorunması,  həyatına xüsusi diqqətlə yanaşdığına görə dünyanın ən müasir silahlarını əldə etmişdi. Ona görə də itkilərimiz qəbul edilən müharibə qaydalardan çox az oldu. Düşmən  tərəfin isə əksinə, itkiləri həddindən artıq çox oldu".

Emin Həsənli: “Həmin şəxslər ilk növbədə dövlətə və polisə hörmətsizlik  ediblər”

Emin Həsənli

Emin Həsənli deyir ki, Azərbaycan Ordusuna nisbətdə qarşı tərəf 5-6 dəfə artıq itki verib: “Düşmən tərəfin çox itkilər verməsinin səbəbi Azərbaycan Ordusunun müasir tələblərə cavab verməsidir. Azərbaycan Ordusu peşəkar, sistemli, nizamidir, nizami vahid komandanlığa əsaslanır. Ən əsası isə Azərbaycan Ordusunun şəxsi heyəti həddindən artıq vətənpərvər və yüksək döyüş hazırlığına, döyüş əzminə malikdir. Bütün bunlar Azərbaycan Ordusunun nə qədər qəhrəman olmasına, qəhrəmanlıq nümunələri yaratdığını ortaya qoydu. Dərsliklərdə, filmlərdə qəhrəmanlıq nümunələrini geniş təbliğ etməliyik”.

Emin Həsənli deyir ki, Azərbaycan dünyaya yeni müharibə modeli təqdim edib: “Şuşa əməliyyatı bıçaqla, süngü ilə həyata keçirilib. Dağlıq zonada müharibə çox çətin aparılır. Azərbaycan Ordusu dağlıq ərazidə və şəhər döyüşlərində böyük rəşadət göstərdi. Hər birimiz ordumuzla qürur duymalı və gələcək nəslə bu qəhrəmanlıq salnamələrini əmanət kimi çatdırmalıyıq. Tez-tez sual verirlər ki, Ermənistan Kəlbəcəri noyabrın 25-də,  1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytaracaq. Əlbəttə, edəcəklər, Azərbaycan Ordusu məcbur edib onları razılaşmaya imza atdırdı, bu BMT-nin qətnamələri deyil ki, 30 il yerinə yetirməsinlər. Azərbaycan Ordusunun gücünü gördülər, məcburdurlar, torpaqları elə müharibənin nəticəsində boşaldırlar. Güllə atmadan torpaqlardan çıxmayıblar söhbəti yoxdur. Azərbaycan Ordusu, canından keçən Azərbaycan əsgəri, qazilərimiz onları torpaqlarımızdan çıxmağa məcbir edib. Azərbaycanın himnində yazılır ki, səndən ötrü can verməyə cümlə hazırıq, səndən ötrü, qan tökməyə cümlə qadiriz. Himnimiz başdan ayağa şəhidlərimiz, qazilərimiz üçün yazılıb. Minlərlə can qurban oldu, hərə bir qəhrəman oldu... Hüququndan keçən əsgər nə deməkdir? Ən ali hüquq yaşamaq hüququdur. Azəbaycan gülüstan olsun deyə, üçrəngli bayraqla məsud yaşasın deyə biz əsrlər boyu şəhidlər verdik, qazilərimiz oldu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Şəhidlər bizim qəhrəmanlarımızdır. Onlar bizlərin qəlbildə yaşayacaqdır. İnsan ömrü qısadır, şəhidlər isə ölməzdir, daim nəsillərimizin qəlbində yaşayacaqlar. Şəhid ailələrinin qüruru, məğrurluğu bizlərdə böyük ruh yüksəkliyi yaradır. Cənab Prezident çıxışlarında qeyd etdiyi kimi, hər bir kəs şəhid övladlarına, şəhid ailələrinə diqqət və qayğı göstərir. Gələcəkdə bir istiqamətdə xüsusi proqramlarla mənzil-məişət şəraitləri, təhsil-sağlamlıq məsələləri, asudə vaxtının təşkili diqqətdə saxlanılacaq. Şəhidin övladı məktəbə gedəcəksə, birinci partada oturacaq, universitetdə oxuyursa onun kimi davranış olacaq. Şəhid övladına dövlət də, cəmiyyət də xüsusi diqqət və qayğı göstərməlidir. Azərbaycan dövləti bu istiqamətdə xeyli addımlar atıb. Şəhid ailələrinə Prezident təqaüdü verilir, mənzil verilir, özəl universitetlərdə oxuyursa, təhsil haqqı dövlət tərəfindən ödənilir. Bu məsələlər daha da təkmilləşdiriləcək. Canlarını Vətən üçün vermiş əziz qəhrəmanların xatirəsi daima əziz və yüksək tutulur”.