|
Nikol Paşinyan xalqı silahlanmağa çağırdı: terrorçu baş nazir çıxılmaz durumdadır

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan əhalisinə müraciətlə hər kəsi ayağa qaldırıb, “Vətəni müdafiə etmək üçün” silahlanmağa çağırıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

N.Paşinyan deyib ki, bu gün Azərbaycanın mövqeyi fonunda silahlanıb cəbhəyə getmək tələb olunur. Terrorçu baş nazirin iddiasına görə, yalnız belə olan halda məsələnin diplomatik həllinə nail olmaq mümkündür. “Bakı kapitulyasiyadan başqa heç nəyə razı deyil”,-deyə Paşinyan çıxılmaz halda  əlavə edib.

Daha sonra o, bunları deyib: “Burada məsələ təkcə Qarabağla bağlı deyil, mən bunu müzakirə etmək belə istəmirəm”. Baş nazir bir daha sərsəm fikrini təsdiqləyərək iddia edib ki, hələ 90-cı illərdən bəri “Qarabağsız Ermənistan yoxdur” qənaətinə gəliblər.

N.Paşinyan şəhər merlərinə, kəndlərin icmalarının, digər dövlət qurumlarının və orqanlarının rəhbərlərinə xitab edib. Onları silahlı qüvvələrin baş qərargah rəisinin rəhbərliyi altında könüllülərdən ibarət dəstələr yaratmağa çağırıb. O, həmçinin işğal altındakı Qarabağdan olan bütün biznesmenləri, tələbələri təcili Xankəndinə qayıtmağa (?) könüllü dəstələrin tərkibində, baş qərargahın komandanlığı altında döyüşməyə çağırıb.

Belə görünür ki, N.Paşinyan son erməninin məhvinə nail olmayınca geri çəkilmək niyyətində deyil. Hər halda humanitar atəşkəslə bağlı Moskvada keçirilən müzakirələrin fonunda onun belə bir müraciət etməsi Ermənistan rəhbərliyinin mahiyyətini ortaya qoyur.