| Xəbər 1575 dəfə oxunub
Qələbəmiz ölkəyə xarici investisiya üçün yeni imkanlar açacaq

30 ildir ki, Azərbaycan müharibə şəraitində olan, əhalisinin bir qismi qaçqın və məcburi köçkün düşən ölkə kimi tanınır. Bu həm də ölkənin investisiya mühitinə mənfi təsir göstərən bir amil idi. Çünki müharibə ehtimalı, onun gedişatı, nəticəsi, ölkənin iqtisadi həyatına necə təsir edəcəyi hər zaman xarici investorları da düşündürürdü.

Beynəlxalq reytinq agentliklərinin siyahısında ölkəmizi geri salan amillər arasında müharibə faktoru da var idi. Ancaq Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsinin hazırkı gedişatını, peşəkarlığını, hərbçilərimizin şücaətini, Ali Baş Komandanın bu istiqamətdəki siyasi iradəsini bütün dünya heyranlıqla izləməkdədir. Hələ müharibənin 1 ayı tamam olmadan ordumuz Cəbrayıl, Füzuli rayonlarını və Zəngilan şəhərini, xeyli sayda yaşayış məntəqələrini və Suqovuşan yüksəkliyini, Xudafərin körpüsünü düşməndən azad etməklə böyük uğurlar qazandı.  Azərbaycanın öz ərazilərini terrorçulardan təmizləməsi, bütövlükdə Cənubi Qafqazı münaqişə və terror ocağı olmaqdan xilas etməsi, sülhə məcbur etmə əməliyyatları həm də bölgənin iqtisadi sabitliyi baxımından əhəmiyyət kəsb edir.

Bu mənada müharibədə gözlənilən qələbədən sonra Azərbaycanın öz ərazi bütövlüyünü təmin edib Ermənistanla sərhədini bərpa etməsi ölkə iqtisadiyyatına iki istiqamətdə təsir edəcək. İlk olaraq bütövlükdə ölkənin beynəlxalq aləmdə qalib ölkə və sabitliyi, sülhü  bərpa edən ölkə kimi nüfuzu artacaq. Həm də sabitlik və dinc şəraitdə investisiya mühiti daha münbit olacaq.

 “Yeni Müsavat”a açıqlamasında mövzu ilə bağlı şərh verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, müharibədən sonra quruculuq və bərpa işləri kifayət qədər böyük məbləğdə investisiyaya tələb formalaşdıracaq və xarici investorlar da bu bazarda özlərinə pay tutmağa çalışacaqlar: “Bu, təbii bir prosesdir. Bu gün də bizdə xarici investisiya var. Ancaq etiraf etmək lazımdır ki, bu istiqamətdə kifayət qədər uğur əldə edə bilməmişik. Qeyri-neft sektoruna birbaşa xarici investisiya qoyuluşlarının həcmi əhəmiyyətli səviyyədə aşağıdır. Ancaq onu da nəzərə almaq lazımdır ki, postmüharibə dövründə  xarici investisiyanın Azərbaycana gəlməsində iki əsas amil rol oynayacaq. Birincisi, bölgədə dayanıqlı sülhə nail olunması ilə bağlı ciddi hüquqi əsasların olması, risklərin minimumlaşdırılması, ərazinin hərbsizləşdirilməsi məsələdir. İkincisi isə postmüharibə dövründə Azərbaycan iqtisadiyyatının yeni istiqamətlərinin müəyyən edilməsi və  bununla bağlı daha liberal əlverişli mühitin olduğu, kənar müdaxilələrin olmadığı, mənfəətli fəaliyyət göstərmək üçün şərtlərin hansı səviyyədə təmin edilməsindən asılı olacaq. Bu iki istiqamətdə dəyişikliklərə nail olunmalıdır. Necə ki, Qarabağla bağlı məsələdə biz status-kvonu pozduq, yeni şərtlər diktə etməyə başladıq, yeni şərait və konyuktur formalaşdırdıq”.

Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”

Rəşad Həsənov: “Turizm, mədən sənayesi, kənd təsərrüfatı, yaşıl iqtisadiyyat aspektindən bölgənin yenidən qurulması üçün əlverişli ekosistem var"

İqtisadçı onu da vurğuladı ki, postmüharibə dövründə iqtisadiyyatla bağlı da yeni yanaşma ortaya qoyulmalıdır, mövcud konservativ idarəetmədən imtina edilməlidir, liberal və xarici bazarlarla sıx əlaqəsi olan, xarici investisiyalar üçün əlverişli imkanları olan modelin tətbiqinə başlanmalıdır: “Bu baş tutarsa, Azərbaycan qısa müddətdə xarici investorlar üçün əlverişli bazara çevriləcək. Eyni zamanda tələbin yüksək olması investorlar arasında rəqabətin artmasına, Azərbaycanın daha əlverişli şərtlər çərçivəsində ölkəyə investisiya cəlb etməsinə şərait yarada bilər”.

R.Həsənovun sözlərinə görə, işğaldan azad olunan torpaqlarımızda kifayət qədər böyük iqtisadi potensial var: “Xüsusən turizmlə bağlı bunu demək mümkündür. Azərbaycanın turizm sənayesinə sonuncu dəfə xarici investisiya  2006-cı ildə gəlib. Əgər biz bənzər formada prosesi davam etdirmək yolunu seçsək, o zaman ciddi uğurlar əldə edə biləcəyimizi düşünmürəm. Potensial kifayət qədər böyükdür, həm tikinti sektorunda, həm turizm və xidmətlər sahəsində. Eyni zamanda mədən sənayesi, kənd təsərrüfatı yaşıl iqtisadiyyat aspektindən bölgənin yenidən qurulması üçün ekosistem var. Bütün bunları investorlar dəyərləndirməyə bilməz. Ancaq bütün bunlar bizim hansı yol xəritəsini izləyəcəyimiz və iqtisadiyyatı hansı prinsiplər əsasında inkişaf etdirmək istəyimizdən daha çox asılı olacaq”.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, sülhün bərpasından sonra iqtisadiyyatda da belə bir kəskin dönüşə ehtiyac olacaq: “Müharibə bütövlükdə bir dövlət üçün həm insan resurslarının itkisi, həm iqtisadi itki və əlavə xərclər deməkdir. Müharibənin belə maddi və maliyyə baxımından vurduğu zərərdən başqa heç nəyi olmur. Ancaq Azərbaycanda vəziyyət fərqlidir. Biz 30 ilə yaxındır işğal altında  olan torpaqlarımızı azad edirik və bu ərazilər insanlarımızın yaşayacağı, qurub yaradacağı, iqtisadi baxımdan faydalana biləcəyimiz ərazilər olacaq. Bu mənada işğaldan azad olunduqdan və mənfur qonşularla öz sərhədlərimizi tam möhkəmləndirdikdən sonra ölkəmizdə həm daxili, həm də xarici investisiyaların həcmi artacaq.

Biz necə ki, müharibədə çoxlarının gözləmədiyi kimi, hərbi müstəvidə kəskin dönüş edib uğur qazandıq, qalibiyyətlə də başa çatdıracağıq, iqtisadiyyatda da belə bir dönüş etmək lazımdır. Ölkənin iqtisadi həyatında və idarəçilikdə belə bir dönüşün olmasına ehtiyac var".

Sabiq nazir vurğuladı ki, qələbədən sonra iqtisadi sahədəki problemlərin həllinə də diqqəti artırmalıyıq: “Problemlərimiz çoxdur və onların hamısını çözdüyümüzü deyə bilmərik. Bizim bank və maliyyə sektorunda da problemlərimiz var, gömrük və vergi sahəsində, ölkə iqtisadiyyatının digər sahələrində, monopoliya ilə bağlı, sahibkarların fəaliyyəti və investisiyanın cəlb edilməsi ilə bağlı problemlərimiz var. Bu problemlərin kompleks həlli bu müharibədəki qədər qətiyyətli və ciddi baxışlar və yanaşma tələb edir. Mən inanıram ki, bu olacaq, bunun alternativi yoxdur. Əgər doğrudan da biz  ölkəmizin enerji resurslarından və neftdən asılılığını bitirmək və ya optimallaşdırmaq istəyiriksə, həqiqətən də bu dediyimiz dönüşü etməliyik. Bu gün Almaniya artıq özünün enerji tələbatının 50 faizdən çoxunu alternativ mənbələrdən alır. Bu o deməkdir ki, dünya hansı sürətlə neftdən uzaqlaşır. Müharibə qələbə ilə başa çatdıqdan sonra dediyimiz sahələrdə iqtisadi yanaşmaları dəyişməliyik. Biz bütün dünyaya ordumuzun nəyə qadir olduğunu necə göstərdiksə, iqtisadi həyatımızda da belə bir dönüş etməliyik”.

Yusifov qeyd etdi ki, azad olunan torpaqlar həm aqrar sektora, həm də turizm və xidmət sektoruna böyük fayda verəcək: “Azad edilən torpaqlarda hələ bir müddət təmizləmə işləri getməlidir. Yaramaz ermənilər bu torpaqlarda o qədər zolaqlara minalar basdırıblar ki, indi artıq özləri də onun yerini bilmirlər və geriyə qayıdıb qaçanda həmin minalara düşür, partlayıb ölürlər. O baxımdan çox ciddi təmizləmə işləri getməlidir, ondan sonra bu münbit və bərəkətli torpaqlarda aqrar təsərrüfatlar qurulacaq. Ölkənin ən dilbər guşəsi olan Qarabağda turizm zonaları yaranacaq. O baxımdan turist axını da çox olacaq. Qarabağ adını eşidən, o yerlərin gözəlliyi haqqında şifahi məlumat alan hər bir insan ilk növbədə oraya gəlməyə, görməyə cəhd edəcək. Burada perspektivlər çox böyükdür.

Biz o zonada iqtisadi baxımdan elə ab-hava formalaşdırmalıyıq ki, insanlarımız məmnuniyyətlə gedib o bölgədə yaşasınlar və işləsinlər. Əgər şərti desək, Qarabağdan 1 milyon qaçqın və məcburi köçkünümüz gəlmişdisə, indi oraya 2 milyon əhali köçməlidir. O torpaqlar tamamilə mənimsənilməli, məskunlaşma getməlidir. 100 il bundan sonra da erməni yatıb yuxusunda görməməlidir ki, Dağlıq Qarabağ haradadır. Biz orada ciddi istehsal müəssisələri açmalıyıq, xidmət mərkəzləri yaratmalıyıq, iqtisadi baxımdan gözəl bir regiona çevirməliyik".

Vugar Bayramov - Wikipedia

Vüqar Bayramov: “Yuxarı Qarabağ iqtisadi zonası Azərbaycan iqtisadiyyatında ciddi paya malik olacaq”

Milli Məclisin deputatı , iqtisadçı alim Vüqar Bayramov da Qarabağ torpaqlarının potensialından danışaraq, bu bölgənin iqtisadi qalxınması üçün sürətli işlərin görüləcəyini vurğuladı: “Həm Dağlıq Qarabağ, həm də ətraf rayonlar Azərbaycan iqtisadiyyatı üçün potensial töhfə verəcək bölgələrdir. Həm mineral ehtiyatlar baxımından zəngindir, şirin suyun əksər hissəsi Dağlıq Qarabağın payına düşür. Daxili turizm və kənd təsərrüfatı üçün geniş imkanlar var. Əkinçilik baxımından da yararlı torpaqlara malikdir. Torpaqlarımızın azad olunması ilk növbədə investisiya tələb edəcək. Çünki minalardan təmizləmə və infrastrukturun bərpa edilməsi vacibdir. İnfrastruktur və evlər tamamən dağıdılıb, bu ciddi xərc və sərmayə tələb edəcək. Ancaq ikinci mərhələdə yaşayış evləri, infrastruktur bərpa edildikdən sonra, vətəndaşlar geri qayıtdıqdan sonra işğaldan azad edilən şəhər və rayonlarımızın Azərbaycan iqtisadiyyatına böyük töhfəsi olacaq. Əminəm ki, Yuxarı Qarabağ iqtisadi zonası Azərbaycan iqtisadiyyatında ciddi paya malik olacaq. Çünki potensialı kifayət qədər böyükdür. Burada hətta qızıl ehtiyatları da daxil olmaqla, çox zəngin ehtiyatlar var. Bu baxımdan həm məcburi köçkünlərin geri qayıtması, həm də bu ərazidə iqtisadiyyatın bərpa olunması istəyi ondan xəbər verir ki, azad olunmuş bölgələrimiz Azərbaycan iqtisadiyyatında mühüm paya sahib ola biləcək”.