|
Müharibədən sonra regionun yenidən şəkillənməsinin anonsu
Prezident İlham Əliyevin “Haber Türk” telekanalına müsahibəsində verdiyi anons siyasi şərhçilərin diqqətini çəkib. Həmin müsahibədən bir hissəni diqqətinizə çatdırırıq: “Bundan sonra(müharibədən sonra-red) bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy, bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”. İ.Əliyevin Azərbaycan tərəfin sentyabrın 27-də Ermənistanın Qarabağ cəbhəsindəki təxribatlarına cavab olaraq başlatdığı və uğurla davam edən Vətən müharibəsi bitdikdən sonra bölgədə qüvvələr nisbətinin dəyişəcəyi barədə verdiyi mesajlar nələri ehtiva edir? Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, dövlət başçısı kifayət qədər açıq fikirlər səsləndirib: “İstənilən mütəxəssis, ekspert Prezidentin nə demək istədiyini açıq-aydın başa düşür. Dövlət başçısı demək istəyir ki, Azərbaycan müharibədən qalib çıxdığı halda ölkəmiz həm təkbaşına, həm də müttəfiqləri ilə birlikdə regional güc balansını dəyişəcək, yeni dünya nizamı quruculuğunda, geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olduğu bir vaxtda Azərbaycanın milli maraqlarını rəhbər tutaraq bir strategiya izləyəcək. Təbii ki, burada Prezident Türkiyənin adını çəkməklə bildirir ki, bu strategiyanın mərkəzində Türkiyə-Azərbaycan birliyi duracaq. İndi bu birlik hansı səviyyədə olacaq, bu, Azərbaycan xalqından və onun dövlət başçısından, hakim elitanın siyasi iradəsindən asılı olacaq. Bizim istədiyimiz odur ki, Azərbaycan ilk növbədə Türkiyə ilə hərbi müttəfiqlik sazişi imzalasın, burada qardaş ölkənin hərbi bazaları yaradılsın. Hədəf birinci mərhələdə Türkiyə ilə strateji müttəfiqliyin daha da möhkəmlənməsi, ikinci mərhələdə isə birliyin yaradılmasıdır. Strateji müttəfiqlik dedikdə burada bütün sahələri əhatə edən müttəfiqlik nəzərdə tutulur. Bu müttəfiqlik hərtərəfli, dərin və uzunmüddətli olmalıdır. Yəni bütün sahələri əhatə etməlidir, siyasi, diplomatik, iqtisadi, hərbi, təhlükəsizlik və s. Əsas hədəf bu birliyin yaradılmasıdır. Bu gələcəkdə Avropa Birliyi modelinə uyğun da ola bilər ki, dünyada xüsusi bir etirazla qarşılanmasın. Başqa formalarda da olması mümkündür. Müxtəlif səviyyəli konfederativ münasibətlər də qurula bilər. Bütün bunlar gələcəyin məsələsidir. Əsas məsələ budur ki, artıq dövlət başçısı Azərbaycanın milli maraqlarını rəhbər tutaraq, dəyişən strateji şəraitə uyğun ölkəmizin yeni strateji baxış gəlişdirməsinin vaxtının çatdığını bəyan edir”. Sülhəddin Əkbər: Sülhəddin Əkbər: “Azərbaycan dəyişən şəraitə uyğun milli maraqlarını rəhbər tutaraq strategiya izləyəcək” S.Əkbər dövlət başçısının bölgənin yeni dövrünün başlanacağanı deməklə nəyi nəzərdə tutduğu barədə sualımızı bu cür cavablandırdı: “Bölgə məsələsi bir az mübahisəlidir. Çünki bölgə dedikdə hərə bir şey nəzərdə tutur. Bilmirəm ki, ölkə başçısı bölgə dedikdə konkret olaraq nələri nəzərdə tutur. Bildiyiniz kimi, hər zaman Cənubi Qafqaz və Xəzər bölgəsi ifadəsinə daha çox üstünlük verirəm. Söhbət burada Cənubi Qafqaz və Xəzər bölgəsindən gedirsə, bu bir başqa baxışdır. Yox, əgər söhbət Yaxın Şərqdən gedirsə, bu da tamam başqa baxışdır, Qafqaz və Mərkəzi Asiya da həmçinin. Bir də deyim ki, söhbət əgər türk dünyasının əhatə etdiyi daha böyük coğrafiyadan gedirsə, bu da tamam başqa baxışdır. Burada bölgə anlayışının dəqiqləşdirilməsinə böyük ehtiyac var”. Arzu Nağıyev: Rusiyanın Ermənistanı silahlandırması Dağlıq Qarabağ münaqişəsinin həllini çətinə salır (VİDEO) Arzu Nağıyev: “Bu, iqtisadi problemlərin həllini və siyasi məsələləri əhatə edir” Deputat, politoloq Arzu Nağıyev: “Burada söhbət təkcə Türkiyə-Azərbaycan münasibətlərindən getmir. Təsəvvür edin ki, işğal edilmiş ərazilərdə nə qədər ehtiyatlar var. Kəlbəcərin qızıl ehtiyatı, eyni zamanda müxtəlif kommunikasiyaların yaradılması, İranda olan sərhəd ərazisindən daşınmaların keçirilməsi və s. Torpaqlarımız işğaldan azad edildikdən sonra yeni inkişaf mərhələsi başlayacaq. Həmçinin böyük turist kompleksləri, turizm şirkətlərinin Azərbaycana cəlb olunması istiqamətində müvafiq addımlar atıla bilər. Təbii sərvətləri də unutmaq olmaz. Biz böyük meqalayihələrdə iştirak edirik. Bu layihələrin iştirakında xarici investorların cəlb olunması da çox mühüm olacaq. Aydındır ki, burada söhbət iqtisadi problemlərin həllindən, siyasi məsələlərdən daha çox gedir. Təsəvvür edin ki, regionda böyük bir ərazi işğal altında qalıb, heç bir istifadə olmayıb, hər hansı bir infrastrukturun inkişafına imkan verilməyib. Bütün bunlar Azərbaycan iqtisadiyyatına, regional inkişafa çox mühüm töhfələr verə biləcək məsələlərdir. Cənab Prezident düşünürəm ki, dediyi məsələlərdə əsas bunları nəzərdə tutur. Təsəvvür edin ki, 143 kilometr ərazimiz boş zonadır. Su elektrik stansiyaları, dağda olan müxtəlif elektrik stansiyalarının quraşdırılması regionun inkişafına təkan verə bilər. Xankəndində olan aerdromdan istifadə etməyi də unutmaq olmaz. Düşünürəm ki, bütün istiqamətlərdə bunlar müsbət tendensiya olmalıdır. Təkcə Sərsəng su anbarının ələ keçirilməsi və ondan istifadənin kənd təsərrüfatının daha da inkişaf etməsinə necə təsirlərinin olacağını təxmin etmək olar. Yəni söhbət hərtərəfli inkişafdan gedir”.