|
Dünya Bankı: Rusiya iqtisadiyyatı son 11 ilin ən böyük resessiyasını yaşayacaq

Dünya Bankının yenilənmiş proqnozuna əsasən, 2020-ci ildə Rusiya iqtisadiyyatı son 11 ildə ən kəskin templə azalacağı gözlənilir – 5%.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatında deyilir.

Bankın məlumatına görə, COVID-19 virusuna qarşı peyvəndin 2021-ci ilin ortalarında geniş miqyasda əlçatan olarsa, ölkə iqtisadiyyatı gələn il 2,8%, 2022-ci ildə isə 2,4% artacaq.

İstehlak qiymətləri indeksinə gəldikdə, Rusiyada bu il inflyasiya 3,3%, gələn il 3,7%, 2022-ci ildə isə 4% təşkil edəcəyi proqnozlaşdırılır. Bundan əlavə, Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbətinin cari ildə 20,5% təşkil edəcəyini, gələn il onun 22,9%-ə yüksələcəyini, 2022-ci ildə isə 23,7%-ə çatacağını gözləyir.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, bu il ölkədə ÜDM 4-5% və ya daha çox, 2021-ci ildə isə 3% və ya daha çox azalacaq. Rusiya Mərkəzi Bankı bu il ölkə iqtisadiyyatının 4-6%, Maliyyə Nazirliyi isə 5% azalacağını proqnozlaşdırıb.

Xatırladaq ki, 2019-cu ildə Rusiyada ÜDM istehsalı 1,4% artıb, inflyasiya 3% təşkil edib, dövlət borcu isə ÜDM-in 13,9%-nə bərabər olub.