|
Region ölkələrinin valyutası yaydan necə çıxdı?

Ekspertlər yaxınmüddətli dövrdə manat üçün təhlükə olmadığını deyirlər

Payızın başlanması ilə Azərbaycanla qonşu olan bir sıra ölkələrdə milli valyutaların dəyərsizləşməsi prosesi gedir. Türkiyədə lirənin dollar qarşısında məzənnə itirməsi nəticəsində 1 dollar 7,79 lirəyə qədər yüksəlib.

Rusiyada isə oktyabrın əvvəlindən bəri rublun kəskin ucuzlaşması müşahidə olunur. Ayın ilk günlərində son bir neçə ildə ilk dəfə 1 dollar 80 rubldan yuxarı satılıb. Sonrakı günlərdə Rusiya valyutası itirdiyi mövqeləri bir qədər bərpa etsə də, bu vəziyyətin uzun müddət davam etməyəcəyi, rublun daha sürətlə dəyərsizləşəcəyi gözlənilir. Rusiya hökuməti milli valyutanı xilas etməyin yollarını axtarır. Ölkənin Maliyyə Nazirliyi bu ilin oktyabrın 7-dən dekabrın qədər ötən aya nisbətən 2,3 dəfə artıq valyutanı bazara çıxarmaq qərarına gəli.

Nazirliyin ümumlikdə bir aylıq dövrdə 126,9 milyard rublu, gündə isə 5,8 milyard rublu dövriyyəyə buraxması gözlənilir. Müqayisə üçün ötən ay federal qurumun tədavülə buraxdığı valyuta satışının ümumi həcmi 54 milyard, günlük satış isə 2,5 milyard rubl təşkil etmişdi.

Milli valyutanın dəyərsizləşməsi digər qonşularımız olan İran və Gürcüstanda da müşahidə olunur. Bu şəraitdə Azərbaycanda hansı proseslər gedə bilər? Torpaqlarını işğaldan azad etmək uğrunda başlatdığı savaşın iqtisadi nəticələrini də nəzərə almaqla, Azərbaycanın milli valyutası olan manatın məzənnəsində hansı dəyişikliklərin ola biləcəyi ictimaiyyəti narahat edən məsələlərdən biridir.

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda milli valyutanın məzənnəsi inzibati qaydada tənzimlənir: “Buna baxmayaraq, hazırda Azərbaycanda manatın məzənnəsinə mənfi təsir edəcək faktorlar mövcud deyil. Hətta mart ayında - dünya bazarında neftin qiyməti kəskin ucuzlaşanda belə hökumət doğru addım ataraq manatın məzənnəsinin ucuzlaşmasına imkan vermədi. Sonradan dövlət büdcəsinə dəyişikliklər edildi, Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi artırıldı ki, bu da dövriyyəyə buraxılacaq dollar kütləsinin artmasına səbəb oldu. Hazırda milli valyutanın məzənnəsini dəyişdirəcək amillər mövcud deyil”.

Oxu.az - Samir Əliyev manatın taleyi ilə bağlı proqnoz verdi

Samir Əliyev

Ekspert bildirir ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda apardığı hərbi əməliyyatlar həm Azərbaycan, həm də Ermənistan üçün iqtisadi risklər formalaşdırır: “Hərbi əməliyyatlar başlanan sentyabrın 27-dən bəri Ermənistanda milli valyuta olan dram dollara münasibətdə 1 faizə qədər ucuzlaşıb. Bunun əsas səbəbi onların valyuta ehtiyatlarının aşağı olmasıdır. Azərbaycanda isə bu problem yoxdur - ölkənin yetərincə valyuta ehtiyatları var. Bu baxımdan, Azərbaycan hökuməti özü istəməsə, manatın məzənnəsində yaxınmüddətli dövrdə hər hansı dəyişiklik olmayacaq”.

S.Əliyevin sözlərinə görə, hərbi əməliyyatların müddəti uzanarsa belə, Azərbaycanın yarana biləcək xərcləri qarşılamağa maliyyə imkanları yetərlidir.

Ekspert: “Son bir ildə Azərbaycanın ixrac potensialının genişlənməsində  Karbamid zavodunun mühüm rolu var”

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, region valyutalarının dəyərdən düşməsi ümumilikdə dünya iqtisadiyyatında baş verən proseslərlə bağlıdır: “Hazırda dünyada postpandemiya keçid dövrü yaşanır. Bu dövrdə iqtisadiyyatlarda təlatümlərin olması gözləniləndir. Bu baxımdan, milli valyutaların dəyərdən düşməsi təbiidir. Azərbaycana gəlincə, ölkəmiz on gündən çoxdur müharibə vəziyyətindədir, lakin bunun iqtisadiyyata, milli valyutanın məzənnəsinə hər hansı mənfi təsirindən danışmaq çox tezdir. Ona görə ki, Azərbaycanda Milli Ordunun saxlanmasına, hərbi təchizata lazım olan qədər vəsait ayrılıb. Xüsusilə bu il dövlət büdcəsinə dəyişiklik olunarkən hərbi xərclərimiz yarım milyard manat artırılıb. Bu baxımdan, indilik Azərbaycanın apardığı antiterror müharibəsi üçün əlavə resurslara ehtiyac yoxdur. Düşünürəm ki, müharibə davam edərsə, ən azı yaxın 3-4 ay ərzində də Azərbaycan hərbi əməliyyatları mövcud resursları ilə həyata keçirmək imkanındadır”.

Ekspert bildirir ki, hətta hərbi əməliyyatlar daha uzun müddəti əhatə edərsə belə, Azərbaycanın əlavə resursları kifayət qədərdir: “Ölkəmizin iri həcmdə valyuta ehtiyatları var və yaranacaq hər bir xərci qarşılamaq imkanındadır. Bu baxımdan, ölkə iqtisadiyyatında, sosial təminatda, həmçinin manatın məzənnəsi ilə bağlı hansısa təhlükənin olduğunu söyləmək mümkün deyil”.