| Xəbər 796 dəfə oxunub
İlham İsmayıl: “İnformasiya təhlükəsizliyi üçün maarifləndirici işlər görülməlidir”

Ermənistanın Azərbaycanla sərhəd bölgəsində törətdiyi təxribatlar davam edir. Düşmən odlu silahlarla yanaşı kiberhücumlar edir, informasiya sahəsində də fəaliyyətdədir. Məlumdur ki, müasir dünyada informasiya savaşı digər formalardan geri qalan deyil. İnformasiya savaşında düşmənin etdikləri təbii ki, gözləniləndir.

Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır. DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir:

“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər.

Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır. Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur. Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər”.

Bundan əvvəl də düşmən özünü azərbaycanlı kimi təqdim etməklə müxtəlif sosial şəbəkələr üzərindən Ermənistanla sərhədyanı ərazilərdə durumla maraqlanır, təşviş yaradan fikirlər çatdıran mesajlar yazırdılar. Ermənilər “Azərbaycanda nə baş verir?” mətni ilə 0505582881, 0552298493, +90 539 507 06 81 nömrələrindən Azərbaycan vətəndaşlarına mesaj göndərirdilər. Ona görə də, vətəndaşlardan "Snapchat" və "PicsArt" proqramlarının mobil telefonlardan silinməsi xahiş olunur. Çünki onların kodlarını qırıb vətəndaşlara aid olan məlumatları götürə bilirlər. Həmçinin vətəndaşlar diqqətli davranmalı və yuxarıda qeyd olunan nömrələrdən daxil olan mesajlara cavab verməməlidirlər. Bundan başqa, mobil telefonlara göndərilən mesajlar “İnstagram” linki kimi daxil olur. Həmin linkə daxil olmamaq, mesajı isə dərhal silmək zəruridir. Əgər kimsə həmin linkə daxil olacaqsa, onda telefonın içərisindəkilər ermənilərin əlinə keçəcək. Çünki bütün bu prosesləri Ermənistan xüsusi xidmət orqanları təşkil edir. Ermənilərin sosial şəbəkələrdə özlərini azərbaycanlı kimi təqdim edib saxta profillərdən məlumat paylaşmaları da yeni təxribat növlərindən deyil. Ermənistan tərəfi saxta profillərdən Azərbaycan cəmiyyətində panika yaratmağa çalışırdı.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, baş verənlər informasiya təhlükəsizliyi ilə bağlı olan məsələlərdir:

“Sosial şəbəkələr üzərindən nəyin necə yayılması ilə bağlı bu günlərdə mütəmadi olaraq maarifləndirici işlər görülməlidir. Bu işlə təkcə DTX deyil, informasiya təhlükəsizliyi ilə məşğul olan bütün qurumlar məşğul olmalıdır. Bütün nazirliklər ayıq-sayıq dayanmalıdır. Kiməsə trolluq etmək əvəzinə bu istiqamətdə iş aparılmalıdır. Kimin nə yazdığı, nə əsasla yazdığı, yazanın kimliyi kimi suallar bilinməlidir. Telekanallar üzərindən, sosial şəbəkələrdən bu haqda mütəmadi məlumatlar verilməlidir. İnformasiya təhlükəsizliyi üçün maarifləndirici işlər görülməlidir. Bunun qarşısının alınması üçün ilk növbədə maarifləndirmə işləri görülməlidir. Müəyyən sahələr üzrə hakerlər oturub panika yaradan, buna cəhdlər edən saytları, hesabları dağıdırlar. İndiki həssas məqamda ayıq-sayıq olmalıdırlar”.