|
Qarabağ hərbi teatrında kritik gəlişmə -

Paşinyan təhlükəli oyunun içində; Kreml onu son anda ipdən alacaqmı? İşğalçı ölkənin məkrli hədəfi: Rusiyadan təhlükəsizlik və hərbi dəstək, Qərbdən isə sərmayə umur - mümkünmü?..

Ermənistan-Azərbaycan sərhədinin Tovuz səmtində gərginlik qalır. Diqqətçəkicidir ki, işğalçı ölkədə sosial-iqtisadi durum ağırlaşdıqca, vədləri boşa çıxmış Nikol Paşinyandan narazılıq gücləndikcə qoşunların təmas xəttində düşmən təxribatlarının sayı da artır.

Şübhəsiz, bu təxribatlarda əsas hədəflərdən biri məhz daxili ictimai rəyi müharibə mövzusu ilə məşğul etməkdir. Ehtimallara görə, Paşinyan hökuməti bu yolla həmçinin Rusiyanın müttəfiqliyini sınağa çəkmək, Moskvanı seçim qarşısında qoymaq istəyir. Eyni zamanda bölgədə işğalçı ölkənin Moskva qarşısında “məzənnəsi”ni qaldırmaq, buna qarşılıq sonuncudan yeni iqtisadi-maliyyə güzəştləri qoparmaq məramı var. Nəzərə alsaq ki, Nikol Paşinyan bir gizli qərbçi və “sorosçu”dur, hədəflərdən daha birinin Kremli Qərblə şantaj etmək olması şübhə doğurmur.

İrəvanın Moskvanı bölgədə güclənən Türkiyə ilə təhdid etmək, iki dövləti bir-birinə qarşı qoyub, “bulanıq suda balıq tutmaq” məramı da unudulmamaldıır. Hərgah, rəsmi Ankaranı Ermənistanı zəbt etmək yox, müstəsna olaraq, Azərbaycan torpaqlarının işğalına son qoymaq maraqlandırır - nəyi ki, İrəvandan beynəlxalq hüquq, Dağlıq Qarabağla bağlı qəbul edilən bütün qərar və qətnamələr də tələb edir. Ermənistan isə nəinki yad torpaqlardan çıxmağa hazırlaşmır, hətta həyasızcasına “yeni müharibə ilə yeni ərazi işğalı” sevdasına düşüb.

Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcək

Azərbaycan bir yana, təbii ki, Türkiyə də buna imkan verməz. Qardaş ölkənin Azərbaycanı getdikcə daha güclü, açıq və heç vaxt olmadığı qədər nümayişkaranə şəkildə müdafiə etməsi bu xüsusda təcavüzkara aydın və net bir mesajdır ki, özünü yığışdırsın. Çünki Güney Qafqazda situasiya dəyişib, Türkiyə artıq buradadır və Azərbaycan tənha deyil.    

*****

Analoji ismarışları yenə hamı gördü. Məsələn, Tovuz istiqamətində son hərbi gərginlik zamanı Türkiyəyə məxsus pilotsuz uçuş aparatları Ermənistanla sərhəd boyu kəşfiyyat uçuşları həyata keçirdi. Aparatların uçuşu Tovuzla sərhəddə gərginliyin müşahidə edildiyi səhər saatlarından başladı və gün ərzində davam etdi.

Buna paralel, qardaş dövlətdən növbəti dəfə ən yüksək səviyyədə dəstək bəyanatları gəldi. Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə Nazirliyi bir daha rəsmi İrəvanı ağlını başına yığmağa, “odla oyanmağı dayandırmağa” çağırdılar.

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirir - BBC News  Azərbaycanca

Bundan əlavə, insident ərəfəsində prezident Ərdoğanın Administrasiyası bəyan etmişdi ki, “Türkiyə Azərbaycana qarşı hər hansı təcavüzü Türkiyəyə qarşı təcavüz kimi qəbul edir” və “Bakının Qarabağ problemini həlli üçün hansı həll yolu seçməsindən asılı olmayaraq, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”. Ankara habelə Ermənistana Bakının müttəfiqinin kim olduğunu unutmamağı tövsiyə etmişdi.

Xəbərdarlıq, göz ağartma başqa necə olmalıdır ki?..

*****

Bəs Qarabağ ətrafında situasiyanın inkişafı bölgədəki son gəlişmələr fonunda necə təsəvvür edilir? Qardaş Türkiyə öz seçimini edib, Rusiya necə, yeni müharibə variantında Ermənistanın yanında yer ala bilərmi?

“Qarabağ hərbi-siyasi teatrında gözlənilənlər indi baş verir, çünki Tovuz bölgəsindəki döyüşlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfərlərindən sonra da lazımi şəkildə qiymətləndirilmədi”.

Tovuzda döyüşlər: cəbhədə nə baş verir? Təhlilçilər şərh edir - BBC News  Azərbaycanca

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edərkən deyib.

Politoloqun fikrincə, problemin qəsdən “əyləcsiz buraxıldığı”, sərhəddə hərbi əməliyyatların davamlı olub-olmayacağı isə həmsədrləri elə də maraqlandırmadığı təəssüratı yaranır. Onun qənaətincə, sərhəddəki iyul təcavüzü ilə bağlı heç bir qiymətləndirmə olmadığından, günahkarların adı açıqlanmadığından, bütün bunlar indi, sentyabrda davam edir.

“Tovuz hadisələrinin ilk günündə dediklərimi bir daha təkrarlayıram: qurbanların hamısı Minsk Qrupunun ”ayağına yazılır". Artıq bu qurumdan hesabat soruşmaq vaxtıdır. Bakının əlində məsələnin bu cür, daha konkret qoyuluşu üçün bütün imkanlar var. Ona görə də ən çox gözlənilən nəticə elə müharibədir, sadəcə, sərhəddə aparılan müharibədən daha geniş bir miqyasda",  - deyə rusiyalı ekspert qeyd edib.

Lakin politoloqun əminliyinə görə, Rusiya Ermənistan tərəfində nəinki döyüşməyəcək, Paşinyan naminə ona heç kömək də etməyəcək. “Bu fonda Ermənistanda hakimiyyəti dəyişdirmək üçün daxili cəhdləri istisna etmək olmaz, xüsusən də oradakı yerli müxalifətin artıq təzədən birləşməyə başladığı bir vaxtda” - politoloq fikrini tamamlayıb.

*****

Hazırda Tovuzda vəziyyət necədir? - Döyüş bölgəsindən SON MƏLUMAT |  Redaktor.az

Ancaq son proseslərə fərqli rakursdan baxan təhlilçilər də var. Məsələn, Azərbaycanın sabiq xarici işlər naziri, uzun  müddət Qarabağ danışıqlarının içində olmuş Tofiq Zülfüqarov hesab edir ki, Moskva Qərbə üz tutan Bakıya təzyiq göstərmək istəyir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, özünün facebook səhifəsində yazıb.

“Rusiyanın postsovet məkanındakı təsiri azalır. SSRİ dağılandan sonra müstəqillik qazanan yeni respublikalar Kremldən uzaqlaşaraq Qərbə inteqrasiya yoluna qədəm qoyub. Cənubi Qafqaz bölgəsi də bu universal tarixi prosesin bir hissəsidir ”, - deyə eks-diplomat vurğulayıb.

Onun sözlərinə görə, qonşu Gürcüstanın iqtisadiyyatı çox zəifdir və bunu Azərbaycan iqtisadiyyatı ilə müqayisə etsək, Bakının nəinki bölgədə, ümumən bütün postsovet məkanında iqtisadi əməkdaşlıq baxımından ən çox Qərblə əlaqəli olduğu aydın olur: “Lakin Ermənistan məsələsində vəziyyət fərqlidir. Məlumdur ki, Nikol Paşinyan Qərbin layihəsidir və burada əsas məqsəd Ermənistanı Rusiyadan ayırıb Qərbin tərəfinə çəkməkdir. Lakin bu strategiyada köklü ziddiyyətlər mövcuddur. Əgər bir tərəfdən, Rusiya Azərbaycana qarşı işğalı davam etdirmək baxımından Ermənistanın hərbi-siyasi qarantdırsa, başqa yandan, böhrandan çıxmaq üçün Ermənistan Qərbə üz tutmalıdır. Çünki investisiyalar, müasir texnologiyalar - hamısı Qərbdədir. Ziddiyyət də burdadır. Ona görə ki, İrəvan Rusiyadan təhlükəsizlik, Qərbdən isə sərmayə istəyir. Bu da qeyri-mümkündür. O səbəbdən biz Ermənistan və Rusiyanın necə uzaqlaşdığını görürük. Hər iki ölkənin ictimai və siyasi dairələrində ciddi qarşılıqlı ittihamlar səslənir. Yekun etibarilə bu ayrılma, nəhayət, baş verəcək”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov düşünür ki, Rusiya və Ermənistanın bir-birindən ayrılmaq prosesini pərdələmək üçün Rusiyadakı müəyyən qüvvələr (məsələn, Sergey Lavrov) Azərbaycana qarşı informasiya müharibəsinin yeni mərhələsinə başlayıb. “Misal üçün, onlar müxtəlif  ”dəhşət hekayələri" yayaraq, Azərbaycan cəmiyyətində Rusiya xofunu bərpa etmək istəyirlər. Qonşularından fərqli olaraq Qərbə inteqrasiya yönündə əhəmiyyətli irəliləyiş əldə etmiş Azərbaycanı öz təsiri altında saxlamaq üçün isə Rusiya iki yoldan istifadə edir: 1) işğalçı Ermənistan vasitəsilə təzyiq göstərir; 2) Azərbaycan cəmiyyətinə qorxu aşılamağa çalışır ki, guya Qərbə kurs götürəcəyi təqdirdə Moskva bizi ciddi şəkildə cəzalandıracaq", - deyə o əlavə edib.

*****

Lakin bir reallıq var ki, artıq nə Azərbaycan dövləti və cəmiyyəti əvvəlkidir, nə də region 90-cı illərin əvvəllərindəki bölgə. Türkiyə amili, iki qardaş ölkənin sarsılmaz hərbi-siyasi ittifaqı da ki, öz yerində...