| Xəbər 890 dəfə oxunub
Hikmət Cavadov: "Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir"

“Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun üzvləri və şübhəsiz ki, bütün ölkələrdəki azərbaycanlı diasporu Ermənistanın təxribatçı əməllərini yekdilliklə pisləyirlər”.

“Report” xəbər verir ki, bunu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov bildirib.

“Ermənistan sülh danışıqlarından açıq-aşkar boyun qaçıraraq Azərbaycanla böyük müharibəyə doğru addımlar atır. Son iki gün ərzində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vurulub, Tovuz istiqamətində törədilən növbəti hərbi təxribat nəticəsində kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub, əsgər Qurbanov Qurban Azad oğlu isə sağ çiynindən qəlpə yarası alıb. Bundan əlavə, Suriya və İraqdan İranın Urmiya şəhəri üzərindən Ermənistana 25 PKK yaraqlısından ibarət dəstə gətirilib, bu yaxınlarda 250 nəfərdən ibarət daha iki dəstə gətirmək nəzərdə tutulur. Ermənistan tərəfinin bu kimi addımları Azərbaycanın gözü qarşısında atılır, rəsmi Bakı bu barədə Yerevanın məqsədi və mümkün fəsadları barədə dünya birliyini dəlil-sübutla xəbərdar edir”, - diaspor rəhbəri qeyd edib.

“Biz Azərbaycan dövlətinin, ordumuzun gücünə, qüdrətinə arxayınıq. Azərbaycanın həqiqi dostlarının da, o cümlədən Türkiyə, Ukrayna, Gürcüstanın da nə qədər güclü olduğunu görürük. Bütün bunlar Ermənistan ordusunun da, cəlb etdikləri terrorçu dəstələrinin də sarsıdıcı məğlubiyyətə düçar olacağından xəbər verir. Bu, hüquqi, tarixi, əxlaqi haqq-ədalətin qələbəsi olacaq. Həmçinin cəzasız qalacaqlarını zənn edən bütün işğalçı ölkələrə də ibrət dərsi alacaq”, - H.Cavadov fikrini çatdırıb.