|
Bakının savaş ritorikası – “Sülh” deyirik, “müharibə” yadda!

Ölkə prezidenti İlham Əliyev yerli telekanallara son müsahibəsində Qarabağla bağlı bəzi “i”lərin üzərinə nöqtə qoydu. Azərbaycan dövləti və xalqının prinsipial mövqeyinin altını qalın, qırmızı xətlə cızdı. Bununla da işğalçı Ermənistan və onun havadarlarının ikinci saxta “erməni dövləti” ilə bağlı gözləntilərinin boşuna olduğunu açıq mətnlə məlum ünvanlara çatdırdı.

İlham Əliyevin budəfəki müsahibəsində həm də hərbi ritorika aydın sezilir. Ölkə rəhbəri Azərbaycan xalqının səbrinin sonsuz olmadığını, özünün ərazi bütövlüyünü istənilən üsulla bərpa etmək əzmində olduğunu və bu zaman işğalçının arxasında hansı gücün durmasını artıq önəmsəmədiyini dünyaya bəyan etdi.

Prezident müsahibədə “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” dedi. Bu, əslinə qalsa, açıq siyasi mesajdır. Konflikt ətrafında hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq Azərbaycanın hər zaman Vətən müharibəsinə, işğalçılara qarşı müqəddəs savaşa hazır olduğunun nümayişi və qətiyyətidir. Bu, mesaj habelə dövlət və millət olaraq gücümüzü, əzmimizi, aparılan siyasətin müstəqillik dərəcəsini əks etdirir. Nəhayət, “Vətən savaşı üçün Azərbaycan kimsədən izn, rüsxət almayacaq” anlamına gəlir. 



Azərbaycan əlbəttə ki, müharibə istəmir. Müharibə hədəfimiz deyil, böyük barış yolunda, ipə-sapa yatmayan azğın işğalçını ram eləmək yolunda yalnızca bir vasitədir. Başqa sözlə desək, Bakı ədalətli sülh naminə müharibəyə də hazırdır. Hərbi ritorikanın qayəsində məhz bu tezis dayanır. “Sülh” deyirik, “müharibə” yadda!

Sülh və diplomatik üsullara sadiq qalan Azərbaycan əlbəttə ki, öz hərbi qüdrətinə əmindir və o səbəbə müharibə ehtimalını inkar etmir. Azərbaycan hərbi ritorikaya çağırmır, sadəcə, hərbi əməliyyatlar vasitəsilə işğal olunmuş ərazilərinin adekvat vasitələrlə qaytarılmasına hazır olduğunu bəyan edir.

İlham Əliyevin “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” sözləri də müəyyən mənada dövlətin müharibəyə hazır olduğunun izharıdır. Bu ifadə xüsusi olaraq ona işarədir ki, müharibənin başlanması təkcə hökumətin deyil, eyni zamanda, xalqın da çağırış və istəyinin nəticəsi kimi imperativə çevrilə, labüdləşə bilər.

Bakıda Azərbaycan Ordusuna - DƏSTƏK YÜRÜŞÜ KEÇİRİLİB - FED.az

İyul ayında Tovuz istiqamətində düşmən təxribatı zamanı Bakıda keçirilmiş möhtəşəm dəstək aksiyasını, ölkə vətəndaşlarının yaşından asılı olmayaraq könüllü olaraq hərbi xidmətə getmək üçün kütləvi şəkildə hərbi komissarlıqlara müraciət etmələrini yada salın. Tovuz hadisələri zamanı həmçinin Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandanın ətrafında birləşmək haqda yaydığı bəyanatlar Azərbaycanda həm də iqtidar-müxalifət münasibətlərinin sağlamlaşmasının təzahürüdür.

Bu da xüsusi diqqət çəkir ki, İlham Əliyev Qarabağ ixtilafının bunca uzanması və körüklənməsində Ermənistanın xalqını yox, məhz onun avantürist hakimiyyətini günahlandırır. Hər necə olmasa, faktdır ki, konfliktdən ən çox ziyan çəkən elə erməni xalqıdır. Bakının konfliktə belə selektiv, prinsipial yanaşmanı beynəlxalq ictimaiyyət nəzərə almalı və layiqincə qiymətləndirməlidir.

Rəsmi Bakı Fransada törədilmiş terror aktı ilə bağlı bəyanat verib

“Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, bugünkü rəhbərlik Ermənistanı uçuruma aparır”.



Prezidentin müsahibə zamanı söylədiyi bu ifadə həm də erməni cəmiyyətinə ünvanlanmış mesajdır. O anlamda ki, erməni xalqı nə qədər ki, gec deyil, nə qədər ki, böyük müharibə onun qapısını kəsdirməyib, nə qədər ki, kasıb erməni ailələri sink tabutlarda gənc övladlarının nəşlərini almağa başlamayıb, avantürist və yalançı rəhbərlərdən xilas olsunlar, özlərinə realist, bölgədəki və dünyadakı şərtləri ciddiyə alıb doğru dəyərləndirən, ən əsası, erməni xalqını gerçək mənada xoşbəxtliyə və rifaha apara biləcək liderləri hakimiyyət başına gətirsinlər.

Gerisayım başlayıb...