| Xəbər 757 dəfə oxunub
Türkiyə-Azərbaycan birliyi yenidən gündəmdə - ideyanın müəlliflərindən açıqlama

Türkiyə-Azərbaycan birliyi məsələsi son günlərdə yenidən aktuallaşıb.

Bununla bağlı sabiq baş nazir, AXP sədri Pənah Hüseyn də facebook profilində mövqe açıqlayıb: “Bir millət iki dövlətdən, bir millət bir dövlətə doğru”.

Qeyd edək ki, Türkiyə-Azərbaycan konfederasiyası təklifi ötən əsrin 90-cı illərində həm Türkiyə, həm də Azərbaycan siyasiləri tərəfindən gündəmə gətirilib. Konkret olaraq, Azərbaycandan mərhum prezident Əbülfəz Elçibəy, keçmiş dövlət müşaviri - mərhum Vəfa Quluzadə, “Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu, VHP rəhbəri, xalq şairi, deputat Sabir Rüstəmxanlı, ADP sədri Sərdar Cəlaloğlu, Əhrar Partiyasının sədri, hüquqşünas Vaqif Hacıbəyli, Türkiyə tərəfindən “İyi Parti”nin lideri Meral Akşener, Türkiyənin sabiq Baş Qərargah rəisi İlker Başbuğ və başqa tanınmış simalar bu birliyin tərəfdarı kimi çıxış ediblər.

Onu da bildirək ki, zaman-zaman Azərbaycan-Türkiyə-Gürcüstandan ibarət konfederasiya yaradılması ideyasını da irəli sürənlər olub. İlk dəfə bu təklifi irəli sürən isə V.Hacıbəyli olub.

Belə təkliflərdən narahat olanlar da var. Onlar Azərbaycanın müstəqilliyini itirə biləcəyindən ehtiyatlanırlar. Amma əksəriyyət Türkiyə-Azərbaycan birliyinin tərəfdarıdır. Bu birliyin necə mümkün olacağı, formatı haqda ən müxtəlif fikirlərə rast gəlirik. 

35 saylı dairənin lideri məlum oldu - Rauf Arifoğlu!!!

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu ümidli danışdı. Baş redaktor vaxtilə qurduqları xəyalların getdikcə gerçəkləşdiyini bildirdi: “Türkiyə-Azərbaycan münasibətləri hazırda özünün intibah dövrünü yaşayır. Hər iki qardaş ölkənin həm iqtidarları, həm də xalqları bir-biri ilə qardaşdan da ötə yaxındırlar.  Türkiyə və Azərbaycan bəlkə də dünyada yeganə ölkələrdir ki, bütün çıxarları üst-üstə düşür. Ortada heç bir fərqlilik yoxdur. ”Bir millət-iki dövlət" şüarının birinci hissəsi mərhələ olaraq artıq başa çatıb. Türkiyə və Azərbaycan ərazisində yaşayan toplumlar gerçəkdən də eyni bir millət olduqlarını hiss edirlər. İndi bir dövlət olmaq yolunda ciddi addımlar atılmaqdadır. Bildiyiniz kimi, hazırda hərbi və informasiya sektorlarının inteqrasiyası uğurla gedir. Bu sahələri ortaq olan iki dövlət elə əslində  bir dövlət deməkdir. Hazırda hərbi sferada Türkiyə-Azərbaycan arasında ciddi yaxınlaşma prosesi getməkdədir. İnformasiya məkanlarımız, platformalarımızın da yaxınlaşdırılması istiqamətində ciddi iş gedir. Yəni bizim - milliyyətçi kəsimin 1988-ci ildən bəri illərlə xəyal etdiyimiz, yazdığımız məsələlər gözümüzün önündə gerçəkləşməkdədir. Bu xəyallardan biri də Türkiyə-Azərbaycan Konfederasiyası ideyasıdır. Biz bu ideyanı zaman-zaman irəli sürmüşük. Arzu edirdik ki, hər iki ölkə konfederativ bir əsasda birləşsin. Bu proses hesab edirik ki, yeni Turan ülküsünün həyata keçməsi yolunda böyük bir mərhələdir. Bu işi də hazırda Azərbaycan və Türkiyə prezidentləri çox uğurla aparırlar. İndiki və gələcək problemlərimizin həlli böyüməyimizdədir!

İnşallah, gələcək illərdə, qarşıdakı əlli ildə Güney Azərbaycan da bu konfederasiyaya qoşular, Azərbaycan və Türkiyə dövləti tamamlanar, nəhəng, böyük, qüdrətli bir supergüc kimi ortaya çıxarıq".

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Əvvəla, mən bunu ötən prezident seçkilərində demişdim. Azərbaycanla Türkiyə arasında konfederativ əlaqələr yaradılmalıdır, həm hərbi güclərimiz, həm də xarici əlaqələrimiz birləşdirilməlidir. Yerdə qalan digər bütün dövlət atributları, müstəqillik saxlanılmalı, bayraq, gerb qalmalıdır. Amma ordu vahid komandanlığa tabe olmalıdır. Xarici siyasət də vahid əldən həyata keçirilməlidir. Zatən bu gün dünyanın hansı ölkəsində diplomatik korpusumuz yoxdursa, orada Azərbaycanın maraqlarını Türkiyə səfirliyi ifadə edir. Bu onu göstərir ki, səfirliklərə əlavə pul verməyin heç bir mənası yoxdur. Sonradan məlum olur ki, onlardan bəziləri casusluqla məşğul olub, xarici ölkələrə işləyirlər. Türk səfirləri Azərbaycanı da, Türkiyəni də təmsil etsinlər. Vahid ordu yaradaq. Bizim əsgərlər Türkiyənin problemlərinin, eyni zamanda türk əsgərləri də bizim problemlərin həllində iştirak etsinlər. Dünya təcrübəsində bu cür konfederativ əlaqələr var. Məsələn, Amerika Birləşmiş Ştatları yaranana qədər konfederativ əlaqədə olub. Eləcə də Azərbaycanla digər ölkələr arasında bu cür konfederativ əlaqələr olub. Əslinə qalsa, belə əlaqələr ittifaqdan çox-çox yumşaqdır. Bu baxımdan mənə elə gəlir ki, bunun alternativi yoxdur. Azərbaycanla Türkiyə arasında bu əlaqələr qurulmalıdır”.

ADP sədri bu birlik formalaşarsa, Azərbaycanın müstəqilliyini itirə biləcəyindən təlaş keçirənlərə də cavab verdi: “Müstəqillik, istiqlaliyyət məqsədyönlü şəkildə dəyərləndirilməlidir. Mən müstəqil olum, bütün xalqlar məni işğal etsin, başımı əzsin, güclülər məni tapdalasın, belə müstəqillik kimə lazımdır? Bir misal çəkim. Kosta-Rika dövləti var. 50 ildir Amerikaya müraciət edirlər ki, bizi bir ştat statusunda qəbul edin. Amma ABŞ buna razılıq vermir. Biz baxmalıyıq ki, suverenliyimizdən nə dərəcədə güzəştə gedəndə məqsədyönlü olur. Müstəqillik, suverenlik ali bir dəyərdir, amma bugünkü şərtlər daxilində biz əgər ərazimizin 20 faizində suverenliyimizi həyata keçirə bilmiriksə, Rusiya hegemonluğundan sui-istifadə edib, hər addımbaşı Azərbaycana ərazilərini işğaldan azad etməyə imkan vermirsə, bu bizim nəyimizə lazımdır? Kimlər deyir ki, müstəqilliyimiz məhdudlaşacaq, onlara cavab verim ki, müstəqilliyimizin məhdudlaşması ilə formal müstəqillikdən faktiki müstəqilliyə keçid əldə edəcəyik. Yəni məhdud çərçivədə əslində müstəqilliyimiz faktiki rəsmiləşəcək. Həqiqətən də dünyada müstəqil güc olacağıq. Bu baxımdan Türkiyə ilə əlaqələrdə nə qədər müstəqilliyimiz, suverenliyimiz məhdudlaşacaqsa, bir o qədər Azərbaycan dövləti faktiki müstəqillik və suverenlik əldə edəcək. Ona görə də insanlar fikirləşib görsünlər ki, nə qədər biz güzəştə getməliyik ki, faktiki müstəqillik əldə edək”.