|
Koronavirus dünyada nağd puldan imtinaya gətirir

Azərbaycanda qeyri-nağd ödənişlər niyə artmır?

Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sərt karantin tədbirləri, hərəkətə qoyulan məhdudiyyətlər, nə qədər qəribə də olsa, bəzi sahələrdə müsbət dinamikanın yaranmasına səbəb olub. Belə sahələrdən biri nağd hesablaşmaların azalması, əhalinin daha çox kart və onlayn ödənişlərə üstünlük verməyə başlamasıdır. Hətta Azərbaycan kimi nağd ödənişlərin böyük üstünlüyə malik olduğu ölkədə belə qeyri-nağd dövriyyənin həcmində böyük artım müşahidə olunmaqdadır. 

Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda bank kartları ilə 2 milyard 748 milyon manat həcmində nağdsız ödəniş həyata keçirilib. Ölkə daxilində nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,7 faiz artıb. Məlumata əsasən, nağdsız ödənişlərin 1 milyard 681 milyon manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 36,8 faiz artımı özündə əks etdirir. Bildirək ki, ölkədə POS-terminallar vasitəsilə ödənişlərin həcmi isə illik 55 faiz artaraq bu ilin ilk altı ayı ərzində 951 milyon manat olub.

Pandemiya dövründə Azərbaycanda bank kartlarının sayında da ciddi artım qeydə alınıb. Belə ki, 2020-ci ilin iyul ayının sonunda cəmi ödəniş kartlarının sayı 8 milyon 793 min ədəd təşkil edib. Cəmi ödəniş kartlarının sayı iyul ayında 129 min ədəd, 7 ay ərzində isə 1 milyon 527 min ədəd artıb. Cəmi ödəniş kartlarının 3 milyon 468 min ədədini sosial kartlar, 2 milyon 427 min ədədini əmək haqqı kartları, 1 milyon 913 min ədədini digər debet kartları təşkil edib.

2020-ci ilin 7 ayı ərzində sosial kartların sayı 1 milyon 85 min ədəd, əmək haqqı kartları 111 min ədəd, digər debet kartları isə 144 min ədəd artıb. Sosial kartların sayındakı böyük artım fermer kartları və pandemiyadan zərərçəkənlərə təyin olunan 190 manat ödənişin kartla verilməsi ilə bağlıdır.

Nağdsız ödənişlərin stimullaşdırılması və nağd əməliyyatların  məhdudlaşdırılması

Kartların sayında və kartlarla ödənişlərin həcmindəki artıma baxmayaraq, nağd dövriyyədə ciddi azalma müşahidə olunmur. Mərkəzi Bankın məlumatına görə, 2020-ci il iyunun 30-na pul kütləsinin strukturunda dövriyyədə olan nağd pulların (M0 aqreqatı) həcmi 9 milyard  246,6 milyon manat təşkil edib. Nağd dövriyyədə iyun ayında 2,6 faiz artım, ilin əvvəlindən 2,7 faiz azalma qeydə alınıb.

Qeyd edək ki, qeyri-nağd ödənişlərə keçid prosesi inkişaf etmiş ölkələrdə on ilə yaxındır başlayıb. Dünya ölkələri arasında bu prosesi ilk başladan İsveç olub. 2010-cu ildən ölkədə nağd ödənişlərin həcminin azaldılması istiqamətində tədbirlər həyata keçirilir. İsveçdə əsas diqqət turizm və infrastruktur sahələrində nəğd ödənişlərin aradan qaldırılmasına yönəlib. Ictimai nəqliyyatda belə ödəniş tam qadağandır. Ölkənin kiçik biznesi də bütünlüklə nağdsız ödənişlərə keçib. Hətta kilsələrdə də ianələr kart vasitəsilə qəbul olunur. Ölkədə ödəniş əməliyyatlarının kartlar deyil, smartfonlarla aparılması geniş yayılıb. Hazırda İsveçdə nağd ödənişlər ümumi ödənişlərin 2 faizindən də aşağı səviyyədədir. Mağazaların 16-17 faizi nağd ödənişləri qəbul edir. Bu, digər Avropa ölkələrindən 3 dəfəyə yaxın azdır. Ölkədə nağd ödənişlərin həcmi 70 krondan yuxarı ola bilməz.  

Fransada da nağd ödənişlərin azaldılması istiqamətində 2014-cü ildən başlayaraq mühüm sərt cəzalandırmanı nəzərdə tutan addımlar atılıb. Hazırda burada ödənişlərin 95 faizə yaxını qeyri-nağd aparılır, əhalinin 75 faizdən yuxarısında bank kartları var. Nağd ödənişlərin orta həcmi 20 avroya qədər azaldılıb. 

Oxu.az - Nağd ödənişlər yavaş-yavaş ləğv edilir – PALATADA GÖRÜŞ

Britaniya isə əksinə, cəzaları deyil, stimullaşdırıcı tədbirləri üstün tutub. 2013-cü ildən başlayan proses nəticəsində hazırda əhalinin 50 faizdən çoxu qeyri-nağd hesablaşmalara üstünlük verir. 2022-ci ilədək bu göstəricinin 80 faizi keçməsi gözlənilir. 

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində bankomat və bank xidmətlərinin inkişaf səviyyəsi aşağıdır. Ölkə əhalisinin cəmi 30 faizinin bank xidmətlərinə çıxışı var. Amma Çində hər bir vətəndaşın plastik kartı var -  bu kart pasport, buraxılış vəsiqəsi, diplom, iş icazəsi və xidmətlər üçün bank əlavəsini əvəz edir. Kartlar üçün bütün Çin ərazisində POS-terminallar quraşdırılıb. Hazırda Çində 700 milyondan çox insan mobil ödənişlərdən istifadə edir. Çin nağdsız ödənişlərə 2014-cü ildən keçməyə başlayıb. 2017-ci ildə artıq smartfonla ödənişlərin həcmi 5,5 trilyon dollara çatıb. 

Koronavirus pandemiyası bütün dünyada nağdsız ödənişlərə keçidin sürətləndirilməsi zərurətini formalaşdırıb. Bunun bir səbəbi əhalinin hərəkət məhdudiyyətləridirsə, digər mühüm səbəb virusun pul vasitəsilə yayılma imkanının geniş olmasıdır. Buna görə də İsveç artıq ölkədə nağd ödənişləri qadağan edib, tamamilə kartlar və onlayn ödənişlərə keçib. 

Azərbaycanda qeyri-nağd ödənişlərin həcminin artırılması üçün 2018-ci ildə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul edilib. Mərkəzi Bank rəsmilərinin dediklərinə görə, bu proqramın icrası nəticəsində nağdsiz dövriyyənin həcmi 14 milyard manatadək artacaq.

Proqram 2 ildə ölkədə nağdsız ödənişlərə keçidi sürətləndirəcək 60-dan çox tədbirin keçirilməsini nəzərdə tutur. Dövlət proqramının icrası nəticəsində nağd dövriyyənin həcmini 74 faizdən 40 faizədək endirmək hədəflənib. 

Vüsal Qasımlı onu özünə müavin təyin etdi - İki sahil

Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlının dediyinə görə, Bakı şəhəri tam nağdsız dövriyyəyə keçərsə təxmin edilən ümumi gəlir 1,9 milyard dollar, o cümlədən, istehlakçının gəliri 0,1 milyard dollar, biznes gəlirləri 1,4 milyard dollar, hökumətin gəlirləri 0,4 milyard dollar artar. Bu proses nəticəsində 15 il ərzində məşğulluq  3,5 faiz arta bilər.

Dövlət proqramının icra vəziyyətini monitorinq edən mərkəzdən “Yeni Müsavat”a verilən məlumata görə, proqramın icrası çərçivəsində mühasibat uçotunu elektron formada aparan sahibkarlıq subyektlərinə təqdim ediləcək vergi imtiyazları ilə bağlı “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbləri nəzərə alınmaqla normativ hüquqi aktların layihələri hazırlanıb: “Startaplarda işləmək və ya yeni bir işə başlamaq üçün Azərbaycana gələn rəqəmsal sahibkarlar üçün ölkəyə daxilolma prosedurlarının (məsələn, xüsusi sahibkarlıq vizası verilməklə) asanlaşdırılması məsələləri üzrə araşdırma aparılıb. Eyni zamanda elektron ticarətin inkişaf etdirilməsi üzrə normativ aktlar hazırlanmış, elektron ticarət şəbəkələrindən alınmış malların istehlakçılara dəqiq və vaxtında çatdırılması üçün ”Azərpoçt" MMC-nin potensialının artırılması üzrə ehtiyaclar müəyyənləşdirilməklə tədbirlər görülüb. Elektron ticarətdə alqı-satqı əməliyyatları zamanı istehlakçıların hüquqlarının qorunması istiqamətində təkliflər, rəqəmsal bankçılığın, rəqəmsal ödəniş texnologiyalarının hüquqi bazasının təkmilləşdirilməsi məqsədilə normativ hüquqi aktlar hazırlanıb. Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi istiqamətində Ani Ödənişlər sisteminin (AÖS) yaradılması üzrə texniki infrastruktur hazırlanıb, ISO20022 standartlarının tətbiqi üzrə bank sektorunda mövcud vəziyyətin qiymətləndirilməsi üçün beynəlxalq ekspertlər cəlb edilib. Bank olmayan ödəniş xidməti təchizatçılarının bazarın aktiv iştirakçısına çevrilməsi və onlar tərəfindən innovativ ödəniş həllərinin tətbiqinin genişləndirilməsi məqsədilə təbliğat və təşviqat, ölkədə ən son maliyyə texnologiyalarının tətbiqi məqsədilə Rəqəmsal Transformasiya Planı hazırlanıb, paylanılmış reyestr texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Məsafəli bank xidmətlərinin tətbiqinə mane olan amillər müəyyən edilib, internet və mobil bankçılıq xidmətlərinin bankların klassik xidmət paketinə daxil edilməsi üçün banklarla təbliğat və təşviqat işləri aparılıb. Ölkəyə səfər edən xarici turistlərin nəqliyyatda (o cümlədən taksidə), əyləncə yerlərində, alış-veriş mərkəzlərində hesablaşmaları nağdsız qaydada həyata keçirmələrinə imkan verən öncədən ödənilmiş ödəniş məhsullarının yaradılması təmin edilib. Debet ödəniş kartı funksiyalarını özündə birləşdirən və beynəlxalq standartlara (“International Student Identity Card” - ISIC standartlarına) uyğun vahid tələbə biletlərinin verilməsi imkanları qiymətləndirilib və bir neçə universitetdə tətbiqinə başlanılıb".

Bundan əlavə, təsərrüfat subyektlərinə və istehlakçılara nağdsız qaydada aparılan əməliyyatlar üzrə müddətli vergi güzəştlərinin verilməsi və digər stimullaşdırıcı tədbirlərin görülməsi üzrə tədbirlər icra edilib.

Samir Əliyev: Bu gün bağlanmaq riski ilə üzləşən banklar var

Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyevin “Yeni Müsavat”a dediyinə görə, pandemiya dövrünün yaratdığı şərtlər daxilində nağdsız ödənişlərin artması gözlənilən idi: “Lakin bu ödənişlərin həcmi arzuolunan səviyyədə deyil və bunun da bir neçə səbəbi var. Əvvəla, nağdsız ödənişləri iki yerə ayırmaq lazımdır: ölkədaxili və ölkəxarici ödənişlər. Araşdırsaq, məlum olacaq ki, ölkəxarici ödənişlərin həcmi daha yüksəkdir. Nazirlər Kabinetinin xaricdən alınıb gətirilən məhsulların dəyərinə tətbiq etdiyi məhdudiyyətdən sonra yəqin ki, xaricə ödənişlərin həcmində azalma olacaq. Ölkədaxili nağdsız ödənişlərə gəlincə, düşünürəm ki, karantin tədbirləri yumşaldıldıqca, nağd ödənişlərin həcmi yenidən artacaq”.

Ekspert Azərbaycanda nağd ödənişlərin yüksək olmasının, nağdsız hesablaşmanın yüksək təşəkkül tapmamasının bir neçə səbəbini qeyd edir: “Birincisi, qeyri-nağd ödənişlərin kütləviləşməsinə imkan verəcək infrastruktur yoxdur. Bura ilk növbədə POS-terminalların zəruri sayda olmaması aiddir. Rayon mərkəzləri, kəndlərdə on mağazadan birində POS-terminal ola-olmaya. Hətta Bakının özündə belə orta və kiçik mağazalarda bir çox hallarda POS-terminal formal xarakter daşıyır, ondan istifadəyə müxtəlif bəhanələrlə maneə yaradılır. Digər mühüm səbəb qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olmasıdır. Çoxlu sayda insan var ki, rəsmiləşmədən işləyir və pulu nağd alır. Onlar əmək haqqını kartla almırlar ki, ödənişi kartla həyata keçirsinlər. Nəhayət, digər məsələ insanların psixologiyası ilə bağlıdır. Bizdə insanların bir çoxu karta, banka etibar etmir, pul köçən kimi gedib çıxarır”.