| Xəbər 2817 dəfə oxunub
Cin çıxarmaq adı ilə Muradın ölümünə səbəb olan dəstənin şikayəti təmin edilmədi

"Cin çıxaran" dəstə növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar cəzalarının azaldılmasını istəyiblər.

Musavat.com xəbər verir ki, 6 nəfərlik dəstə üzvü Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalaraq apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi 6 nəfərin şikayətini təmin etməyib və onlar barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslərin hər biri 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İttihamda yazılır ki, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti Şabran şəhərində kirayədə yaşadığı evdə tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. 

Araşdırmalarla onların Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanıblar.

İlkin təhqiqat zamanı saxlananlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. 

Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə "seans" zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Eyni zamanda, keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz saxlanan "Toz-8" markalı tüfəng aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilmir.