| Xəbər 1204 dəfə oxunub
Prezidentin xaricdəki azərbaycanlı milyarderlərə çağırışı

Ekspert: “Onların Azərbaycan iqtisadiyyatına investisiya yatırımlarına böyük ehtiyac var”

Prezident İlham Əliyev yenidən azərbaycanlı sahibkarlara ölkəyə investisiya yatırmalarına dair çağırış edib. Bu barədə o, sentyabrın 14-də “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı qeyd edib. 

Prezident öz çıxışında xaricdə yaşayan azərbaycanlı iş adamlarına da müraciət edərək, onları Azərbaycana vəsait qoymağa çağırdığını xatırladıb: “Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

Məlumdur ki, əslən Azərbaycandan olan iş adamları ən çox Rusiya və Türkiyədə uğur qazanıblar. Xüsusilə Rusiyada xeyli sayda həmvətənimiz milyardlarla dollar sərvət toplaya bilib. Türkiyədə və dünyanın bir sıra ölkələrində də uğurlu biznes fəaliyyəti göstərən soydaşlarımız az deyil. Onların Prezidentin çağırışına qoşularaq Azərbaycana sərmayə yatırmaları üçün hansı şərtlər tələb olunur? 

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

Pərviz Heydərov

Sualı cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Prezidentin toxunduğu məsələ çox əhəmiyyətlidir: “Azərbaycanda doğulub boya-başa çatmış, ali təhsil alıb əmək fəaliyyətinə başladıqdan sonra xüsusilə də Rusiyaya gedərək orada biznes fəaliyyəti nəticəsində çox böyük imkanlara sahib olan insanlarımız var. Kifayət qədər belə Azərbaycan yetirməsi var: həm Rusiyada, həm qardaş Türkiyədə, qismən də digər ölkələrdə. Lakin təəssüf doğuran fakt ondan ibarətdir ki, bu iş adamlarının əksəriyyəti Azərbaycanda iş qurmağa, bura vəsait yatırmağa həvəsli deyillər. Bəlkə də marağı, ideyaları olanlar var, amma hələlik real olaraq belə şəxslərin Azərbaycana irihəcmli investisiyaları müşahidə olunmur. Düzdür, müəyyən şəxslər var ki, emal və ticarət sektorlarına məhdud yatırımlar ediblər. Məsələn, İsgəndər Xəlilov, Fərhad Əhmədovun belə fəaliyyətləri var. Lakin bu yatırımlar xaricdə olan azərbaycanlıların imkanları qarşısında dəryada bir damlaya bərabərdir. Bu baxımdan, Prezidentin çağırışı digər və daha böyük imkanlara malik şəxslərə yönəlib. Onların Azərbaycan iqtisadiyyatına investisiya yatırımlarına böyük ehtiyac var”.

Ekspert bildirir ki, xaricdəki azərbaycanlı iş adamlarının ölkəmizə investisiya yatırmaları üçün bir sıra mühüm şərtlər formalaşmalıdır: “Bura ilk növbədə vergi dərəcələrinin stimullaşdırıcı olması, müstəqil məhkəmə sisteminin formalaşdırılması, mülkiyyətin toxunulmazlığının, qanunun aliliyinin təmin edilməsi kimi şərtlər aiddir. Yəni bu şərtlər təmin olunmadan həm xaricdəki azərbaycanlı iş adamlarını, həm  xariciləri, həm də yerli sahibkarların iqtisadiyyata vəsait yatırması mümkün deyil. Digər mühüm amil dövlətin belə şəxslərə stimullaşdırıcı təkliflər verməsidir. Azərbaycanda son illərdə məhkəmə sistemində, büdcə xərcləmələrində şəffaflığın təmin olunması, biznesin fəaliyyətinə kənar müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Lakin görünən odur ki, bu sahələrdə biznesi qane edəcək, ona vəsaitlərini Azərbaycan iqtisadiyyatına qoymaq əminliyi yaradacaq irəliləyişlərə hələ nail ola bilməmişik. Bu proses nədənsə çox ağır gedir. Buna görə də bu qeyd etdiyimiz şərtlər sürətlə təmin olunarsa, həqiqətən də ölkə iqtisadiyyatına sərmayə axınına nail olmaq mümkündür”.

P.Heydərovun dediyinə görə, Azərbaycanın qeyri-neft sektorunda sərmayə qoyulmalı sahələr çoxdur: “Elə Rusiya, Türkiyədə aqrar sektorda, aqrar sahənin emal sənayesində uğur qazanan sahibkarların burada da eyni sahələrə investisiya yatırmaları daha məqsədəuyğun olardı. Bundan əlavə, turizm sahəsi də investisiyalar üçün cəlbedicidir. Düşünürəm ki, xaricdəki azərbaycanlı iş adamlarına digər xarici investorlardan daha üstün, daha güzəştli şərtlər təklif olunmalıdır. Bu zaman onlar vətəndə iş görməyə daha həvəsli olacaqlar. Xaricdəki belə iş adamlarını ölkəyə cəlb edə bilsək, inanıram ki, əlavə xarici investisiyaya ehtiyacımız elə də böyük olmayacaq. Sadəcə, onlara münbit şərait yaradılması, dövlət səviyyəsində təminatın verilməsi yetərlidir. Onu da deyim ki, dünyada belə təcrübələr yetərincədir. Məsələn, yəhudi iş adamları harada fəaliyyət göstərməklərindən asılı olmayaraq, mütləq İsrail iqtisadiyyatına sərmayə yatırırlar. Eləcə də türk əsilli iş adamları. Azərbaycanlı iş adamları da bu təcrübədən istifadə etməlidilər, əlbəttə, dövlətin dəstəyi ilə”.

Ekspert deyir ki, bir neçə gün əvvəl Prezidentin fərmanı ilə İqtisadi Şura yaradılıb: “Şuranın qarşısında qoyulan əsas vəzifələrdən biri məhz investisiya mühitinin radikal yaxşılaşdırılmasıdır. Bu radikal yaxşılaşma isə qeyd etdiyimiz şərtlərin təmin olunması deməkdir. Bu baxımdan, hesab edirəm ki, dövlət xaricdəki azərbaycanlı iş adamlarının ölkəyə sərmayə qoymaları üçün zəruri olan addımları atacaq”.