|
Qadın alverinə görə həbs edilən 30 yaşlı Təranəyə 9 il cəza kəsildi

Qadın alverində təqsirləndirilən Təranə Niftullayeva növbəti dəfə hakim qarşısına çıxarılıb. Ona ağır maddələrlə ittiham elan edilib.

Azərbaycanlı qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymaqda təqsirləndirilən 30 yaşlı Təranə Niftullayevanın Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən, T.Niftullayeva 9 il müddətinə azadlıqdan məhrum edilib.

T.Niftullayeva ilk dəfədir mühakimə olunur, əvvəllər məhkumluğu olmayıb.

İttihamda göstərilir ki, Təranə Niftullayeva üç qadını işə düzəltmək adı ilə Türkiyəyə aparıb, orada həmin şəxslərin pasportunu əlindən alıb.

Məlumatda bildirilir ki, o daha sonra həmin qadınları Türkiyədə olan dəstənin digər üzvünə təhvil verib. Dəstənin digər üzvü həmin qadınları otel və digər yerlərdə zorla kişi müştərilərlə görüşdürüb, maddi gəlir əldə edib.

Təranə Niftullayeva barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.