|
Məsləhət verən dostunu çaydanla öldürən Cövdətə 16 il cəza kəsildi

Bakıda çay evində qətl hadisəsi törətməkdə ittiham edilərək həbs edilən şəxsə ağır cəza kəsilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə ittiham edilən 1977-ci il təvəllüdlü Cövdət Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən C.Abbasov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən çay evində baş verib.
Belə ki, 1977-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb.
Mübahisə zəminində Cövdət Abbasov Sabir Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.
Sabir Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Cövdət Abbasovun Sabir Ələkbərovla dostluq münasibəti olub. Onlar hadisə baş verən günü çay evinə gəliblər və birlikdə orada spirtli içki qəbul ediblər.
Daha sonra Sabir Ələkbərov özündən 31 yaş kiçik olan dostuna məsləhət verib. Sabir Ələkbərovun məsləhətləri isə Cövdət Abbasovun xoşuna gəlməyib.

Bu zaman o, oturduqları masaya yaxın olan digər masada olan çaydanı götürüb və gözlənilmədən dostunun başına zərbə endirib.

Ağır zərbə alan Sabir Ələkbərov ayağa qalxıb və bir-iki addım yeridikdən sonra huşunu itirib. Hadisə yerinə gələn həkim briqadası onun öldüyünü qeyd edib.

Cövdət Abbasov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilir.