| Xəbər 3622 dəfə oxunub
3 yaşlı Zəhranı oğurlamaqda ittiham edilən qadınla bağlı ekspertizanın rəyi açıqlandı

Ötən il azyaşlı Zəhranı oğurlamaqda günahlandırılan qadın növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı Tərgül Nəzərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

T.Nəzərova Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham edilir.

O, üç yaşlı Zəhra Bağırovanı oğurlamaqda təqsirləndirilərək həbs edilib. İşə hakim Novruz Kərimovun sədrliyi ilə baxılır.

Sonuncu məhkəmə iclasında Tərgül Nəzərova Zəhranın tanımadığını deyib, gülümsəyərək hakimə baxırdı. Məhkəmə müşavirədən sonra qərara almışdı ki, Tərgül Nəzərova barəsində kompleks məhkəmə psixiatrik-psixoloji stasionar ekspertizası təyin olunsun.

Bu gün məlum olub ki, ekspertiza Tərgülün psixi vəziyyətinin normal olması ilə bağlı rəy verib. Məhkəmə araşdırması davam etdirilir. Məhkəmə iclasında Masallı rayon sakini olan Tərgül doğum tarixini bilmədiyini deyib. Hakim ona martın 8-də anadan olduğunu xatırladıb. Tərgül ailəli olduğunu, övladının olmadığını bildirib.

Davranışlarından əqli probleminin olduğu hiss edilən Tərgül məhkəmədən nə vaxt azadlığa buraxılacağını soruşub və ağlamağa başlayıb. Hakim ondan ağlamasının səbəbini soruşub. Tərgül anasının ölüm xəbərini aldığını söyləyib.

Hakim Tərgüldən ittiham aktının sürətini, məhkəmə bildirişini alıb-almadığını soruşub. Tərgül "yox" cavabını verdikdə hakim ondan soruşub ki, ittiham aktının nə olduğunu bilirmi?

Məlum olub ki, Tərgül ittiham aktının nə olduğunu belə bilmir.

Tərgüldən həyat yoldaşının kim olması soruşulub. Həyat yoldaşının adının Ceyhun olduğunu deyən Tərgül daha sonra bu sözünü təkzib edib və dəqiq xatırlamadığını deyib.

Dövlət hesabına Tərgülə vəkil də təyin edilib. Tərgüldən vəkilinin kim olduğu soruşulanda isə "Tərlandır" deyə cavab verib.

Məlum olub ki, Tərlan Tərgül barəsində cinayət işini aparan müstəntiq imiş. Hakim Tərgülü vəkili ilə tanış edib.

Vəkil Tərgüldən soruşub ki, onu həkim yanınan aparıblarmı? Tərgül cavab verib ki, həkim yanına aparanda ağlayıb və qorxub.

O da məlum olub ki, Tərgülün kamera görüntülərində 3 yaşlı Zəhranın əlindən tutduğu əks olunur.

Tərgüldən balaca qız uşağını haradan tanıdığını soruşublar. Fikrini tam izah edə bilməyən Tərgül deyib ki, uşağı ona bacısı verib.

Məhkəmə bəzi qaranlıq məqamları aydınlaşdırmaq üçün Tərgülə suallar versə də onun cavablarından heç nə aydınlaşdırmaq mümkün olmayıb.

Tərgül istintaqdakı ifadəsinin altına imza da atıbmış. Hakim ondan imzanı necə atdığını soruşub və həmin imzanı Tərgülə göstərib. Tərgül imzanı müstəntiq Tərlanın atdığını deyib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Sabunçu rayonunda baş verib. Üç yaşlı Zəhra Bağırzadə itkin düşüb. Hadisə günü valideynləri Zəhranı evin böyük övladının yanında qoyaraq işə gediblər.

Azyaşlı nəzarətsiz qalaraq evdən çıxıb və itkin düşüb. Onun valideynləri bu barədə polisə məlumat veriblər. İki gün sonra azyaşlı paytaxtın Nizami rayonu ərazisində tapılıb. Uşaq tapılan zaman onu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı da saxlanılıb.