| Xəbər 1788 dəfə oxunub
Kreml Türkiyəni ermənilərin əli ilə “vurur”-

Elxan Şahinoğlu: “Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir”

İyulun 12-16-sı aralığındakı Tovuz döyüşləri vaxtı və ondan sonra bu günə qədər keçən müddətdə Türkiyənin Azərbaycana verdiyi tam dəstəyə artıq Rusiya dözə bilmir. Şimal qonşumuz üstüörtülü şəkildə hərəkətə keçib. Belə ki, Ermənistan Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi Azad Suriya Ordusuna qarşı döyüşmək üçün azı 450 hərbçi göndərib.

Bu sensasion məlumatı NZİV.net adlı İsrail xəbər portalı yayıb. Söhbətin Ermənistanın nizami ordu mənsublarından, yoxsa qeyri-nizami hərbi dəstələrindən getdiyi məlum deyil.

Xəbərdə bildirilir ki, Ermənistandan hərbçilərin Suriyaya daşınmasını Rusiya həyata keçirib. Erməni muzdluları qərargahı Livanda yerləşən, Suriyada və Livanda fəaliyyət göstərən hakimiyyətyönümlü (söhbət Əsəd rejimindən gedir - red.) “Çenak” partiyası tərəfindən ələ alınıb. Batalyonu Rusiyanın Suriyadakı Hmeymim aviabazası ilə razılaşdırılmış şəkildə Suriya hərbi kəşfiyyatından briqada generalı Muhsan Nafnuf müşayiət edir.

Bu azmış kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 8 ildən sonra Suriyaya səfər edib. O, Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Bağlı qapılar arxasında keçirilən görüşün detalları məlum deyil.

Göründüyü kimi, Suriyada əsas söz sahibinə çevrilən qardaş Türkiyəyə qarşı ciddi planlar qurulur və bu planların içərisində tarix boyu Rusiyanın köləsi rolunu oynayan ermənilər də yer alır.

Burada əsas suallardan biri isə şübhəsiz ki, Ermənistanın bu sayda hərbiçisini Suriyaya göndərməsi barədə yer alan məlumatdır. Çünki düşmən ölkənin ordusunda ciddi şəkildə hərbçi çatışmazlığı var.

Belə bir şəraitdə Azərbaycanla hər an münaribə vəziyyətində olan Ermənistan bu sayda hərbiçisini Suriyaya nə üçün göndərib?

Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu məsələnin ciddi şəkildə araşdırılmasını vacib sayır: “Ermənistanın Suriyada Türkiyə ordusuna və onun dəstəklədiyi ”Azad Suriya Ordusu"na qarşı döyüşmək üçün azı 450 hərbçi göndərdiyi xəbərini İsrailin xəbər saytlarından biri yayıb. Ermənistanın hazırkı ağır vəziyyətində Suriyaya hərbçilər göndərməsi ciddi araşdırılmalıdır. Bu ölkənin ordusunda say çatışmazlığı varkən, özü muzdlu toplamağa çalışarkən və üstəgəl Azərbaycanla hər an müharibə riski varkən Suriyaya 450 hərbçisini göndərməsi İrəvana ağır başa gəlməlidir. Buna baxmayaraq, Ermənistan tamamən Rusiyadan asılıdır. Ermənistan hakimiyyəti hər zaman Moskvaya yalvarır ki, Rusiya onu Azərbaycandan qorusun, eynilə Kremlin də İrəvandan qarşılıqlı tələbi ola bilər. Məsələn, Ermənistan hakimiyyəti bir neçə il əvvəl Rusiyanın istəyi ilə Suriyaya bir qrup hərbçisini göndərdi. Ancaq onların sayı az və döyüşlərdə iştirak etmirdilər, sadəcə, mina axtarışlarıyla məşğul idilər. Bu, Rusiyaya ona görə lazım idi ki, beynəlxalq aləmə mesaj versin ki, Moskvanın Suriyada tərəfdaşları da var. Ermənistandan başqa heç bir ölkə Suriyanın Rusiyanın yanında hərbçisi ilə yer almayıb. Məsələn, Rusiya Qazaxıstan hərbçilərinin də Suriyada varlığını istəyirdi. Ancaq Qazaxıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasına baxmayaraq, Rusiyanın avantürasında iştirak etməkdən boyun qaçırdı. Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında ona Rusiyanın Qazaxıstan, Türkmənistan və İranın hava sahəsi üzərindən Ermənistana təyyarələrlə 400 ton hərbi yük daşımasından narahatlığını bildirdi. Bu proses nəinki dayanıb, Rusiya Ermənistana yük daşımasında Suriya marşrutundan istifadə etməyə başlayıb. Rusiyanın Suriyadakı Hmeymim aviabazasından qalxan İl-76 hərbi-nəqliyyat təyyarəsinin İrəvanda enməsinə dair məlumatlar var. Həmin təyyarələr yükləri boşaltdıqdan sonra bir qrup erməni hərbçini Suriyaya daşıya bilərdi. Rusiya tərəfi diqqəti bu mövzudan yayındırmaq üçün “Nezavisimaya qazeta” guya Türkiyənin Ermənistanla döyüşmək üçün Suriyanın şimalından Azərbaycana 500 muzdlu göndərdiyi haqda dezinformasiya ortaya atdı. Bu dezinformasiya Azərbaycanın müdafiə və xarici işlər nazirlikləri tərəfindən rədd edildi".

Politoloq hesab edir ki, bu məsələ Azərbaycan-Türkiyə hərbi ittifaqını daha da gücləndirməsini aktuallaşdırır: “Ermənistanın Suriyaya çoxsaylı hərbçi göndərməsi ehtimalı yüksək olmasa da, Livanda fəaliyyət göstərən müxtəlif erməni təşkilatlarının Suriyaya kifayət qədər muzdlu göndərməsi istisna deyil. Livanda xeyli silahlı erməni var ki, onların böyük terror təcrübəsi var. Məsələn, Livandakı ”Hizbullah" təşkilatı da İranın istəyi əsasında Suriya rejiminə dəstək verir, döyüşçülərini bu ölkəyə göndərir. Rusiya da Livandakı erməni terrorçularının Suriyada döyüşlərdə iştirakını təşkil edə bilərdi. Rusiya, İran və Türkiyə Suriyadakı problemlərinin həlli məqsədilə “Astana prosesini” həyata keçirirlər. Buna baxmayaraq, Tehran və Moskva Türkiyə ordusunun Suriyada mövqelərinin güclənməsinin əleyhinədir. Türkiyə ordusu Suriyada həm İŞİD-ə, həm də PKK-ya bağlı güclərə qarşı savaşır və mövqelərini gücləndirir. Rusiya Türkiyənin Suriyada problemlərini artırmaq məqsədilə Livandakı erməni terrorçuları da silahlandırıb və təlimatlandırıb Türkiyə ordusuna qarşı təxribatlara həvəsləndirə bilər. Görünür, Moskva bununla həm də artan Türkiyə-Azərbaycan hərbi əməkdaşlığına cavab vermiş olur. Əslində Rusiyanın silahlı erməniləri Suriyada döyüşlərə cəlb etməsi Azərbaycanın Türkiyə ilə hərbi ittifaqı gücləndirməsi mövzusunu bir daha aktuallaşdırır".