| Xəbər 3507 dəfə oxunub
Narkotik alverinə görə həbs edilən Solmaz Salmanovanın işi

Biri qadın olmaqla narkotik alverinə görə həbs edilən dəstə hakim qarşısına çıxarılır.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satışı ilə məşğul olmaqda ittiham edilən Solmaz Salmanova, Nicat Quliyev və Şövqi Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məhkəmə araşdırması hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutacaq.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddəsi ilə ittiham irəli sürülüb.



Rəsmi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu Köhnə Günəşli qəsəbəsində keçirilən əməliyyat zamanı qəsəbə sakini Solmaz Salmanova saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan 13,141 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Tərkibində qadın olan dəstə saxlanıldı — Foto

Solmaz Salmanova tutulana qədər yaşadığı qəsəbə ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduğu məlum olub. O, ifadəsində heroini Şövqi və Nicat adlı şəxslərdən aldığını bildirib.

Baş İdarə əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilərək narkoşəbəkinin digər üzvləri, dəstənin başçısı Rusiya Federasiyası vətəndaşı Şövqi Babayev və onun yaxın qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev də polislər tərəfindən tutulublar. Nicat Quliyev saxlanılan zaman onun üzərindən 21,699 qram çəkidə narkotik vasitə heroin aşkar edilib. Şövqi Babayevin üzərində şəxsi axtarış aparılan zaman isə külli miqdarda 107,806 qram heroin, 101,501 qram qurudulmuş marixuana, 39,855 qram psixotrop maddə metamfetamin və 1 ədəd elekron tərəzi aşkar edilərək götürülüb.