| Xəbər 981 dəfə oxunub
Belarusda etirazların bir ayı - “Batka”nı ayaqda saxlayan səbəblər

Müxalifətin mitinqlərinə və Qərbin dəstəyinə baxmayaraq, heç bir güc naziri Lukaşenkodan imtina etmir; Elxan Şahinoğlu: “Hələ bir müddət iqtidarını saxlayacaq”

Belarusda prezident seçkilərinin nəticələrinin açıqlanmasından bir ay vaxt keçsə də, müxalifətin mitinqləri davam edir.  Bazar günü paytaxt Minskin mərkəzində növbəti dəfə genişmiqyaslı etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları Aleksandr Lukaşenkonun 80%-dən çox səs topladığı prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edirlər.

Nümayişçilər Minskin mərkəzində “Birlik marşı” adı altında yürüş keçiriblər. Onlar Lukaşenkonun işlədiyi və hökümət qüvvələri tərəfindən mühafizə olunan Müstəqillik sarayının qarşısına toplaşıblar.

Minskdə ümumilikdə 120-dən çox insan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Əvvəlki günlərdə olduğu kimi, hakimiyyət mərkəzi küçələri və şəhərin mərkəzində metro stansiyalarını bağlayıb.

İnsanlar Müstəqillik sarayının qarşısında bir neçə saat dayandıqdan sonra dağılışmağa başlayıblar, buna yağan güclü yağış da səbəb olub.

Amma etirazlar yenə də sakit, axarında gedir. Heç bir zorakılıq, iğtişaş, qanlı qarşıdurmalar yaşanmır. Müxalifət bir aydır etirazları bir tempdə davam etdirir.

Burada Baltikyanı ölkələr - Latviya, Litva və Estoniya Lukaşenko da daxil, 30 Belarus rəsmisinə qarşı sanksiyalar tətbiq edib.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris  olunmalıdır”

Politoloq Elxan Şahinoğlunun qəzetimizə dediyinə görə, Belarusdakı hadisələr Venesuela proseslərinə bənzəyir. Eynilə orada da müxalifət tərəfindən paralel strukturlar yaradıldı, Qərb dəstəklədi, amma prezident Nikolas Maduro hakimiyyətə nəzarəti əldə saxladı.

“Baxmayaraq ki, müxalifət lideri Quaydonu ABŞ dəstəklədi, prezident kimi tanıdı, nə qədər böyük mitinqlər keçirdi, Qərbdən yardım aldı, yenə hakimiyyəti dəyişə bilmədi.

Belarusda da güc nazirləri və Lukaşenko bir tərəfdə, Qərbdən dəstək alan müxalifət digər tərəfdə... Hətta müxaliflərin Koordinasiya Mərkəzi yaradılıb, qonşu Baltikyanı ölkələr hazırkı prezidenti tanımır.

Amma Lukaşenkonun da Maduro kimi iqtidardan getmək fikri yoxdur, əli silahlı fotoları da bir ismarışdır. Hər bazar da müxalifət mitinq keçirir", - deyə siyasi şərhçi qeyd etdi.

Analitikin fikrincə, Lukaşenko mitinqlərin səngiməsinə ümid edir: “Güman edir ki, həyat axarına düşəcək, hamı işləməyə davam edəcək. Müxalifətin və Qərbin də inamı var ki, güc nazirləri Lukaşenkodan imtina edəcəklər.

Amma hələ ki bu baş vermir. Hətta Lukaşenko hiyləyə əl ataraq nazirlərin yerlərini dəyişir, Rusiyadan da dəstək alır və getdikcə Putinin vassalına çevrilir.

Artıq ayın 14-də Moskvaya gedir və daha ciddi kömək istəyəcək. Ehtimal edirəm ki, Lukaşenko müqavimət əsasında bir müddət də hakimiyyətini qoruya biləcək".

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”

Siyasi təhlilçi Ramiyə Məmmədovanın sözlərinə görə, Lukaşenko elə də güclü müxalifətlə qarşılaşmadı:

“Deməzdim ki, Belarus etirazçıları ona yerini göstərə biliblər. Prezident özü də iradəli və təcrübəlidir, prosesi izləyir. O, qarşısında intizamlı kütlə görür və aksiyaçılar hansısa inzibati binaların şüşələrini, qapılarını sındırıb içəri daxil olmağa cəhd göstərmədikcə, qəzəblənmiş kütlə radikal müqavimət göstərmədikcə, Lukaşenko ”a yordu-yordu, görək kim-kimi yordu" oyununu siyasətə çevirəcək".

Ekspert hesab edir ki, Belarus lideri xalqı silahla və Putinin ordusu ilə qorxudur: “Belaruslular ”məxməri inqilab" istəyir. İnsanlar qurban vermək, qan tökülməsini istəmirlər.

Qərb də lazımi qədər dəstək ifadə etmir. Avropa kompromis tərəfdarıdır. Ola bilsin ki, Lukaşenko hakimiyyətinin ömrünü bir az da uzatsın. Amma bu, çox çəkməyəcək və biz əvvəlki Belarusu daha görməyəcəyik".

Qeyd edək ki, Belarus müxalifətinin liderlərindən biri, müxalifətin Koordinasiya Şurasının üzvü Maria Kolesnikova sentyabrın 7-də qaçırılıb.

Hadisə şahidləri bildirib ki, Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Hazırda onun telefonu cavab vermir. Həbsdə olan Belarus prezidentliyinə namizəd Viktor Babarikonun qərargahının nümayəndəsi Maria Kolesnikova seçki kampaniyası zamanı digər qeydiyyatdan keçməmiş namizəd Valeri Tsepkalonun həyat yoldaşı və prezidentliyə namizəd Svetlana Tixanovskaya  ilə birlikdə mitinqlərdə çıxış edən “Qadın Üçlüyü”nün iştirakçısı kimi məşhurlaşıb.

O, hazırda Belarusda olan  “üçlüyün” son üzvüdür. Kolesnikova bir gün əvvəl Minskdə baş tutan kütləvi etiraz yürüşündə iştirak edib.