|
İcra başçısının oğlunu öldürməyə görə ömürlük cəza alan şəxsdən xəbər var

Kənd təsərrüfatı nazirinin müavini və Şəmkir rayonunun icra başçısı olmuş mərhum Aslan Aslanovun oğlunu öldürməkdə təqsirləndirilərək ömürlük həbs cəzası alan Vüqar Əliyev müalicəyə ehtiyacı olduğunu deyir.

Musavat.com xəbər verir ki, Vüqar Əliyev müalicəyə ehtiyacı olduğunu əsas gətirərək Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir.

V.Əliyev Müalicə Müəssisəsinə köçürülmədiyi üçün Penitensiar Xidməti Məhkəməyə verib.

İşə 1 saylı Bakı-İnzibati İqtisadi Məhkəməsində baxılmalı idi. Amma məhkəmə şikayətə baxmaqdan imtina edib.

Bundan sonra V.Əliyevin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə işə baxmaqdan imtina edib.

Penitensiar Xidmət isə bildirir ki, məhbusların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətinə aiddir və məhbusların müalicəsinə imkan verilməməsi fikirləri əsassızdır.

Qeyd edək ki, V.Əliyev 17 ildir həbsdədir. O, 2003-cü ildə nişanlısı Lamiyə Quliyeva ilə birlikdə Aslan Aslanovun oğlu Ruslan Aslanovu öldütməkdə şübhəli bilinərək həbs edilib.

Lamiyə Quliyevaya 10 il həbs cəzası verilmişdi. O, həbsdə olan zaman uşaq dünyaya gətirdi. Məsələ ictimailəşəndən sonra Lamiyə Quliyeva azadlığa çıxdı.

Onu da xatırladaq ki, Lamiyə Quliyeva icra başçısının oğlunu onu zorlamaq istədiyi üçün öldürdüyünü deyirdi. V.Əliyevin də həmin cinayətdə əli olduğu, qətli birlikdə törətdikləri deyilirdi.