| Xəbər 2045 dəfə oxunub
Koronavirusun Azərbaycanda “hökmranlığının” 6 ayı

Ölkədə ilin yarısı karantin şəraitində keçib, bütün sferalar iqtisadi zərbə alıb; Natiq Cəfərli: “Pandemiya ilə mübarizədə yarım milyard xərclənib, iqtisadiyyatda isə 2.7 faiz azalma var”

Azərbaycanda ilin yarısı koronavirus pandemiyasına getdi. Ölkə 6 aydır ki, bu xəstəliklə mübarizə aparır və apreldən karantin şəraitində yaşayırıq. Əslində xəstəliyə ilk yoluxma fevralın 28-də qeydə alınıb. Amma martın əvvəllərindən məhdudlaşdırıcı tədbirlər görülməyə, sərhədlər bağlanmağa başladı. İlk növbədə İrana gediş-gəliş qapadıldı. Sonra Rusiya, Türkiyə, Gürcüstanla sərhədlər bağlandı, apreldən isə fövqəladə vəziyyət rejiminə bənzər sərt karantin tətbiq olundu.

Mayda karantinlə bağlı yumşalmalara gedilsə də, infeksiyaya yoluxma sayı kəskin şəkildə artdı, ona görə iyundan indiyə qədər qadağalar saxlanmaqdadır. Martın ortalarından bəri kütləvi tədbirlərin, toy, nişan və bu kimi şənlik məclislərinin təşkilinə; əyləncə məkanlarının, kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinə; dəfn istisna olmaqla, yas mərasimlərinin təşkilinə qadağa qoyulub. Ölkədaxili qatarlar işləmir, metro bağlanıb, həftəsonu ictimai nəqliyyatın fəaliyyəti dayandırılır, rayonlara gediş-gəliş qadağası qüvvədədir, 5 nəfərdən artıq şəxsin bir yerə toplaşmasına icazə verilmir və s. Tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti, idman, sağlamlıq-bərpa üzrə xidmətlər, masaj və hamam xidmətləri yasaqdır.

 

Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (18 iyun)

Avqustun 31-dən 10 şəhər və rayon sərt karantin rejimindən çıxsa da, sentyabrın 30-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda sərt karantin davam edəcək. Kafe-restoranlar axşam saat 10-a qədər yalnız açıq hava şəraitində xidmət göstərə bilir, iri ticarət mərkəzləri qapadılıb, istirahət mərkəzləri, hotellər məhdud çərçivədə fəaliyyət göstərir.

Kəsəsi, 2020-ci ilin 8 ayını başa vurmuşuq və onun 6 ayı karantində keçib. Sentyabrın da karantində keçəcəyini nəzərə alsaq, üstəlik, payızda epidemiyanın ikinci dalğasının olacağı proqnozlarını hesablasaq, deməli, bu təqvimi itirilmiş saymaq olar. İtkimiz isə həm insan faktoru, həm kapital amili ilə ölçülməlidir. Azərbaycan “COVİD-19" xəstəsi olan 530-dan çox vətəndaşını itirib.

Bu rəqəmin artacağı istisna deyil. Eyni zamanda ölkə iqtisadiyyatına, turizminə, bütün sahələrə ciddi şəkildə ziyan dəyib. Bəs bu zaman kəsiyində nə qədər vəsait itirmişik, xəstəliklə mübarizə bizə neçəyə başa gəlib?

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, pandemiya martdan başlayaraq Azərbaycan iqtisadiyyatında öz mənfi təsirlərini göstərməkdədir. Onun fikrincə, əsasən ictimai iaşə, qeyri-ərzaq ticarəti və turizmin dayanması iqtisadiyyata olduqca böyük zərbə vurub. N.Cəfərli qeyd etdi ki, rəsmi rəqəmlərdə iqtisadiyyatın 2.7 faiz dayanması göstərilir: “Amma məncə, bu rəqəmlər rəsmi məlumatdan daha yüksəkdir. Ona görə hesablamalarda dəyişiklik gözləniləndir və dəqiqləşdirmələr aparılmalıdır. İndiki rəsmi rəqəmlərdəki 2.7 faiz isə 2.7 milyard azalma deməkdir. Düşünürəm ki, bu rəqəm daha da yüksək olacaq”.

N.Cəfərlinin sözlərinə görə, elə xidmət sahələri var ki, karantinin tətbiqi səbəbindən bu gün də çalışmır: “Məsələn, biz turizm sektoru üçün 2020-ni itirilmiş il hesab edə bilərik. Turizm ən böyük zərbə alan sahə oldu. Eyni zamanda ictimai iaşə xidmətinin fəaliyyəti müəyyən qədər işini bərpa etsə də, gəlirlərində azalma müşahidə olunur. Bundan əlavə, pandemiyadan zərər çəkənlər üçün vergi güzəştlərini, dəstək paketlərini nəzərə alsaq, büdcədən 3 - 3,5 milyard artıq xərclənib. İlin sonuna qədər yeni xərc istiqamətləri də müəyyənləşdirilib”.

Ekspert bildirdi ki, pandemiya ilə mübarizədə yarım milyard vəsait xərclənib: “Dövlət Neft Fondu da qazandığından iki dəfədən artığını xərcləməyə məcbur olub. Bu, ilk dəfə olan haldır. Ümumiyyətlə, pandemiyanın vurduğu iqtisadi zərərlər ilin sonuna qədər aparılacaq”.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə  müraciət etdi

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkədə yazıb ki, ölkədə yaradılan 82 milyard 681 milyon manatlıq Ümumi Daxili Məhsulun 73 faizə qədəri karantın rejiminin davam edəcəyi Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun payına düşür. Onun fikrincə, bu o deməkdir ki, hər 100 manatlıq dəyərin 73 manatını yaradan 2 şəhər və 1 rayonda daha bir ay karantin qaydaları saxlanılacaq.  “Karantinin davam edəcəyi ərazilərdə 1.6 milyon nəfərlik muzdla çalışan vətəndaşlarımızın yarıdan çoxu fəaliyyət göstərir. Digər makroiqtisadi göstəricilərdə də oxşar mənzərədir. Deməli, karantin ölkə iqtisadiyyatını daha çox formalaşdıran, iş yerlərini təmin edən ərazilərdə saxlanılıb. Bu isə o deməkdir ki, hətta karantin rejimi uzadılsa da belə gələn aydan etibarən iqtisadi açılımın davam etməsi məqsədəuyğundur. Söhbət iqtisadi dəyərin və eləcə də iş yerlərinin yenidən bərpasından gedir”, - deyə deputat vurğulayıb.

Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyanın Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurması barədə danışmağın hələ tez olduğunu bildirmişdi.