| Xəbər 1651 dəfə oxunub
İstintaqdan yayınan vəzifəli şəxs həbs edildi

Ölkəmizdə iqtisadiyyatın hər bir sahəsində olduğu kimi, aqrar sektorun inkişafı da daim diqqət mərkəzində saxlanılmaqla, onun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, mövcud münbit resurslardan səmərəli istifadə edilməsini stimullaşdıran dəstək xarakterli dövlət proqramları reallaşdırılmaqdadır.

Öz növbəsində Azərbaycan Respublikasının prokurorluq orqanları aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə bu mühüm sahənin inkişafına mane ola biləcək korrupsiya və digər bu kimi neqativ hallara qarşı qətiyyətli tədbirlər görməkdədir.

Baş Prokurorluqdan Trend-ə verilən məlumatda bildirilir ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Kənd təsərrüfatı nazirliyi tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlunun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Zaur Məmmədovun 8 noyabr 2018-ci il tarixdən 11 dekabr 2019-cu il tarixədək olan müddət ərzində direktoru olduğu nümayəndəliyin Ağcabədi rayon ərazisində yerləşən anbarına qeyd edilən Cəmiyyət tərəfindən satış üçün yığılmış mineral gübrə və pestisidləri həmin anbardan hər hansı sənədləşmə aparmadan 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək satmasına, bununla da ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.