|
İmişli sakini 3 kq narkotiklə tutulub

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində İmişli şəhər sakini N.Fəttahlının idarə etdiyi “VAZ 21093” markalı avtomobil saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Həmin avtomobildə sərnişin qismində olan K.Məhərrəmovun əl çantasına baxış zamanı oradan 3 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı K.Məhərrəmovun həmin narkotik vasitəni İran vətəndaşı Nadir adlı şəxsin vasitəsilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.