| Xəbər 1348 dəfə oxunub
İki nəhəngin “iqtisadi barış”ı olacaqmı - təhlil

Elxan Şahinoğlu: “ABŞ-Çin münasibətləri yalnız ticarət maraqlarından ibarət deyil”

Bu ilin əvvəlindən, xüsusilə koronavirus pandemiyası başlanandan bəri dünyanın iki nəhəng iqtisadiyyatına sahib olan ABŞ və Çin arasında münasibətlər siyasi planda getdikcə gərginləşsə də, ticari sahədə əldə olunan razılaşmanın pozulmasına gedilməyib. Üstəlik, avqustun 25-də hər iki tərəfin ticarət münasibətlərinə məsul olan şəxsləri arasında telefon müzakirələri aparılıb. Müzakirələrdən sonra ABŞ-ın yaydığı rəsmi açıqlamada yanvar ayında bağlanmış ticarət sazişinin icrası ilə bağlı razılaşma çərçivəsində birinci mərhələ üzrə “irəliləyiş” əldə olunduğu qeyd edilir.

Xatırladaq ki, razılaşmaya əsasən, rəsmi Pekin avtomobillərdən maşınlara və neft məhsullarından kənd təsərrüfatı məhsullarına qədər iki il ərzində əlavə 200 milyard dollarlıq Amerika məhsullarını idxal etməyi öhdəsinə götürüb. Lakin koronavirus pandemiyası razılaşmanın yerinə yetirilməsinə mane olub və Çinin həmin məhsulları alması gecikir.

ABŞ Ticarət Nazirliyindən verilən məlumata görə, danışıqlar zamanı “Çinin razılaşma ilə müəyyənləşdirilən struktur dəyişikliklərini həyata keçirmək üçün atdığı addımlara” baxılıb.

Qeyd olunub ki, bu dəyişikliklər “əqli mülkiyyət hüquqlarının daha çox qorunmasını təmin edəcək, maliyyə xidmətləri və kənd təsərrüfatı sahəsindəki Amerika şirkətlərinə maneələri və texnologiyanın məcburi köçürülməsini aradan qaldıracaq”.

Əlavə olaraq bildirilib ki, hər iki tərəf “inkişafı görür və razılaşmanın uğurunu təmin etmək üçün lazımi addımlar atmağa sadiqdir”.

Rəsmi Pekinin açıqlamasında isə qeyd olunub ki, tərəflər arasında “konstruktiv dialoq” Çin-ABŞ iqtisadi və ticarət razılaşmasının birinci mərhələsinin icrasını irəlilətmək üçün “şərait və atmosfer yaradıb”.

İlkin olaraq telefon danışıqlarının avqustun 15-də keçirilməsi nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyasına görə Çinə qəzəbli olan ABŞ prezidenti Donald Tramp ötən həftə danışıqları təxirə saldığını bəyan etdi. Lakin təxirəsalınma müddəti elə də uzun çəkmədi.

How strong is Trump's hand in US-China trade war? | USA News | Al Jazeera

Çin bu yaxınlarda ABŞ-dan soya və digər kənd təsərrüfatı məhsullarının alışını artırsa da, bu, ticarət razılaşmasında nəzərdə tutulan 36,5 milyard dollarlıq həcmdən çox uzaqdır. Hansı ki, Çinin alacağı məhsullar Trampın əsas elektoratı sayılan aqrar ştatlarda yenidən səs alması üçün mühüm amil hesab olunurdu. ABŞ-ın rəsmi statistikasına əsasən bu ilin birinci yarısında Çin bu ölkədən cəmi 7 milyard 274 milyon dollarlıq kənd təsərrüfatı məhsulu alıb.

İlk altı ayda Çin ABŞ-dan razılaşmada nəzərdə tutulan 25,3 milyard dollarlıq enerjidaşıyıcılarının cəmi 5 faizini alıb. Avqust-sentybar aylarında Pekinin neft şirkətləri ABŞ-dan 20 milyon barel neft daşıyan tankerləri bron edib.

Qeyd etdyimiz kimi, ölkələr arasında siyasi əlaqələrdə gərginlik getdikcə artır. ABŞ Adminstrasiyası Çinin uyğurlar yaşayan Sintzyan-Uyğur muxtar rayonunda baş verənləri genosid kimi tanımaq niyyətindədir. “Politico” qəzetinin yazdığına görə, proses hələ dövlət qurumları arasında müzakirələrin ilkin mərhələsindədir. Müzakirələrdə Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Ağ Ev yanında Milli Təhlükəsizlik Şurası arasında aparılır. Çin hakimiyyətinin uyğurlara qarşı etdiyi qəddarlıqların insanlığa yönəlmiş cinayət və bütöv bir xalqın genosidi kimi qiymətləndirilir. Qəzet bildirir ki, Uyğur rayonundakı hadisələr genosid kimi tanınsa, Çinə qarşı genişmiqyaslı sanksiyaların tətbiqi qaçılmaz olacaq.

USA vs China: Who wins? India - The Sunday Guardian Live

Uyğurlara görə sanksiyalar hələlik fərdi qaydada - ayrı-ayrı fiziki şəxslər və şirkətlərə qarşı tətbiq olunub. İyulun 31-də Maqnitski qlobal aktı çərçivəsində Sintzyan istehal-tikinti  korpusuna və onun 2 rəhbər şəxsinə qarşı sanksiya tətbiq olunub. Rəsmi açıqlamada bu şirkətlə işgüzar münasibətləri olan bütün fiziki və hüquqi şəxslərə sentyabrın 30-dək əlaqələri tamamilə dayandırmaq tövsiyə olunub. Bundan əvvəl isə ABŞ Ticarət Nazirliyi Çinin 11 şirkətinin insan hüquqlarının pozulmasında iştiraklarına görə sanksiya siyahısına daxil edildiyini açıqlamışdı. Ümumilikdə, ötən ildən bəri sanksiya siyahısına uyğurlara qarşı qeyri-insani rəftarla bu və ya başqa formada əlaqəsi olan 50-dək şirkət daxil edilib.

Çin isə ABŞ-a qarşı Avropada müttəfiq tapmağa çalışır. İki gün əvvəl Romada İtaliyanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Çinin xarici siyasət idarəsinin rəhbəri Van İ bəyan edib ki, ölkəsi yeni “soyuq müharibə”nin başlanmasına və dünyanın inkişafdan saxlanmasına imkan verməyəcək. O bildirib ki, Çinin Avropa Birliyi ilə münasibətləri strateji xarakter daşıyır: “Bizim münasibətlərimiz xarici qüvvələrin müdaxiləsinə, təxribatlarına məruz qalır və mənim səfərim bu münasibətlərin möhkəmlənməsinə xidmət edir”.

Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı məsələyə  aydınlıq gətirməlidir"

Siyasi münasibətlərin gərginləşməsinə baxmayaraq, müşahidəçilər hesab edirlər ki, ən azı noyabrda keçiriləcək prezident seçkilərinə qədər Tramp Çinlə əldə olunan ticarət razılaşmasının pozulmasına imkan verməyəcək. Politoloq, “Atlas” Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-la Çin arasında münasibətlərin qısa müddətdə yumşalması gözlənilən deyil: “Doğrudur, deyirlər ki, ABŞ-da payızda keçiriləcək seçkilərdə demokratların namizəsid Cozef Bayden seçilərsə, xarici siyasətdə köklü dəyişikliklər ediləcək. Məsələ burasındadır ki, Trampın prezident olduğu dövrdə Çinlə münasibətlər həddindən artıq gərginləşib. Trapm doğru olaraq Çinin ideyaları oğurlayaraq ayrı-ayrı məhsulların istehsalını təşkil etməkdə suçlayır. Bu gün bütün dünyayda Çinin saxta, oğurluq texnologiyalar əsasında məhsul istehsal etdiyi məlumdur. Lakin hətta Bayden seçilsə belə, Çinlə münasibətlərin tezliklə yumşalması mümkün deyil. Çünki ikitərəfli münasibətlərə yalnız ticarət əlaqələri təsir etmir. Ortada uyğur, HonqKonq kimi siyasi və insan hüquqlarına bağlı olan məsələlər də var. Və bu məsələlərə görə ABŞ-da Çinə qarşı kəskin münasibət hələ Trampdan əvvəl yaranmışdı. Digər mühüm məsələ, Çinin innovativ oğurluqla məşğul olmasıdır. Nəhayət, Çin hərbi-kəşfiyyat sahəsində də rahat dayanmır, ABŞ-da bir-birinin ardınca xəfiyyələri aşkarlanır. Üstəlik, böyük şirkətlərini ABŞ-ın dövlət sirlərinin ələ keçirilməsi prosesinə cəlb edir”.

Politoloq bildirir ki, bu kimi fəaliyyətlərinə görə Çinin yalnız ABŞ-la deyil, digər bir sıra dövlətlərlə də münasibətləri gərgindir: “Çinin Hindistanla da münasibətləri getdikcə gərginləşir. Vyetnama torpaq və ərazi iddiaları var, Mərkəzi və Orta Asiya ilə münasibətlərində də Çin bərabərhüquqlu tərəf kimi davranmır. Bu yaxınlarda Çinin Qazaxıstandakı səfiri bəyan etmişdi ki, bu ölkdə rəngli inqilab baş verərsə, Çin ordusu prosesə müdaxilə edər. Yəni Çin əvvəlcə ölkələri iqtisadi cəhətdən özündən asılı vəziyyətə salır, sonra da onların daxili işlərinə qarışır. Bu ölkənin əsas üstünlüyü çoxlu pulunun olmasındadır. Bu üstünlük hesabına kasıb və inkişaf etməkdə olan ölkələri əvvəlcə iqtisadi, sonra da siyasi asılılığa salır. Qazaxıstanla münasibətlər buna misal ola bilər. Ona görə də ABŞ-ın Çinlə münasibətlərinin yalnız Trampa görə pisləşdiyini, o, prezident olmasa dərhal düzələcəyini söyləmək mümkün deyil. Düşünürəm ki, yaxınmüddətli dövrdə bu iki ölkə arasında münasibətlərin yumşalmasını gözləməyə dəyməz”.