|
Sahibkarlara yeni dəstək:

Vüqar Bayramov: “Ola bilər, dövlət əlavə dəstək mexanizmləri də tətbiq etsin”

Azərbaycan hökuməti koronavirus pandemiyasının yaratdığı böhranın təsirlərinə məruz qalmış sahibkarların dəstəklənməsi üçün əlavə addımlar atmağa başlayır. Belə ki, iyulun 7-də Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, ölkə Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilir.

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək  pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.

Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcək.

İqtisadiyyat Nazirliyindən və sahibkarlardan sosial dəstək: 2000 ...

İqtisadiyyat Nazirliyindən “Yeni Müsavat”a verilən məlumata görə, birinci mərhələ çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur: “Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək”.

Xatırladaq ki, proqramların birinci mərhələsi çərçivəsində 28 iyul tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 29.062 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118.551 fərdi (mikro) sahibkar, cəmi 147.613 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 219.768 işçini əhatə edən 25.233 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. 28 iyul tarixinədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,13 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,56 milyon manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24.825 vergi ödəyicisinə 215.689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 97,95 milyon manat, o cümlədən 2-ci ay üzrə 48,5 milyon manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118.551 vergi ödəyicisindən müraciət daxil olub, 111.067 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,6 milyon manat təşkil edir. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,5 milyon manat vəsaitin 106.765 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Bundan əlavə, dövlət tərəfindən pandemiyadan zərərçəkən sahibkarlara dəstək üçün əlavə addımlar da atılır. Belə ki, sahibkarlardan gələn ilə qədər dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla əlaqədar  icarə haqqı alınmayacaq. Nazirlər Kabineti bununla bağlı “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib. Qərara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən, həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) üçün icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

Qeyd edək ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında olub.

Nazirlər Kabineti həmçinin “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə də dəyişiklik edib. Dəyişikliyə əsasən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

Qeyd edək ki, torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etmək və güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

Dünən pandemiyanın biznesə təsirləri ilə bağlı avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun sahibkarlarla onlayn görüşü keçirilib. Görüşdə yeni şəraitdə biznesin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, pandemiyanın sahibkarlığa mənfi təsirlərinin aradan qaldırılması yolları müzakirə edilib, özəl sektorun təklifləri dinlənilib, sualları cavablandırılıb.

Mikayıl Cabbarov İqtisadiyyat naziri təyin edildi

Mikayıl Cabbarov

İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi məlumata görə, fərdi (mikro) sahibkarlara dəstəyin davam etdirilməsi, yeni güzəştli kreditlərin tətbiq edilməsi üzrə həm onlayn platforma fəaliyyət göstərir, həm də indiyədək bu yeni proqram çərçivəsində banklar tərəfindən 12,5 milyon manatdan çox kreditlər ayrılıb: “Mövcud kreditlərin faizlərinin ödənişlərinə dəstək proqramı icra olunmaqdadır. Vergi güzəştlərinə aid olan bütün tədbirlər qanunvericilikdə öz əksini tapıb, o cümlədən ipoteka proqramının genişlənməsinə dair tədbirlər də həyata keçirilib. Dövlət sektorunda fəaliyyət göstərən müəssisələrə də, bir sıra digər müəssisələrə də iqtisadiyyata dəstək proqramı çərçivəsində dəstək göstərilib. Lakin sözsüz ki, ciddi karantin rejiminin müəyyən müddət uzadılması iqtisadi fəallığa da təbii olaraq mənfi təsir göstərir. Bu, özünü həm də makroproqnozların, yəni 2020-ci ilin ümumdaxili məhsulun proqnozunda göstərir. Hazırda mövsümdən asılı olan ticarət və iaşə obyektlərinin fəaliyyətində, məlum quraqlıq nəticəsində kənd təsərrüfatı sahəsində gözləntilərimizdən daha mənfi nəticələr proqnozlaşdırırıq. Obyektiv səbəblərə görə ölkədaxili və xaricdən gələn turizm axınının dayanması müvafiq sektora təsir edir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, dövlət büdcəsinin yeni layihəsində sahibkarlığa dəstək üçün nəzərdə tutulan vəsait azaldılmayıb: “Sahibkarlara dövlət dəstəyi daha bir ay uzadılıb. Bu ilin iyul ayı tarixinə qədər bütövlükdə 24 300 sahibkarın 210 min muzdlu işçisinə dövlət tərəfindən vəsait ayrılıb. Sahibkarlığa dəstəyin dövlət büdcəsində investisiya xərcləri olduğu kimi saxlanılıb”.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi ...

Vüqar Bayramov

İqtisadçı-ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, dövlət büdcəsinə dəyişiklik olunmasının əsas məqsədlərindən biri də pandemiyanın iqtisadiyyata təsirlərini minimumlaşdırmaqdır: “Büdcədə pandemiyadan zərər çəkən dövlət şirkətlərinin, həmçinin iqtisadi sferada fəaliyyət göstərən özəl sahibkarların dəstəklənməsi üçün iki maddədə vəsait ayrılır. Bunlardan birində 136,6 milyon manat, ikincisində isə 100 milyon manat vəsait nəzərdə tutulur. Bu isə pandemiyadan zərərçəkən sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün əlavə imkanlar yaradır. Pandemiyadan zərərçəkən sahibkarların dəstəklənməsi çox vacibdir, çünki bir sıra sahələrdə pandemiya tamamilə tənəzzülə gətirib çıxarıb. Bu şəraitdə dəstək olmasa sahibkarlıq subyektləri fəaliyyətlərini dayandırmağa məcbur ola bilərlər. Dövlət artıq ikinci mərhələ üzrə dəstəyə başlayır, həm əmək haqqı fonduna, həm də fərdi sahibkarlara yönəlik tədbirlər həyata keçiriləcək. Bundan əlavə, Nazirlər Kabineti dövlət və bələdiyyə mülkiyyətində olan obyektlərdə sahibkarları ilin sonunadək icarə haqqından azad etdi. Eyni zamanda, vergi və sosial ödənişlərlə bağlı güzəştlər də tətbiq olunur”.

Millət vəkili deyir ki, pandemiya hələ davam edir və onun nə zaman bitəcəyi qeyri-müəyyəndir: “Buna görə də dövlət sahibkarlara zəruri hallarda yenidən dəstək vermək ehtimalını nəzərə alır. Ola bilər ki, yeni dəstək mexanizmləri də tətbiq olunsun. Burada məqsəd yalnız pandemiya dövründə deyil, postpandemiya dövründə də sahibkarların dəstəklənməsidir”.

Özəl mülkiyyət sahibi olan iş adamlarının öz icarədarlarına icarə haqqına görə güzəşt verməsi üçün dövlət hansı addımları ata bilər?

V.Bayramov bildirdi ki, dövlət vergi və sosial ödənişlərə güzəşt verməklə özəl əmlak sahiblərini buna stimullaşdırmağa çalışır: “Bu sahibkarlar üçün torpaq və əmlak vergisi sıfırlanıb, icarə vergisi iki dəfə, sosial ödəniş 4 dəfə azaldılıb. Bu baxımdan, özəl mülkiyyət sahibləri dövlətin bu addımı qarşılığında öz icarədarları üçün icarə haqlarında güzəştlər etməlidilər. Bilirsiniz, bu, həm də özəl biznesin korporativ sosial məsuliyyət siyasətinə bağlı məsələdir. Dövlət öz tərəfindən addım atıb, bundan sonrakı addımları sahibkarlar özləri atmalıdılar”.