|
Anar Əliyev: “Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında uşaqpulu ilə bağlı təkliflərə münasibət bildridi.

“Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi” -A.Əliyev dedi. Onun sözlərinə görə, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir: “Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.

A.Əliyev dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində I qrup əlilliyi olan şəxslərlə bağlı xüsusi komissiya yaradılıb. Nazir müavininin sözlərinə görə, hazırda əlilliyin təyin olunması ilə bağlı səhiyyə orqanlarına müraciət olunmalıdır: “Ancaq bizə müraciət olunan zaman xüsusi komissiyada I qrup əlilliyi olan şəsləri əyani komissiyadan keçirə bilirik. Ümumiyyətlə, əlilliyin təyin olunması ilə bağlı yeni meyarlar hazırlanır”.

A.Əliyevin Milli Məclis Sədrinin I müavini Əli Hüseynlinin sualını da cavablandırdı. Ə.Hüseynli “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı dedi ki, layihədə hüquq-mühafizə orqanlarında və güc strukturlarında hərbi rütbə daşıyan şəxslərlə bağlı məlumatların yerləşdirilməsi “Dövlət sirri haqqında” və “Əməliyyat-axtarış tədbirləri haqqında” qanuna müvafiq olmalıdır. “Əslində belə bir müddəa 4-cü maddədə işçi qaydasında təklif olunmuşdu. Bəlkə bunun başqa formasını tapmısınız?”, - o əlavə etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini isə bildirdi ki, hansı hissədə məlumatlar tam məxfidirsə, bu məlumatlar tam məxfi şəkildə verilir: “Qanunun hazırki mətninin 4.4.7-ci bəndinə əsasən, xüsusi rütbəli qurumların əməkdaşları ilə bağlı kağız daşıyıcılarla bağlı nazirliyə məlumatlar verilməlidir. Bu xüsusi adamların müəyyən olunmasını tələb edir. Bu məlumatlar dövri olaraq dəyişir. Bunun kağız üzərindən həyata keçirilməsi mümkün görünmür. Qanuna ona görə də “Dövlət sirri haqqında” qanuna və digr qanunlara istinad verilib. Bizim təklifin mahiyyəti ondan ibarətdir ki, həmin xüsusi rütbəli qurumlar öz işçiləri ilə bağlı məlumatları tam elektron şəkildə göndərirlər. Bütün tələblər qorunur. Bütün məlumatlar təhlükəsiz qaydalarına uyğun olaraq elektron kanallar üzərindən həyata keçirilir. Eyni qaydanı yeni təklif etdiyimiz müddəalarda da nəzərə alırıq. “Dövlət sirri haqqında” qanunun tələblərinin qorunası nazirlik tərəfindən təmin olunur”.