| Xəbər 1087 dəfə oxunub
Parlament dövlət büdcəsini müzakirəyə çıxarıb

Milli Məclisin hazırda keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

İclasda maliyyə naziri Samir Şərifov və digər hökumət üzvləri iştirak edir. Büdcə layihəsini təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, beynəlxalq ekspertlər tərəfindən cari ildə neftin orta qiymətinin 40-45 dollar civarında olacağı müəyyənləşdirilib. Bu səbəbdən Azərbaycan da neftin büdcədəki qiymətinə və reallıqdan irəli gələrək bir sıra addımlar atılmasını zəruri edib. T.Mirkişili qeyd etdi ki, mart ayından başlayaraq, koronavirusun ortaya çıxartdığı problemlər də var. Komitə sədri qeyd etdi ki, qlobal miqyasda cərəyan edən proseslər Azərbaycandan da yan keçməyib.

Komitə sədri qeyd etdi ki, təklif olunan layihəyə görə, büdcədə gəlirləri üzrə proqnoz 10,5 milyon manat azaldılaraq 24 134,5 milyon manatdan 24 124 milyon manata endirilir, xərclər üzrə proqnoz isə 597,5 milyon manat artırılaraq 26 894,7 milyon manatdan 27 492,2 milyon manata qaldırılır. Son nəticədə büdcə kəsiri üzrə proqnoz 608 milyon manat və yaxud 22% artaraq 2 760,2 milyon manatdan 3 368,2 milyon manata çatacaq.