|
Çimərliklərlə bağlı qadağa niyə aradan götürülmür - təklif

“İnsanlar çimərliklərdə qaydalara əməl etsələr, problem yaşanmaz, amma bir şərtlə ki, qapalı məkanları bağlı olsun”

İsti yay günlərini yaşasaq da, koronavirus pandemiyası ucbatından insanlar hələ də çimərliklərə üz tuta bilmirlər. Məlum olduğu kimi, ölkədə sərt karantin rejimi avqustun 5-dək uzadılıb. Bu baxımdan çimərlik qadağasının yalnız sərt karantin rejimindən sonra aradan qalxacağı ehtimal olunur.

Qeyd edək ki, hələ ötən aydan dünyanın bir çox ölkələrində, o cümlədən pandemiyadan ən çox əziyyət çəkmiş ölkələr hesab olunan İspaniyada, İtaliyada xüsusi qaydalar əsasında çimərliklər açılıb.

Bəs Azərbaycanda bu məsələ niyə hələ də öz həllini tapa bilməyib?

Xatırladaq ki, ölkədə iyunun 15-dən sonra çimərlik mövsümü açıq elan olunmuşdu. Hətta mayın 26-dan etibarən çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər də təsdiqlənib. Həmin qaydalara əsasən, çətirlərarası məsafə 4, insanlararası məsafə isə 2 metr olmalıdır. Lakin sonradan virusa bağlı vəziyyət gərginləşdiyi üçün çimərliklərə getmək qadağan olundu.

Yaqut Qarayeva: Karantin zamanı çimərliklərdən istifadə məsələsinə ...

Çimərliklərin yenidən açılması məsələsinə gəldikdə isə bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, çimərliklər açılarsa, koronavirusla mübarizədə əldə edilmiş nailiyyətlər itirilə bilər:

“Koronavirus bir müharibədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılmasına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik”.

Onun sözlərinə görə, çimərlikdə məsafə saxlamaq çətindir, eləcə də çimərliyə gedəndə insanların eyni yerdən su, yemək alması yoluxma riskini artırır: “Üçüncü risk isə odur ki, çimərliyə insanlar bir ərazidən deyil, Bakının hər bir hissəsindən gedirlər ki, bu da yoluxmanı yaya bilər”.

Şahmar Mövsümov: “Belə davam etsə, yumşalmalara gedəcəyik”

Şahmar Mövsümov çimərliklərdən istifadə ilə bağlı qaydaların hazırlandığını da diqqətə çatdırıb: “Avqustun 5-dək biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirə bilərik, növbəti mərhələdə bu barədə düşünüləcək”.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışıb. Professor tezliklə bu məsələnin də mərhələli şəkildə öz həllini tapa biləcəyini deyib:

“Məlum olduğu kimi, hazırda çimərlik məsələsi haqqında da müzakirələr gedir. Yəqin ki, mərhələli şəkildə bu məsələ də həll olunacaq. Ola bilsin ki, avqust ayından çimərliklər açılsın. Amma havalar da bir qədər soyumağa başlayacaq. Ona görə də lazımdır ki, çimərliklər vaxtında açılsın.

Sadəcə, çimərliklər üçün müəyyən təlimatlar hazırlayıb tətbiq etmək olar. Yəni insanlar çimərliklərdə normal fiziki məsafə gözləsələr, lazımi qaydada maskadan istifadə, əllərini dezinfeksiya  etsələr heç bir problem yaşanmaz. Amma bir şərtlə ki, qapalı məkanları bağlı olsun".

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa ...

Adil Qeybulla qeyd edib ki, sudan koronavirusa yoluxma ehtimalı yoxdur: “Çünki dəniz çox böyükdür, suyu duzludur. Virus da getdikcə zəifləyir. Yəni virusun suda qala bilməsi real deyil”.

Professor dəniz suyunun və günəş şüalarının insan orqanizmi üçün çox əhəmiyyətli olduğunu da diqqətə çatdırdı:

“Ümumiyyətlə, dəniz suyu və günəş  şüalarının insan orqanizminə çox müsbət təsiri var. Vitamin D-nin normallaşması, immunitetin güclənməsi üçün günəş şüaları çox vacibdir. Bir daha qeyd edirəm ki, virus isti havada getdikcə zəifləməyə başlayır. Ona görə də ultrabənövşəyi şüaların birbaşa düşdüyü məkanlarda virus təhlükəsi azalmağa başlayır. Tədricən bunu, yəqin ki, biz müşahidə edəcəyik”.